"“Overthinking”, yəni həddindən artıq düşünmək, insanın müəyyən bir problemi və ya bir neçə məsələni davamlı şəkildə, təkrar-təkrar və əsasən mənfi istiqamətdə düşünməsi halıdır. İnsan hadisələrin pis nəticələnəcəyini düşünür, eyni ssenariləri beynində dəfələrlə canlandırır və nəticədə təşviş, stress və emosional gərginlik yaşayır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bu vəziyyət zaman keçdikcə insanın psixoloji durumuna ciddi təsir göstərir: "Həddindən artıq düşünmək təşviş pozuntularına, depressiyaya, panik ataklara, həyatdan küskünlüyə və özünə qapanmağa səbəb ola bilər. İnsan artıq gündəlik həyatında rahatlıq hiss etmir, daim gərgin və yorğun olur.
Bunun fonunda müxtəlif fiziki əlamətlər də ortaya çıxır. Məsələn, xroniki baş ağrıları, əzələ və sinir ağrıları, qarın ağrıları, nəfəs darlığı, zehni yorğunluq və yuxu problemləri müşahidə oluna bilər. Bəzi insanlar həddindən artıq qidalanmağa başlayır, bəziləri isə ümumiyyətlə iştahasını itirir.
Overthinking yaşayan insanlar çox vaxt keçmiş travmaların, stressli hadisələrin və emosional yüklərin təsiri altında olurlar. Onlarda özünəinam azalır, yeni addım atmaq qorxusu yaranır, səhv etməkdən çəkinirlər və yeni insanlarla ünsiyyətdən uzaqlaşırlar. Hətta yaxşı hadisələrdə belə mənfi nəticə axtarmağa başlayırlar.
Bu vəziyyət uzun müddət davam etdikdə insanın həm psixoloji, həm də fiziki sağlamlığına mənfi təsir göstərir. Belə hallarda peşəkar dəstəyə ehtiyac yaranır.
İlk növbədə psixoloq dəstəyi vacibdir. Terapiya vasitəsilə insan düşüncə tərzini idarə etməyi, stresslə mübarizə aparmağı və emosiyalarını düzgün yönləndirməyi öyrənə bilər.
Əgər vəziyyət daha ağırdırsa və uzun müddət davam edirsə, nevroloq və ya psixiatr müayinəsi, zərurət yarandıqda isə dərman müalicəsi tövsiyə oluna bilər.
Bundan əlavə, meditasiya, nəfəs məşqləri, düzgün yuxu rejimi, fiziki aktivlik və gündəlik həyat balansının qorunması bu problemin idarə olunmasına müsbət təsir göstərir.
Ən vacib məqam isə odur ki, insan bu vəziyyəti təkbaşına gizlətməyə çalışmamalı, vaxtında peşəkar dəstək almaqdan çəkinməməlidir".