EN

ABŞ-nin Tehrana təklif etdiyi şərtlər açıqlanıb

İranlı jurnalist Vaşinqtonun müharibənin dayandırılması, Hörmüz boğazı və nüvə proqramı ilə bağlı təkliflərini yayıb...

Poliqon xəbər verir ki, iranlı jurnalist Əli Golhaki ABŞ-nin Tehranla danışıqlar çərçivəsində irəli sürdüyü iddia olunan təklifləri açıqlayıb. O, X sosial şəbəkəsində yazıb ki, Vaşinqton İranın mövqeyini aldıqdan sonra müəyyən maddələrin əsas danışıqlar mərhələsi ilə paralel şəkildə imzalanmasını təklif edib.

Məlumata görə, ABŞ-nin təklif etdiyi ilkin mərhələyə aşağıdakı bəndlər daxildir:

– bütün cəbhələrdə müharibənin dayandırılması;

– ABŞ-nin Hörmüz boğazına tətbiq etdiyi blokadanın ləğvi;

– Hörmüz boğazının İranın şərtləri, tarifləri və müəyyən etdiyi dəniz marşrutu əsasında açılması;

– dondurulmuş İran aktivlərinin 25 faizinin, təxminən 25 milyard dolların blokdan çıxarılması;

– İran neftinin satışına qarşı sanksiyaların 30 gün müddətinə dayandırılması.

Jurnalistin sözlərinə görə, əsas danışıqlar mərhələsində isə İranın nüvə proqramı ilə bağlı bir sıra şərtlər irəli sürülüb.

Bunlara İrandan 400 kiloqram uranın çıxarılması və mümkün variant kimi onun üçüncü ölkəyə göndərilməsi, İranın uranı 3,67 faizə qədər zənginləşdirmək hüququnun tanınması, həmçinin Tehran reaktoru istisna olmaqla digər nüvə obyektlərinin bağlanması daxildir.

Əli Golhaki qeyd edib ki, ABŞ-nin İranın uranı 3,67 faizədək zənginləşdirmək hüququnu yekun mərhələdə qəbul edib-etməyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli hesab olunan jurnalist bildirib ki, Tehran ABŞ tərəfindən təklif olunan bütün mərhələlərin 30 gün ərzində həyata keçirilməsini istəyir.

Onun sözlərinə görə, İran bu müddətdə həm neft satışını bərpa etməyi, həm də Vaşinqtonun nüvə danışıqlarında ciddi olub-olmadığını yoxlamağı planlaşdırır.

Poliqon.info

Chosen
40
34
poliqon.info

10Sources