Bakı, 20 may, AZƏRTAC
Bakıda Qlobal Cənub QHT Platformasına göstərilən dəstəyin şahidi olmaq böyük məmnunluq doğurur. Bu təşəbbüs son dərəcə vacibdir və Azərbaycanın Qlobal Cənub, eləcə də Cənub-Cənub əməkdaşlığı sahəsində liderliyini daha da gücləndirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Khatib səsləndirib.
Dima Al-Khatib bildirib ki, bu, Azərbaycanın Cənub-Cənub əməkdaşlığı istiqamətində ilk təşəbbüsü deyil. Lakin bu platforma xüsusi əhəmiyyət daşıyır. Çünki o, müxtəlif ölkələrdən olan qeyri-hökumət təşkilatlarını bir araya gətirir. Bu təşkilatlar ən az inkişaf etmiş ölkələr, kiçik ada dövlətləri, dənizə çıxışı olmayan ölkələr və ortagəlirli dövlətlər də daxil olmaqla, müxtəlif qlobal gündəliklərin irəli aparılmasında icmaların səsini təmsil edəcəklər.