EN

Qədim Misir, Şumer və türk xalqlarının ədəbiyyatında əbədi həyat konsepsiyası təhlil edilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qədim Misir, Şumer və türk xalqlarının ədəbiyyatında əbədi həyat konsepsiyası” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Seminarın sədri, Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri professor Mehdi Kazımov institutda mütəmadi keçirilən seminarların elmi düşüncənin inkişafı və aktual tədqiqat istiqamətlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Seminarda institutun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva “Qədim Misir, Şumer və türk xalqlarının ədəbiyyatında əbədi həyat konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib. Əbədi həyat ideyasının bəşər mədəniyyətinin ən qədim və universal mövzularından biri olduğunu deyən S.Nuriyeva bildirib ki, insan ömrünün faniliyi, ölüm qarşısında acizlik və bu faniliyi aşmaq arzusu həm Şumer, həm qədim Misir, həm də qədim türk xalqlarının ədəbi-mifoloji düşüncəsində mühüm yer tutur. Onlarda bu mövzu fərqli dünyagörüşlər və inanclar fonunda formalaşsa da, insanın ölümsüzlük axtarışı ortaq bəşəri problem kimi təqdim olunur.

Tədqiqatçı vurğulayıb ki, Qədim Misir mətnlərində əbədi həyat daha çox ruhun axirət dünyasında davamlı mövcudluğu və ilahi harmoniyaya qovuşması ilə əlaqələndirilirsə, Şumer ədəbiyyatında bu ideya insanın ölüm qarşısındakı acizliyi və ölümsüzlük axtarışının mahiyyəti kontekstində təqdim olunur. Türk xalqlarının mifoloji düşüncəsində isə əbədi həyat insanın ad-san, mənəvi yaddaş və nəsillərin xatirəsində yaşaması ilə bağlı fəlsəfi məna daşıyır.

Sonda məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
azertag.az

1Sources