EN

İrana qarşı əməliyyat müttəfiqlərin sözü ilə kəsildi - Trampın bəyanatı dərin şübhə doğurdu...



Xaqani Cəfərli: "Tramp geri addım atmayıb, qənaətimcə, uğurlu diplomatik gediş edib"

Donald Trampın "Biz İrana hücumdan bir saatlıq məsafədə idik" açıqlaması Vaşinqtonun hərbi variantı ciddi şəkildə nəzərdən keçirdiyini göstərən sərt mesaj kimi qiymətləndirilə bilər. Ardınca dediyi "Cənab, bir az gözləyə bilərsinizmi? Hesab edirik ki, razılığa gəlməyə yaxınıq" sözləri isə son anda diplomatik kanalların işə düşdüyünə işarə edir. Bu tip bəyanatlar adətən həm İrana təzyiq göstərmək, həm də danışıqlarda üstün mövqe nümayiş etdirmək məqsədi daşıyır.

Bəs bu nə dərəcədə səmimi mövqedir?

Tramp "müttəfiqlər" dedikdə konkret kimi nəzərdə tutur - bu sual açıq qalır. Çünki onun prezidentliyi dövründə ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətlər ciddi gərginlik yaşadı. NATO daxilində Avropa liderləri ilə tez-tez qarşıdurmalar yaşanır: Kanada və Danimarka ilə ərazi məsələləri üzərindən polemikalar, Fransa prezidenti barədə sərt ifadələr, Almaniya rəhbərliyinə yönələn ittihamlar, İspaniya və Böyük Britaniya liderləri ilə gərgin ritorika Vaşinqtonun klassik müttəfiqlik modelini xeyli zəiflədib. Türkiyə ilə münasibətlər də dövrlərə görə dəyişkən və tam sabit olmayan xətt üzrə inkişaf edir.

Belə bir şəraitdə Tramp administrasiyasının Yaxın Şərqdə ən yaxın tərəfdaşı əsasən İsrail hesab olunurdu. Lakin İsrail uzun illərdir İrana qarşı daha sərt xətt tərəfdarı kimi tanınır və Tehrana qarşı mümkün hərbi əməliyyatın təxirə salınmasını istəyən tərəf kimi görünmür.

Bu isə maraqlı sual yaradır: əgər İsrail hücumun tərəfdarı idisə, Tramp niyə geri addım atdı?

Trampın bu tip açıqlamalarını tam şəkildə səmimi və ya tam şəkildə blef kimi qiymətləndirmək çətindir. Onun siyasi üslubu əsasən maksimum təzyiq, qeyri-müəyyənlik yaratmaq və qarşı tərəfi psixoloji olaraq danışıqlarda zəiflətmək üzərində qurulub. "Hücuma bir saat qalmışdı" kimi ifadələr həm İran üçün xəbərdarlıq, həm də daxili auditoriyaya "qətiyyətli lider" görüntüsü vermək məqsədi daşıya bilərdi.

Amma eyni zamanda Tramp praktik siyasətdə böyükmiqyaslı yeni müharibələrə başlamağa da həmişə ehtiyatla yanaşıb. O, seçki kampaniyalarında ABŞ-ın Yaxın Şərqdə uzunmüddətli hərbi müdaxilələrini tənqid edir, əvvəlki administrasiyaların "sonsuz müharibələrini" səhv adlandırırdı. Bu baxımdan İranla birbaşa savaş onun siyasi xəttinə və daxili siyasi maraqlarına ciddi risk yarada bilərdi.

İsrail faktoruna gəlincə, burada maraqlar tam üst-üstə düşməyə bilərdi. İsrail İranın hərbi və nüvə potensialına qarşı daha sərt və preventiv yanaşmanı müdafiə etsə də, ABŞ üçün məsələ daha geniş idi. Vaşinqton mümkün hücumun nəticəsində Hörmüz boğazının bağlanması, neft qiymətlərinin kəskin artması, regionda ABŞ bazalarının hədəfə çevrilməsi və İraq-Suriya-Livan xəttində geniş qarşıdurma riskini hesablamalı idi. Yəni İsrail üçün lokal təhlükəsizlik məsələsi olan mövzu ABŞ üçün qlobal strateji və iqtisadi risklər yaradırdı.

Digər tərəfdən, Trampın "razılığa yaxın idik" deməsi göstərir ki, o, hərbi təhdidi diplomatik alət kimi istifadə etməyə çalışırdı. Bu, klassik “təzyiq altında danışıqlar” modelidir: əvvəl maksimal təhlükə görüntüsü yaradılır, sonra isə qarşı tərəfə güzəşt üçün çıxış yolu saxlanılır. Belə yanaşmada məqsəd müharibə etməkdən çox, müharibə ehtimalını istifadə edərək siyasi nəticə əldə etmək olurdu.

Buna görə Trampın geri addımı, zəiflikdən daha çox, hesablanmış risk idarəçiliyi kimi görünür. O, həm İran üzərində təzyiqi qorumaq, həm İsrailə dəstək görüntüsünü saxlamaq, həm də ABŞ-ı genişmiqyaslı regional savaşın içinə çəkməmək arasında balans qurmağa çalışır.

Politoloq Xaqani Cəfərli məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, Tramp geri addım atmayıb, onun qənaətincə, uğurlu diplomatik gediş edib: "Əgər İran mövqeyini dəyişməsə ABŞ-ın İrana qarşı dağıdıcı hərbi əməliyyatı legitimləşəcək. Tramp başqalarının mövqelərini nəzərə almadığını nümayiş etdirməyə çalışsa da, əslində müttəfiq və tərəfdaşlarının İrana qarşı əməliyyatı legitim hesab etməsində maraqlıdır. İranın nüvə silahına sahib olmasının mümkünsüzlüyü, Hörmüz boğazının gəmilərin hərəkəti üçün açıq olması haqqında Çinlə birgə mövqe nümayiş etdirilməsi Tehran rejiminə qarşı hərbi əməliyyatları çox böyük ölçüdə legitimləşdirdi. Üç ərəb dövlətinin son təşəbbüsündən sonra İran geri addım atmasa Tehran rejiminə qarşı əməliyyyatlar İslam aləmində və Avropada daha çox dəstək qazanacaq. Bu mənada hələlik diplomatik təşəbbüslər ABŞ-ın xeyrinədir".

Dəniz NƏSİRLİ

Chosen
41
baki-xeber.com

1Sources