EN

Anaklaudia Rossbax: UN-Habitat hər kəs üçün əlçatan şəhər sistemlərinin qurulmasına dair strateji planın icrasına başlayır

Bakı, 20 may, AZƏRTAC

UN-Habitat yeni strateji planının icrasına başlayır və burada mənzilə çıxış imkanlarının genişləndirilməsi, qeyri-formal yaşayış məntəqələrinin transformasiyası əsas prioritetlər sırasındadır. Bu məsələ yalnız mənzil tikintisi ilə məhdudlaşmır. Söhbət şəhər mühitinə inteqrasiya olunmuş, hər kəs üçün nəzərdə tutulan və əlçatan şəhər sistemlərinin qurulmasından gedir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Əlçatanlıqdan kənara: hər kəs üçün adekvat mənzil hüququnun təmin edilməsi” mövzusunda dəyirmi masada səsləndirib.

A.Rossbax vurğulayıb ki, qeyri-formal yaşayış məntəqələrinin genişlənməsi sosial təcridi daha da artırır, xüsusilə əlilliyi olan şəxslər və həssas qruplar üçün çoxqatlı bərabərsizlik yaradır. Bu səbəbdən məsələyə təxirəsalınmaz yanaşma tələb olunur.

O əlavə edib ki, qarşıdakı dövrdə Yeni Şəhər Gündəliyinin icrasına dair aralıq qiymətləndirmə çərçivəsində Nyu-Yorkda yüksək səviyyəli toplantı keçiriləcək və son 10 ildə hansı yanaşmaların effektiv olub-olmadığı təhlil ediləcək.

İcraçı direktor beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini də qeyd edərək, Qlobal Əlillik Sammiti və müxtəlif beynəlxalq təşkilatlarla tərəfdaşlıqların bu istiqamətdə mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb.

Müxbirlər - Pərvanə Qafarova
Fotoqraf - Tofiq Babayev
Chosen
46
azertag.az

1Sources