İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İrana qarşı yönələ biləcək növbəti hərbi addımların qarşılığında müharibə coğrafiyasını genişləndirəcəyi ilə bağlı rəsmi bəyanat yayıb.
"Əgər İrana qarşı hər hansı təcavüz təkrarlanarsa, əvvəllər xəbərdarlıq etdiyimiz regional müharibə bu dəfə regionun hüdudlarından çox-çox kənara çıxacaq. Sizin heç təsəvvür belə edə bilməyəcəyiniz məkanlara endirəcəyimiz sarsıdıcı zərbələr sizə rüsvayçı və amansız bir məğlubiyyət yaşadacaq. İndiyə qədər baş vermiş silahlı toqquşmalar və raket hücumları zamanı İran Silahlı Qüvvələri öz real hərbi potensialının hamısından istifadə etməyib. Tehranın əlindəki strateji silahlar və gizli hərbi güc hələ tam dövriyyəyə buraxılmayıb və növbəti qarşıdurma qlobal miqyaslı fəlakətlə nəticələnə bilər” - deyə bəyanatda xəbərdarlıq edilir.
Bəs, İranın əlində hansı strateji silahlar və gizli hərbi gücün olması mümkündür?

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, artan gərginlik fonunda İranın, xüsusilə də SEPAH-ın bu tip sərt bəyanatları daha çox çəkindirmə məqsədi daşıyır: “Tehran rəqiblərinə göstərmək istəyir ki, mümkün hücumun cavabı təkcə İran ərazisi ilə məhdudlaşmayacaq və çoxşaxəli regional qarşıdurmaya çevrilə bilər. İranın əlində olduğu ehtimal edilən əsas strateji imkanlara gəlincə, İranın güclü ballistik raket arsenalı mövcuddur. İranın ən böyük üstünlüklərindən biri geniş raket proqramıdır. Tehran uzun illərdir sanksiyalar altında olduğu üçün klassik hava qüvvələrindən çox, raket və pilotsuz sistemlərə yatırım edib. İranın əsas raket kateqoriyalarına orta mənzilli ballistik raketlər, hipersəs sürətinə yaxın manevr edə bilən raketlər daxildir. İranın yeraltı raket bazaları da kifayət qədərdir. Eyni zamanda dənizdən buraxılan raket sistemlərinə, sualtı vasitələrə malikdir. İranın əsas “gizli gücü” raketlərin sayında deyil, onların kütləvi və koordinasiyalı istifadəsindədir. Yəni Tehran eyni anda yüzlərlə hədəfə zərbə endirməyə çalışa bilər”.
Ekspert qeyd edib ki, İran yeraltı hərbi “şəhərlər” qurub:
“İran illərdir dağların altında “raket şəhərləri” adlandırılan obyektlər qurub. Bu bazaların raket anbarları, mobil buraxılış sistemləri, pilotsuz aparat mərkəzləri, komanda-idarəetmə infrastrukturu olduğu ehtimal edilir. Bundan başqa, İran artıq dünyada dron texnologiyası üzrə ciddi aktorlardan biri sayılır. Xüsusilə kamikadze dronlar, uzaqmənzilli zərbə PUA-ları, “sürü” şəklində istifadə edilən çoxsaylı pilotsuz sistemlər Tehran üçün əsas asimmetrik üstünlükdür. Bu texnologiyalar həm ucuzdur, həm də hava hücumundan müdafiə sistemlərini yükləmək üçün effektiv sayılır”.
R.Məhərrəmovun sözlərinə görə, Tehranın daha bir “gizli gücü” təkcə ordusu deyil, regiondakı proksi şəbəkəsidir:
“Bu şəbəkələr vasitəsilə İran eyni anda bir neçə cəbhədə gərginlik yarada bilər”.
Etibar Seyidağa,
Musavat.com