ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Uzun fasilədən sonra Bakı-Tbilisi qatarı yenidən istifadəyə veriləcək. Bu, birbaşa olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü və siyasi iradəsi nəticəsində mümkün olub. Artıq uzun illərdir ki, Azərbaycan Dəmir Yolları tərəfindən dəmir yolu infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi istiqamətində planlı işlər həyata keçirilir. Bu gün artıq Azərbaycan daxilində sürətli və müasir qatarların müxtəlif istiqamətlər üzrə hərəkət etdiyinin şahidi oluruq və bundan şəxsən istifadə edirik".
Bu fikirləri Redaktor.az-a Bakı-Tblisi sərnişin qatarının 6 illik fasilədən sonra yenidən bərpa olunması haqqında danışan deputat Naqif Həmzəyev bildirdi. O vurğuladı ki, yaxın illərdə Bakıdan və Azərbaycanın digər rayonlarından Ağdama, eyni zamanda Xankəndiyə də qatarla səfər etmək mümkün olması çox sevindirici haldır:
"Ağdam istiqamətində artıq bu səfərlər həyata keçirilir. Gələn ildən etibarən Xankəndiyə də qatarla gedə bilmək isə olduqca sevindirici hadisədir. Hətta növbəti illərdə Naxçıvana da qatarla səfər etmək mümkün olacaq. Eyni zamanda bilirsiniz ki, ötən ildən etibarən Bakı-Tbilisi istiqamətində istifadə olunması nəzərdə tutulan qatarlar artıq Azərbaycan Dəmir Yolları tərəfindən hazır vəziyyətə gətirilib. Lakin bu xəttin açılmasının gecikməsinin müəyyən səbəbləri var idi. İlk növbədə, Gürcüstan ərazisində müasir qatarların təhlükəsiz və sürətli hərəkətini təmin etmək üçün dəmir yolu xətlərinin yenilənməsinə ehtiyac yaranmışdı. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam şəkildə istifadəyə verilməsi üçün rels sistemlərinin uyğunlaşdırılması vacib idi. Yeni qurulan infrastruktur, müasir texnologiyalar və tikilən yeni qurğular bu problemlərin aradan qaldırılmasına imkan yaratdı. Nəticə etibarilə, Bakı-Tbilisi qatar xəttinin gələcəkdə Qarsa qədər uzanması da mümkün olacaq ki, bu da Azərbaycan Dəmir Yollarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edilməlidir ki, bu qatarlar məhz Azərbaycan Dəmir Yolları tərəfindən alınıb və Azərbaycan tərəfi bu xəttin fəaliyyətə başlamasında maraqlı olub. Bu baxımdan proses Azərbaycanın birbaşa təşəbbüsü, eyni zamanda Gürcüstan tərəfi ilə qarşılıqlı razılaşma əsasında mümkün olub".
Deputat əlavə etdi ki, müəyyən təhlükəsizlik məsələləri, xüsusilə də Azərbaycan-Ermənistan arasında sülh gündəliyi ilə bağlı proseslər də bu istiqamətdə müəyyən ləngimələr yaratmışdı:
"Hazırda isə sülh gündəliyi ilə bağlı müsbət irəliləyişlər müşahidə olunur və təhlükəsizlik məsələlərinin böyük hissəsi artıq aradan qalxıb. Xüsusilə Gürcüstan ərazisindəki 184 kilometrlik hissədə yenidənqurma işlərinin başa çatması artıq Azərbaycanın paytaxtından və digər şəhərlərindən Gürcüstan istiqamətinə qatarların hərəkətini mümkün edir. Şəxsən mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Çünki mənim də yaşadığım Gəncə şəhərinin sakinlərinin ən böyük arzularından biri gerçəkləşir. Artıq biz qatar vasitəsilə Gürcüstana səfər edə biləcəyik. Bu, həm istirahət, həm də digər məqsədlərlə səfər edən vətəndaşların həyatını daha da rahatlaşdıracaq. Bu baxımdan Bakıdan, Gəncədən və digər rayon və şəhərlərdən insanlar rahat şəkildə müasir qatarlarla Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gedə biləcəklər. Mən bu layihədə əməyi və zəhməti olan hər kəsə təşəkkür edirəm və inanıram ki, Azərbaycan Dəmir Yollarının əməkdaşları bu xidməti də yüksək səviyyədə təşkil edəcəklər. Həm Azərbaycan vətəndaşları, həm ölkəmizə gələn turistlər, həm də Gürcüstan vətəndaşları bu xidmətdən istifadə edəcəklər. Yaxın gələcəkdə bu reyslərin sayının artırılması da nəzərdə tutulur. Eyni zamanda Türkiyə istiqamətində sərnişindaşımaların aktivləşəcəyinə də ümid edirik. Perspektivdə isə Zəngəzur dəhlizi layihəsinin reallaşması ilə fərqli marşrutlar üzrə də yeni dəmir yolu əlaqələrinin qurulacağını görəcəyik. Bir sözlə, Azərbaycan Dəmir Yollarının inkişaf etdirilməsi Azərbaycan hökumətinin əsas prioritet istiqamətlərindən biridir. Azərbaycan artıq mühüm nəqliyyat dəhlizinə çevrilib və biz bu potensialı daha da genişləndirmək, şaxələndirmək və inkişaf etdirmək niyyətindəyik".
NURİYYƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.