EN

Marko Bovati: Yeni binalar üçün yeni ərazilər zəbt edə bilmərik

Hazırda tarixin elə bir mərhələsindəyik, nəhayət, anlayırıq ki, yeni binalar üçün torpağı sonsuz şəkildə istehlak etməyə, yeni ərazilər zəbt etməyə davam edə bilmərik.

APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və Təhsil: Memarlıq Kurikulumlarında Yaşayış Məkanının Rolu” adlı tədbirdə ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) dASTU departamentinin dosenti Marko Bovati deyib.

O qeyd edib ki, bu reallığı qəbul etdikdən sonra, məsələn, Bakıdakı mövcud yaşayış massivlərinin yenidən inkişaf etdirilməsi ideyası ilə işləmək vacib olur:

“Bu zaman həmin ərazilərin gizli keyfiyyətlərini anlamaq, onları gücləndirəcək proseslər başlatmaq, ölkənin yaxın və uzaq keçmişinə aid mühüm sənədləri və izləri qorumaq önəm daşıyır”.

Bovati mənzil böhranının spontan tikililərlə əlaqəli olmasından da danışıb:

“Spontan yaşayış məntəqələrindən danışanda, əslində, onların layihələndirilmədiyini qəbul edirik. Əgər onlar spontandırsa, deməli dizayn olunmayıb. Belə olan halda layihələndirilməmiş bir şeyi necə layihələndirməyi öyrədə bilərik? Amma bu, son dərəcə vacib məsələdir. Çünki memarlıq və dizayn təhsili yalnız yaxşı plan çəkməyi, yaxud yaxşı mebel dizayn etməyi öyrətmək deyil. Bu eyni zamanda dizayn proseslərinin sosial tərəfini anlamaqdır. Yəni icmalarla işləməyi, onların ehtiyaclarını başa düşməyi, spontan proseslərin bəzən layihələndirmədən daha güclü olduğu mühitlərdə necə fəaliyyət göstərməyi öyrənməkdir”.

Chosen
15
apa.az

1Sources