İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Albaniya Respublikasının Himara şəhərinin meri Vanqel Tavonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Agentlikdən “İki sahil”ə bildirilib ki, görüş zamanı AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı qurumun fəaliyyət istiqamətləri, ixracın və investisiyaların təşviqi mexanizmləri, investorlarla iş prinsipləri və Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, həmçinin keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verib. O, tədbirin xarici investorlarla əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq təşəbbüslərinin formalaşdırılması baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.
Himara şəhərinin meri Vanqel Tavo təmsil etdiyi şəhərin investisiya və biznes mühiti barədə məlumat verib. Bildirilib ki, Himara şəhəri turizm sektorunda geniş investisiya potensialına malikdir və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar mövcuddur.
Görüşdə, həmçinin turizm, investisiya, biznes əlaqələri və potensial layihələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.