EN

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

ain.az bildirir, Axar.az portalına istinadən.

Bakıda hərbi və insanlığa qarşı cinayətlərə görə həbsdə olan Ruben Vardanyanın Vatslav Havel adına İnsan Hüquqları Mükafatına namizəd göstərilməsi barədə məlumat yayılıb. Bu xəbər ciddi təəccüb doğurur. Çünki Azərbaycan heç Vardanyanı tanımayanda dünya onu yaxşı tanıyır və müzakirə edirdi.

Axar.az xəbər verir ki, Ruben Vardanyan Azərbaycana 2022-ci ilin sentyabrında gəlib. Ona qədər isə Rusiyada tanınmış milyarderlərdən sayılırdı və vəsaiti 1,3 milyarddan çox qiymətləndirilirdi.

Vardanyan Azərbaycana gələnə qədər, Rusiyada çalışdığı vaxtlarda – 2019-cu ildə OCCRP (Mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsi) onun haqqında “Troyka camaşırxanası” adlı geniş araşdırma yazısı hazırlamış və onun “Troyka Dialoq”unun hansı çirkli əməliyyatlar həyata keçirdiyi haqda böyük bir hesabat hazırlamışdı.

“Troyka camaşırxanası” nədir?

“Troyka camaşırxanası” Rusiyanın keçmiş ən böyük investisiya bankı “Troyka Dialoq” tərəfindən təşkil edilən çirkli pulların yuyulması sxemidir. Bu sxem 2003-cü ildən 2013-cü ilin əvvəllərinə qədər Rusiya şirkətlərindən və şəxslərindən təxminən 4,8 milyard dollarlıq vəsaitin Avropa və ABŞ-a axmasına imkan vermişdir. Sxem 2019-cu ildə Avropa, Şimali Amerika və Cənubi Koreyadan 21 media tərəfdaşı ilə birlikdə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən aşkar edilib.

Nəticələr bank qeydlərinin, elektron poçtların və müqavilələrin kütləvi şəkildə sızmasından irəli gəlir. Araşdırmaçı jurnalistlər 2006-2012-ci illər arasında 233.000 şirkət və şəxs arasında ümumi dəyəri 470 milyard dollardan çox olan 1,3 milyon bank əməliyyatını araşdırıblar.

Vardanyan o dövrdə “Troyka Dialoqu” şirkətinin rəhbəri olub. O, Rusiya Prezidenti Vladimir Putinin keçmiş müşaviri idi və yaxın əlaqələri var idi.

2019-cu ildə yayılan bu hesabat dünyanın bir çox nüfuzlu media orqanları, həmçinin “Quardian” (The Guardian), “İcij.org”, “Carnegieendowment.org”, “Avrasianet” (Eurasianet), “Suddeutsche Zeitung” və s. dərc edilmişdi.

Elə həmin ilin martında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədrinə məktub yazaraq, “Troyka Dialoq”un keçmiş sahibi Ruben Vardanyana və “Troyka Dialoq”un “offşor sistemi” ilə əlaqəsi olan digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildiriblər. Məktubu Böyük Britaniya, İsveç, Almaniya və digər ölkələri təmsil edən 22 avropalı deputat imzalayıb.

Bundan başqa, Ukrayna Prezidenti Vladimir Zelenski Vardanyana Rusiya ilə əlaqələrinə görə sanksiya tətbiq edib və hazırda axtarışdadır. O, Ukraynaya qarşı Rusiyanın təcavüzünü maliyyələşdirən korporasiyalarla əlaqəli şəxs hesab olunur. Vardanyan təkcə “Mirotvorets” məlumat bazasında deyil, həm də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən tətbiq edilən sanksiyalara məruz qalıb.

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara Kanadanın nüfuzlu “Thej.ca” nəşrində dərc olunmuş “Ukrayna Ruben Vardanyana qarşı niyə sanksiyalar tətbiq etdi?” sərlövhəli məqaləsində yazıb ki, Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma başladıqdan sonra Ukrayna tərəfi Vardanyana qarşı sanksiyalar tətbiq edərək barəsində axtarış elan edib. Erməni milyarder İran silahlarının Rusiyaya satışında əsas vasitəçilərdən olub. Eyni zamanda, diqqətə çatdırılıb ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən Qərbin təzyiqlərə başlamasından sonra Vardanyan Rusiyanı tərk edərək bu ölkənin vətəndaşlığından imtina edib.

Göründüyü kimi, Avropanın uzun müddətdir çirkli pulların yuyulması, İran silahının Rusiyaya gizli yolla daşınması və s. əməllərdə şübhəli bildiyi şəxsin Azərbaycanda mühakimə olunan kimi “aydan arı, sudan duru” sayılması və insan hüquqları ilə bağlı mükafata namizəd göstərilməsi birmənalı qarşılana bilməz.

Onu da əlavə edək ki, Ruben Vardanyan Rusiya tərəfindən Xankəndiyə göndərildikdən sonra burada terror qruplaşmasına maddi dəstək göstərib, həmçinin silah anbarları yaradaraq, terrorçuların silahlanması üçün külli miqdarda vəsaitə silah alıb.

Belə çıxır ki, Avropanın 10 ildən çoxdur cinayətkar, Rusiyanın çirkli işlərini görən dələduz və silah qaçaqmalçısı olaraq tanıdığı şəxs Azərbaycanda mühakimə edilən kimi dərhal “paklanıb” “mələk donunda” təqdim olunur, hətta “insan haqları” mükafatına namizəd ola bilir?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
axar.az

1Sources