EN

Erməni yaltaqlığı Vatikanda keçmədi

Başqasının ərazisindən, tarixindən, mədəniyyətindən, incəsənətindən və hətta mətbəxindən oğurluq edib özününküləşdirməyə vərdiş etmiş haylar həyasız əməllərini davam etdirməkdən çəkinmirlər. Baxmayaraq ki, dəfələrlə xəbərdar ediliblər, burunlarına zərbələr dəyib. Ermənistanın baş naziri Nikol Paşinyan ilk rəhbərdir ki, belə iyrənc işlərdən uzaq durmağa, qonşularla düşmənçilikdən əl çəkməyə, dinc yanaşı, əməkdaşlıq şəraitində davranmağa qərar verib. Ancaq revanşistlər, daşnaklar, başıpozuq din adamları isə inadkarlıqla buna qarşı çıxırlar. Onlar yaxınlaşan parlament seçkilərində Paşinyanı devirmək, öz sərsəm ideyalarını bərpa etmək üçün dəridən-qabıqdan çıxırlar.

Mətbuatın məlumatına görə, Livan ermənilərinin katolikosu I Aram Vatikanda Roma Papası XIV Leo ilə görüşüb. Ermənistanda çıxan “Hraparak” nəşrinə istinadla bildirilir ki, katolikos görüşdə ermənilərin Qarabağa qayıdışı mövzusunu qaldırsa da, Roma Papası onu məyus edib və bu haqda heç bir fikir bildirməyib. Görüşdə erməni kilsəsi ilə Vatikan arasındakı münasibətlərə toxunulub. Katolikos I Aram qondarma soyqırımı və Qarabağdan öz xoşu ilə köçən ermənilərin “öz müqəddəratını təyin etmək hüququ”nu yada salıb. O, yaltaq dilini işə salaraq bu məsələdə göstərdiyi dəstəyə görə Roma Papasına minnətdarlıq etsə də, ikincinin bu barədə hər hansı fikir söylədiyi açıqlanmayıb, yəni ermənilərin bu dəfəki riyakar planları saya alınmayıb.

Bəs canfəşanlıq edən I Aram kimdir? Zəhərli hörümçək torunun sahibi, Livandakı Böyük Kilikiya Kilsəsinin katolikosu I Aram ABŞ Prezidenti Donald Trampa məktub göndərərək onu Azərbaycan məhkəmələrində cavab verən qondarma “artsax rəhbərləri”nin azad edilməsində və ermənilərin Qarabağa qaytarılmasında səy göstəməyə çağırıb.

I Aram Prezident Trampı “artsax”la bağlı seçkiqabağı mövqeyini bir daha təsdiqləməyə çağırıb. Erməni katolikos, həmçinin regionda sülhün təmin edilməsində ABŞ-ın güclü rəhbərliyinə ehtiyac olduğunu vurğulayaraq, Trampın bu məsələlərin həllində iştirakının onun qlobal sülhməramlı rolunu gücləndirəcəyini diqqətə çatdırıb. I Aram Trampa yazdığı məktubda daha sonra yaltaqlanaraq onu tərfləyən bolluca ifadələrə yer verib. Bir az da aşağı enərək yalvarıcı tərzdə ermənilərin “məzlumluğundan” və “yazıqlığından” bəhs edib.

Qeyd edək ki, Roma Papası 2025-ci ilin mayında seçilmiş ABŞ əsilli kardinal Robert Frensis Prevodur. O, Müqəddəs Taxt-Taca seçilən ilk amerikalı Roma Papasıdır. Yeri gəlmişkən, qeyd edək ki, razılaşdırıldığına əsasən Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib. Vatikan 1992-ci ilin mayında Azərbaycanın dövlət müstəqilliyini tanıyandan sonra Müqəddəs Taxt-Tacla münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyev 2005, 2015, 2020-ci illərdə Vatikana səfər edib və yüksək səviyyədə qarşılanıb. Dünyada 1 milyard 300 milyon katolikin müqəddəs yeri olan Vatikan beynəlxalq geopolitik siyasətə ciddi təsir gücünə malikdir. Xüsusilə Avropa ölkələrində Papanın hökmünün hüdudu yoxdur. Özlərini çoxbilmiş hesab edən haylar da bundan sui-istifadə etməyi düşünüblər. Ancaq unudublar ki, bəşəriyyətin yaxşı tanıdığı, hörmət etdiyi sivil insanlar onların separatçı hərəkətlərinə və vəhşiliklərinə haqq qazandırmaz və haqsızlığa dəstək verməz.

Artıq dünyada bilməyən yoxdur ki, vaxtilə Azərbaycan ərazilərində müvəqqəti qonaq kimi yaşamağa gətirilən ermənilər çar Rusiyasının hərtərəfli köməyi ilə Cənubi Qafqazda hansı hoqqalardan çıxıblar. Məhz onlar iki yüz ildir ki, Azərbaycanı qan çanağına döndəriblər. Çünki xislətlərinə uyğun olaraq qan tökmədən yaşaya bilmirlər. Lakin 2020-ci ilin payızından bəri bölgədə sakitlikdir, sərhəddə güllə atılmır, daha qan axıdılmır, ailələr müsibət görmür. Bundan narazı qalan daşnakların, revançistlərin və “quzu” libasına bürünmüş xəbis keşişlərin qan axıtmaq mərəzi daha da şiddətlənir. Həmin pozucu qüvvələr Xocalı qatili, keçmiş prezident Robert Koçaryanın ətrafında birləşib hakimiyyəti ələ keçirməyə, müharibə ritorikasını yenidən alovlandırmağa girişiblər. Murdar niyyətli I Aram da Roma Papasına bu məqsəd üçün ilan dili çıxarıb. Ancaq “oxu daşa dəyib.”

Katolikos I Aramın şəxsiyyətini alçaldaraq Papaya etdiyi yaltaqlıq heç bir effekt verməyib. O, geriyə əllərii ətəyindən uzun qayıdıb. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışan Nikol Paşinyanın barışmaz düşmənlərindən biri olan bu adam II Qareginin (Ktrıc Nersisyan) arxasında durmaqda davam edir. Xatırladaq ki, baş nazir onu vəzifəsindən azad etmək tələbini irəli sürəndə I Aram baş keşişin yanında idi. Məlum olur ki, I Aram da düzgün yolun yolçusu deyil. Beləliklə, daşnakın ağına da lənət, qarasına da.

Vəli İlyasov, “İki sahil”

Chosen
28
ikisahil.az

1Sources