EN

Fransa 2032-ci ilədək 2 milyon yeni mənzil tikməyi planlaşdırır

Fransa hökuməti növbəti səkkiz il ərzində 2 milyon yeni mənzil inşa etməyi, o cümlədən hər il 100 min sosial mənzil tikməyi hədəfləyir.

APA-Economics” xəbər verir ki, bunu Fransa Milli Assambleyasının üzvü Lionel Causse Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunan “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada bildirib.

Onun sözlərinə görə, hazırda Fransada 38 milyon mənzil mövcuddur ki, bunun 7,6 milyonu sosial mənzillərdir. Buna baxmayaraq, sosial mənzilə tələbat yüksək olaraq qalır və hazırda təxminən 3 milyon müraciət növbədə gözləyir.

Deputat qeyd edib ki, Fransada sosial mənzillərin maliyyələşdirilməsi uzunmüddətli kredit mexanizmləri və vətəndaşların “Livret A” adlı xüsusi yığım hesablarında topladığı 400 milyard avrodan artıq vəsait hesabına həyata keçirilir.

L. Causse əlavə edib ki, Fransa parlamenti 2050-ci ilə qədər iki əsas istiqamət üzrə fəaliyyət göstərir. Bunlardan biri torpaq resurslarının səmərəli idarə olunması və torpaq qiymətlərinin nəzarətdə saxlanılması, digəri isə aşağı karbon emissiyalı binaların tikintisi və iqlim dəyişikliklərinə uyğunlaşmadır.

Onun sözlərinə görə, məqsəd həm ekoloji baxımdan dayanıqlı, həm də əhalinin bütün təbəqələri üçün əlçatan və layiqli mənzil təminatına nail olmaqdır.

Chosen
38
1
apa.az

2Sources