İndoneziyanın Papua dağının şərq əyalətində separatçıların hücumu nəticəsində səkkiz qızıl mədənçisi həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə "Jakarta Globe" qəzeti hərbi bəyanata istinadən məlumat yayıb.
Məlumata görə, hücumu mülki şəxsləri İndoneziya hüquq-mühafizə orqanlarına məlumat ötürməkdə günahlandıran “Azad Papua Hərəkatı”nın üzvləri həyata keçirib.
Hərbi sözçü bildirib ki, “qurbanlar separatçıların iddia etdiyi kimi təhlükəsizlik qüvvələri deyil, qızıl axtaran mülki şəxslər olub”.
Bildirilib ki, hadisədən sonra separatçılar ərazini tərk ediblər. Onların axtarışı üçün əlavə hərbi bölmələr və helikopterlər cəlb olunub, bölgədə patrul xidmətinin gücləndirildiyi qeyd edilib. Hazırda cəsədlərin hadisə yerindən təxliyə olunduğu bildirilir.
Qeyd olunur ki, hücumdan sonra separatçılar video mesaj yayaraq məsuliyyəti öz üzərlərinə götürüblər və qızıl mədənçilərini kəşfiyyat fəaliyyəti ilə məşğul olmaqda ittiham ediblər.
1969-cu ildə İndoneziya Qərbi Yeni Qvineya üzərində nəzarəti ələ keçirərək Qərbi İrian əyalətini yaradıb, daha sonra ərazi iki hissəyə — Papua və Qərbi Papua bölgələrinə bölünüb. 2019-cu ildə bölgədə müstəqillik tələbi ilə etirazlar və iğtişaşlar baş verib. Hazırda ucqar dağlıq ərazilərdə separatçılarla hərbçilər arasında toqquşmalar davam edir.
Aminə ŞAHSUVARQIZI