Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanmasından sonra Bakı və Tbilisi arasında sərnişin qatarlarının may ayının sonundan yenidən fəaliyyətə başlaması ilə bağlı qərar verilib. Baş nazir Əli Əsədov da Azərbaycan Respublikası ilə Gürcüstan arasında dəmiryol nəqliyyatı vasitəsilə sərnişin daşımalarının bərpası ilə bağlı sənəd imzalayıb. Qərara əsasən, 2026-cı il mayın 25-i saat 00:00-dan etibarən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də Azərbaycana vizasız giriş hüququna malik bütün xarici ölkə vətəndaşlarının dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan–Gürcüstan istiqamətində giriş-çıxışına icazə veriləcək.
“İki sahil”in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov bildirib ki, Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası Cənubi Qafqazda inteqrasiya proseslərinin daha da sürətlənməsinə və regional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək. Müasir dövrdə nəqliyyat sistemi dövlətlərin iqtisadi inkişafında, beynəlxalq əməkdaşlığın genişlənməsində və regional inteqrasiyanın gücləndirilməsində mühüm rol oynayır. Xüsusilə dəmir yolu nəqliyyatı təhlükəsizlik, uzaq məsafələrə kütləvi daşımaların təşkili baxımından sərfəlilik və ekoloji baxımdan əlverişli nəqliyyat növlərindən biri hesab edilir. Azərbaycan ilə Gürcüstan arasında qatarların yenidən fəaliyyətə başlaması region ölkələri üçün mühüm iqtisadi və strateji hadisədir. Bu əlaqə yalnız iki ölkə arasında sərnişin daşımalarını təmin etmir, həm də Cənubi Qafqaz regionunda nəqliyyat-logistika imkanlarını genişləndirir. Qafqazın lider dövləti kimi Avrasiya məkanında mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycan regionun inkişafı, region ölkələri arasında sülh və əməkdaşlığın gücləndirilməsi üçün davamlı addımlar atır. Azərbaycan və Gürcüstan hökumətlərinin qatarların fəaliyyətinin bərpası ilə bağlı ortaq mövqeyini ifadə edən qərar da regionda sülh və əməkdaşlığın gücləndirilməsinə xidmət edən növbəti addımdır.
Aqil Əsədov bildirib ki, Azərbaycan və Gürcüstan tarixən bir-biri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələrə malik olub. Hər iki ölkə Şərq ilə Qərb arasında mühüm tranzit mövqeyə sahibdir və bu baxımdan dəmir yolu əlaqələrinin inkişafı həm də regionun beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını daha da sürətləndirir.
Dəmir yolu ilə sərnişin daşınmasının bərpası, ilk növbədə, iqtisadi sahədə mühüm üstünlüklər yaradır. Dəmir yolu daşımaları digər nəqliyyat növləri ilə müqayisədə daha ucuz və etibarlı hesab olunur. Bu isə həm sərnişinlərin, həm də sahibkarların maraqlarına cavab verir. Qatar vasitəsilə insanlar Bakıdan Tbilisiyə daha rahat və təhlükəsiz şəkildə səyahət edə bilirlər ki, bu da ölkələr arasında ticarət əlaqələrinin genişlənməsinə, turizm sahəsinin inkişafına müsbət təsir göstərəcək. Son illərdə hər iki ölkə turistlər üçün cəlbedici istiqamətlərdən birinə çevrilib. Dəmir yolu nəqliyyatı hava nəqliyyatı ilə müqayisədə daha münasib qiymətə başa gəldiyindən turist cəlbediciliyinə də təsir edəcək. İnsanların hərəkətliliyinin artması müxtəlif xidmət sahələrinin də inkişafına təsir göstərməklə ümumi iqtisadi tərəqqiyə töhfə verəcək.
Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin bərpası və inkişafı təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu baxımından strateji əhəmiyyət daşıyır. Bu marşrut regionun beynəlxalq nəqliyyat və logistika şəbəkəsinə inteqrasiyasını gücləndirməklə yanaşı, iqtisadi əməkdaşlığın dərinləşməsinə də mühüm təsir göstərir. Dəmir yolu ilə sərnişin daşımalarının genişlənməsi turizmin inkişafına, ticarət dövriyyəsinin artmasına, insanlararası əlaqələrin möhkəmlənməsinə və mədəni yaxınlaşmaya əlavə imkanlar yaradacaq. Eyni zamanda, ekoloji baxımdan daha təhlükəsiz və iqtisadi cəhətdən səmərəli nəqliyyat vasitəsi olan dəmir yolunun gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir. Bu proses xüsusilə işğaldan azad edilmiş ərazilərin turizm potensialının reallaşdırılmasına təkan verəcək, Azərbaycan və Gürcüstanın regional tranzit imkanlarını genişləndirərək onların beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyini daha da gücləndirəcək.