EN

Avropada deportasiya ƏMƏLİYYATI: Yüz minlərlə miqrant geri göndərilir

Avropa İttifaqı (Aİ) miqrasiya siyasətinə yanaşmasını köklü şəkildə dəyişir.

Musavat.com xəbər verir ki, sığınacaq axtaranların sayı sürətlə azalsa da, deportasiya göstəriciləri son onilliyin rekordlarını qırır. Aİ son bir ildə yarım milyona yaxın sığınacaq üçün müraciət edənləri geri göndərməyə qərar verib.

"Euronews"un araşdırmasına istinadən verilən məlumata görə, son dörd ildə Aİ-yə daxil olan yeni miqrantların sayı davamlı olaraq azalıb. Göstəricilər 5,4 milyon nəfərdən 2024-cü ildə 4,5 milyona düşüb ki, bu da 24%-lik bir azalma deməkdir.

2025-ci ilin statistikası da bu eniş trendini təsdiqləyir. Ötən il cəmi 361 000 nəfər müdafiə statusu alıb ki, bu da son altı ilin ən aşağı göstəricisidir.

Bunun əksinə olaraq, repatriasiya (vətənə geri göndərilmə) qərarlarının sayı sürətlə artır. Ötən il rəsmi qurumlar tərəfindən təxminən yarım milyon belə qərar qəbul edilib. Faktiki olaraq bu insanların yalnız üçdə biri ölkədən çıxarılsa da, 155 000 nəfərlik deportasiya sayı son onilliyin əvvəlindən bəri ən yüksək göstəricidir.

Ukraynalı

Avropa qaçqınları niyə qovur?

Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner "Europe in Motion" tədbirindəki çıxışı zamanı böyük bir miqrasiya islahatının yekun mərhələsində olduqlarını bəyan edib:

"Bu islahat vasitəsilə biz xarici sərhədlərimizin mühafizəsini gücləndiririk və dünyada ən müasir sərhəd idarəetmə sistemini - giriş/çıxış sistemini tətbiq edirik".

Aİ rəhbərliyi digər ölkələrlə də işbirliyini artırır. Əsas məqsəd qanunsuz sərhəd keçidlərinin qarşısını almaq və insan qaçaqmalçılığı ilə mübarizə aparmaqdır.

2025-ci ildə ölkələrinə ən çox deportasiya edilənlər Türkiyə vətəndaşları olub, onların sayı 13 000 nəfəri ötüb. Növbəti yerlərdə Gürcüstan (10 475 nəfər), Suriya və Albaniya qərarlaşıb.

Ukraynadan

Hazırda ən sərt miqrasiya siyasəti yürüdən ölkə Almaniyadır. Son bir ildə Berlin 30 000-ə yaxın faktiki deportasiya həyata keçirib. Fransa 15 000, İsveç isə 11 000-dən çox insanı ölkədən çıxarıb. İspaniya 54 000, Niderland isə 32 000 qovulma qərarı verib.

Maraqlıdır ki, ən çox qovulma sənədi imzalayan ölkə məhz Fransadır. Paris 138 000 repatriasiya əmri çıxarıb. Lakin burada bir nüans var: Fransada bu sənədi alanların əksəriyyəti son nəticədə ölkədə qalmağı bacarıb.

Planların reallığa çevrilməməsinə isə bəzən şəxslərin mənşə ölkəsinin müəyyən edilə bilməməsi, səhhətindəki problemlər və ya yetkinlik yaşına çatmayanların statusu mane olur.

Sərhədlərdən geri çevrilənlərin sayında da artım var. 2025-ci ildə 133 000 nəfərin Aİ-yə girişinə qadağa qoyulub. Ən çox rast gəlinən səbəb (hər üç haldan biri) səfərin dəqiq məqsədinin olmamasıdır.

Bu məsələdə Polşa əsas forposta çevrilib. Varşava sərhəddən geri qaytarılan miqrantların sayına görə liderdir - təxminən 30 000 nəfər. Fransa 12 000 göstərici ilə ikinci yerdədir.

Daha 17% insan isə ölkədə qalma müddətini pozduğuna görə içəri buraxılmayıb. Çoxunun etibarlı vizası olmayıb.

Ukraynalı

Ukraynalı qaçqınları nə gözləyir?

Çexiya ukraynalı qaçqınlara yardım göstərilməsi qaydalarını dəyişməyə hazırlaşır. Müavinət almaq üçün ukraynalılara iş, yaşayış yeri və qeydiyyatla bağlı yeni tələblər qoyula bilər.

İrlandiyada avqust ayından etibarən ukraynalıların pulsuz sığınacaqlardan çıxarılmasına başlanacaq. Hökumət pulsuz yaşayış proqramını genişmiqyaslı şəkildə ixtisar edir.

Kanada isə artıq indidən qaçqınlar üçün bəzi tibbi prosedurları ödənişli edib və ukraynalılara göstərilən pulsuz tibbi yardımın siyahısını azaldıb.

İqbal RZAYEV,
Musavat.com

Chosen
51
1
musavat.com

2Sources