EN

Bakıdan Gürcüstana qatar və maşınlar yola düşür - Azərbaycanın yaratdığı reallıqların növbəti təntənəsi...



Natiq Cəfərli: "Azərbaycan və Gürcüstan regionda tranzitin əsas oyunçusuna çevrilir"

18 may 2026-cı ildə Bakıda Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə imzalanma mərasimi baş tutub. Tərəflər 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

Hazırda Bakı-Tbilisi-Bakı qatarının bərpası üzrə texniki və təşkilati məsələlərlə bağlı işlər aparılır.

Bundan əlavə, imzalanan sənədlər paketinə daha çox müqavilə daxildir:

Gürcüstana təbii qazın təchizatı, Azərbaycan qazının beynəlxalq bazarlara tranziti, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi çərçivəsində modernləşdirmə işlərinin tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolu da imzalanıb.

Bakıdan Tiflisə birbaşa qatarla getmək mümkün olacaq.

Nə kimi nəticəlır olacaq? Bu, Azərbaycanın özünün bölgədə yaratdığı və özünün də idarə etdiyi regional reallıqların nəticəsi deyilmi?

Bakı-Tiflis-Bakı sərnişin qatarının bərpası təkcə nəqliyyat hadisəsi deyil, Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi düzənin göstəricilərindən biridir. Bu addım ilk növbədə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərir. Uzun fasilədən sonra birbaşa dəmir yolu əlaqəsinin yenidən açılması insanlar, biznes və turizm üçün yeni imkanlar yaradacaq, region daxilində hərəkəti sürətləndirəcək və daha ucuz basa gələcək.

Bu qərarın iqtisadi nəticələri də böyük olacaq. Bakı-Tiflis-Qars xəttinin modernləşdirilməsinin tamamlanması Azərbaycanın regionun əsas logistika və tranzit mərkəzi rolunu gücləndirir. Çin-Mərkəzi Asiya-Xəzər-Qafqaz-Türkiyə marşrutu üzrə daşımaların artdığı bir vaxtda Azərbaycan artıq sadəcə enerji ixrac edən ölkə deyil, həm də böyük nəqliyyat və enerji qovşağı kimi çıxış edir. Gürcüstan üzərindən Türkiyəyə və Avropaya çıxış imkanlarının genişlənməsi Bakının geoiqtisadi əhəmiyyətini artırır.

Enerji sahəsində imzalanan sənədlər də bunu təsdiqləyir. Azərbaycan qazının tranziti, Gürcüstana qaz və elektrik enerjisi ixracı, həmçinin Gürcüstan üzərindən Türkiyəyə elektrik ötürülməsi regionda enerji təhlükəsizliyinin əsas dayaqlarından birinin məhz Azərbaycan olduğunu göstərir. Bu proses Bakının həm enerji istehsalçısı, həm də enerji marşrutlarını idarə edən ölkə kimi mövqeyini möhkəmləndirir.

Siyasi baxımdan isə bu hadisə Azərbaycanın son illərdə yaratdığı regional reallıqların davamıdır. Xüsusilə 2020-ci ildən sonra formalaşan yeni geosiyasi vəziyyətdə Azərbaycan təşəbbüs göstərən, layihələr quran və regional əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən dövlətə çevrilib. Bakı artıq yalnız iştirakçı deyil, bir çox layihələrin təşəbbüskarı və koordinasiya edən tərəfidir. Gürcüstanla münasibətlərdə də bunu görmək olur: enerji, nəqliyyat və tranzit xətləri ətrafında qurulan əməkdaşlıq regionun iqtisadi xəritəsini faktiki olaraq Bakı müəyyənləşdirir.

Bu səbəbdən sərnişin qatarının bərpası sadə texniki qərardan daha geniş məna daşıyır. Bu, Azərbaycanın bölgədə yaratdığı və böyük ölçüdə özü tərəfindən idarə olunan iqtisadi-siyasi platformanın növbəti praktik nəticələrindən biri kimi qiymətləndirilə bilər.

İqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın regional və beynəlxalq aləmdə logistika və tranzit mərkəzinə çevrilməsində Gürcüstan onu Avropaya bağlayan mühüm bir çıxış nöqtəsi rolunu oynayır.

"Bakı-Tiflis qatarının açılması, eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolunun modernləşdirilərək istifadəyə verilməsi Azərbaycanda tranzit və logistik imkanları xeyli artırır, Orta Dəhliz layihəsində yük və sərnişin axınını gücləndirir. Bu isə Azərbaycanla Gürcüstanı birbaşa regionda tranzitin əsas oyunçularına çevirir.

Digər tərəfdən, Bakı-Tiflis qatarının açılması Azərbaycan üçün həm turizm, həm ölkənin imici, həm də humanitar baxımdan olduqca müsbət bir addımdır. Belə ki, Gürcüstanda yüz minlərlə soydaşımız yaşayır, onlar bir-birinin şad və kədərli günlərinə gedib-gəlirlər. Bu baxımdan həmin qərar çox təqdirəlayiq bir addım olacaq.

Nəticə etibarilə isə bu gediş gələcəkdə quru sərhədlərinin tam açılmasına, tranzit yüklərin və sərnişinlərin maneəsiz hərəkətinə zəmin yaradacaq ki, bu da Azərbaycan üçün son dərəcə uğurlu bir nəticədir" - deyə iqtisadçı vurğulayıb.

Akif NƏSİRLİ

Chosen
2
baki-xeber.com

1Sources