EN

İsmail Serageldin: Şəhərlər canlı orqanizm kimi qorunmalıdır

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tarixi şəhərlərin qorunması yalnız memarlıq abidələrinin saxlanılması deyil, həm də şəhərin sosial, iqtisadi və mədəni ruhunun yaşadılması deməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri İsgəndəriyyə Kitabxanasının təsisçi direktoru, yazıçı, natiq və mədəniyyət eksperti İsmail Serageldin WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada səsləndirib.

O bildirib ki, şəhərlərə statik məkan kimi yanaşmaq düzgün deyil:

“Şəhərləri canlı orqanizm kimi düşünməliyik. Şəhər inkişaf etməli, yenilənməli, iqtisadiyyatı, infrastrukturu və yaşayış sistemi ilə dəyişməlidir. Eyni zamanda öz kimliyini və xarakterini qoruyub saxlamalıdır. Tarixi şəhərlərin qorunması zamanı dörd əsas suala cavab verilməlidir: nəyi qoruyuruq, kim üçün qoruyuruq, necə qoruyuruq və bunun dəyəri nə qədərdir? Söhbət təkcə ayrıca tarixi binalardan deyil, bütöv şəhər toxumasından gedir. Tarixi şəhər yalnız binalardan ibarət deyil; burada sosial münasibətlər, iqtisadi fəaliyyət, küçə həyatı və insanların bir-biri ilə əlaqəsi mühüm rol oynayır”.

Çıxış zamanı qədim şəhərlərin müasir urbanizasiya ilə toqquşmasının yaratdığı problemlərə də toxunulub:

“Bəzi hallarda yeni yollar və iri layihələr qədim şəhər məhəllələrini tamamilə parçalayır. Bu isə şəhərin tarixi strukturuna ciddi zərbə vurur. Şəhər regenerasiyasında insan münasibətləri əsas yer tutmalıdır. İnsanların bir araya gəldiyi ictimai məkanlar, küçə həyatı və sosial əlaqələr qorunmalıdır. Məhz bu, inklüziv şəhər mühitinin əsasını təşkil edir. Tarixi məkanların qorunması zamanı müxtəlif tərəflərin maraqları uzlaşdırılmalıdır. Burada yerli sakinlər, biznes qurumları, investorlar, turistlər və dövlət qurumlarının maraqları toqquşa bilər. Bu maraqları uyğunlaşdırmaq Rubik kubunu həll etməyə bənzəyir”.

Ekspert tarixi binaların yeni funksiyalarla istifadəsinin vacibliyini də qeyd edib:

“Tarixi binaların müasir məqsədlərlə uyğunlaşdırılması ən uğurlu yanaşmalardan biridir. Bu üsul həm irsi qoruyur, həm də həmin məkanlara yeni həyat verir. Şəhər yenilənməsi zamanı yerli əhalinin köçürülməsi minimuma endirilməlidir. Çünki icmalar dağıldıqda həmin məkanın sosial ruhu da itir”.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
bakivaxti.az

1Sources