EN

Pezeşkianın DEYƏ bilmədiyi... – İranda NƏ baş verir?

“İran digər ölkələrlə dialoqu ləyaqət əsasında qurmalı, ABŞ ilə danışıqlardan tamamilə imtina etmək üçün radikal çağırışları rədd etməlidir”.

Musavat.com xəbər verir ki, bunu ölkə prezidenti Məsud Pezeşkian bildirib.

O, dialoqdan imtina etməyin əslində sonsuz münaqişəyə doğru irəliləmək anlamına gəldiyini söyləyib. “Əgər danışıqlar istəmirsinizsə, onda əbədi müharibəni seçirsiniz?”, - deyə o, xəbərdarlıq edib.

Pezeşkian, həmçinin, daha dürüst ictimai məlumata ehtiyac olduğunu vurğulayaraq, hər iki tərəf çətinliklərlə üzləşirkən İran üçün tam uğur təəssüratı yaratmağın səhv olduğunu bildirib. “Onların öz problemləri var, bizim də öz çətinliklərimiz”, - deyə prezident əlavə edib.

Pezeşkian bununla SEPAH-a, cəmiyyətə hansı mesajı ötürmək istəyir? Prezidentin sözlərinin açması nədir? İranda hələ də ikihakimiyyətlilikmi hökm sürür?

Elxan

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Pezeşkianın bu çıxışı təkcə xarici siyasətlə bağlı mesaj deyil, eyni zamanda, İran daxilində gedən hakimiyyət mübarizəsinə və dövlət idarəçiliyindəki fikir ayrılığına verilən siyasi cavabdır: “Prezident faktiki olaraq həm İslam İnqilabı Keşikçiləri Korpusuna, həm sərt xətt tərəfdarlarına, həm də cəmiyyətə demək istəyir ki, İranın davamlı qarşıdurma strategiyası ölkəni çıxılmaz vəziyyətə sürükləyə bilər”.

Politoloqa görə, Pezeşkianın “danışıqlardan imtina əbədi müharibə deməkdir” fikri bir neçə istiqamətdə oxunmalıdır: “Birincisi, bu, ABŞ və Qərblə münasibətlərdə tam qapanmanın yanlış olduğunu düşünən düşərgənin mövqeyidir. Pezeşkian anlayır ki, İran iqtisadiyyatı uzunmüddətli sanksiyalar, regional gərginlik və daxili sosial narazılıqlar fonunda ciddi təzyiq altındadır. Ona görə də o, “ləyaqətli dialoq” anlayışını önə çəkərək həm güzəştə getmədiyini göstərmək, həm də diplomatik kanalın açıq qalmasını müdafiə etmək istəyir.

İkincisi, prezidentin “tam qələbə görüntüsü yaratmaq yanlışdır” deməsi əslində İran daxilində aparılan təbliğata incə tənqiddir. Çünki son illərdə xüsusilə SEPAH-a yaxın media İranın bölgədəki fəaliyyətlərini strateji üstünlük kimi təqdim edir. Pezeşkian isə daha realist yanaşma nümayiş etdirərək, cəmiyyətə “bizim də problemlərimiz var” mesajı verir. Bu, iqtisadi böhran, inflyasiya, valyuta itkisi və sosial narazılıqların artıq gizlədilə bilməyəcəyinin etirafıdır.

Burada ən mühüm məqam prezidentin dolayısı ilə SEPAH-a ünvanladığı mesajdır. İran siyasi sistemində təhlükəsizlik və regional siyasət üzərində əsas təsir rıçaqları çox vaxt seçilmiş hökumətdən daha çox SEPAH və ali dini rəhbərlikdə olur. Pezeşkian demək istəyir ki, yalnız hərbi sərt xətt strategiyası ilə dövlət idarə etmək mümkün deyil, diplomatiya da milli təhlükəsizliyin tərkib hissəsidir”.

“İranda ikihakimiyyətlilik varmı” sualına gəlincə, ekspert hesab edir ki, faktiki olaraq ikihakimiyyətlilik olduğu müşahidə edilir: “İran sistemində paralel güc mərkəzləri mövcuddur. Bir tərəfdə seçilmiş prezident və hökumət, digər tərəfdə isə ali dini lider institutu və ona bağlı təhlükəsizlik strukturları dayanır. Formal olaraq son söz Ali dini liderindir. Lakin gündəlik idarəçilikdə prezidentin fərqli siyasi xətt təklif etməsi tez-tez daxili ziddiyyət görüntüsü yaradır.

Pezeşkianın çıxışı göstərir ki, İran daxilində hazırda iki əsas yanaşma toqquşur: biri müqavimət və sərt qarşıdurma xətti, digəri isə nəzarətli dialoq və gərginliyin idarə olunması xətti. Prezident ikinci xəttin tərəfdarı kimi görünür. Ancaq onun bu siyasəti nə dərəcədə həyata keçirə biləcəyi əsasən SEPAH-ın mövqeyindən və ali rəhbərliyin hansı kursa üstünlük verəcəyindən asılı olacaq. Bu açıqlamalar həm də onu göstərir ki, İran daxilində ABŞ ilə münasibətlər məsələsində yekdil mövqe yoxdur”.

Bu arada ABŞ prezidenti Donald Tramp Tehran yaxın günlərdə münaqişələrin həlli üzrə danışıqlarda güzəştə getməzsə, İrana qarşı hərbi əməliyyatları bərpa etməyi düşündüyünü deyib. Mənbə qeyd edib ki, Trampın səbri İranla təmaslarda “irəliləyişin olmaması səbəbindən tükənməyə başlayır”. ABŞ prezidenti Tehranın bir şey təklif etməsi üçün həftələr yox, günləri qaldığını söyləyib və bu həftənin sonuna kimi Tehrana möhlət verib. İranın ali rəhbəri Müctəba Xamenei isə ABŞ-nin hücum təhdidlərinə cavab olaraq Tehranın münaqişə zonasını genişləndirməyə hazır olduğunu bəyan edib.

Etibar Seyidağa,
Musavat.com

Chosen
13
1
musavat.com

2Sources