EN

“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ

Son dövrlər reklamlarda, xəbərlərdə və sosial mediada “IPO” sözünü daha çox eşidirik. Amma etiraf edək ki, bir çox insan üçün bu anlayış hələ də uzaq görünür. İnvestisiya, səhm, treydinq, istiqraz kimi sözlər çox vaxt bizdən kənar bir dünyanın anlayışları kimi qəbul olunur.

Bu mövzu ətrafında "CFI Azərbaycan"ın İcraçı direktoru (CEO-su) Pərvanə Qasımova ilə söhbətləşdik.


- Kapital bazarları inkişaf etmiş ölkələrdə bankların IPO-su maliyyə sisteminin yetkinlik göstəricisi kimi qəbul edilir. Hazırda PAŞA Bank tərəfindən keçirilən IPO bizim iqtisadiyyatımız və xarici investorlar üçün hansı mesajı verir?

- Oxucularımıza ilk öncə IPO-nun mənasını da aydınlaşdırmaq istərdim. Sadə dildə desək, bu, şirkət səhmdarlarının gəliri və şirkətin özünü digər şəxslərlə bölüşməsidir. Yəni fərz edək ki, siz və mən bir şirkət yaratdıq, şirkəti inkişaf etdirdik və həmin şirkətin müəyyən hissəsini digər investorlar üçün təklif edirik. Bax, məhz bu prosesi biz ilk dəfə etdikdə buna səhmlərin ilkin kütləvi yerləşdirilməsi deyilir. İngilis dilində buna “Initial Public Offering” deyilir və abreviatura kimi biz bunu IPO adlandırırıq.

PAŞA Bank Azərbaycanda IPO həyata keçirən ilk kommersiya şirkətidir. Ümumiyyətlə, IPO-ya çıxan şirkətləri mən cəsarətli şirkətlər adlandırardım. Bundan əlavə, ölkədə nə qədər çox listinqə düşən şirkət olsa, bir o qədər ölkənin investisiya mühitinin yüksək olduğunu göstərir.

- Tarixən bizim vətəndaşlar bankla münasibətdə yalnız iki rola öyrəşiblər: kredit götürən və ya əmanətçi (depozit qoyan). Səhm almaq isə prinsipial olaraq üçüncü bir roldur: burada insan sadəcə xidmət istehlakçısı deyil, biznesin şərikli iştirakçısına çevrilir. Bu rol dəyişikliyi insanın gündəlik maliyyə təfəkkürünü necə dəyişir?

- İnsanların davranışında bu mövzularda bir paradoks yaşanır. Son vaxtlar IPO sözünü reklamlarda çox eşidirik. Hər birimiz bəlkə də bu sözü eşidib onu özümüzə yaxınlaşdıra bilmirik. Sanki düşünürük ki, bu müasir sözlər bizdən çox uzaqdır. Eyni yanaşma ümumiyyətlə investisiya, treydinq, səhm, istiqraz və s. kimi sözlərlə bağlı da yaranır beynimizdə. Bununla da biz özümüzü daha çox istehlakçı yanaşmasına yaxınlaşdırırıq.

Bəzən gileylənirik ki, niyə bizdə kapital bazarı inkişaf etmir? Niyə kifayət qədər qiymətli kağızlar bazarı yoxdur? Əslində bunu bir az da özümüz etmişik. Artıq bütün dünya bu bazarla tanış olduğu halda, biz hələ də ondan uzaq gəzirik. Ölkəmizdə artıq ikinci IPO təşkil olunur və baxın, hər ikisi də bank sektorundandır. Banklar isə bizə yaxındır. Demək olar ki, hər bir ailənin ən azı bir kredit kartı və ya istehlak krediti var.

Lakin bizə deyəndə ki, bankın səhmini, yəni bir hissəsini ala bilərsən, nədənsə şübhəli yanaşırıq. Halbuki bankın əsas mənfəətliliyini elə özümüz faiz və komissiyalar ödəməklə formalaşdırırıq.

Məncə burada düşünməyə dəyər bir məqam var.

Ümumiyyətlə, bir səhm almaq insanda sanki bir şirkətə sahiblənmək hissi yaradır. Sonra yavaş-yavaş başqa şirkətlərin səhmlərinə də maraq göstərməyə başlayırsan və uzun bir investisiya yoluna qədəm qoyursan.

- Əlbəttə, hər sahədə olduğu kimi burada da uğurlu və uğursuz təcrübələr mövcuddur. Ancaq mən düşünürəm ki, keçmişdə yaşanan uğursuz təcrübələr kapital bazarına və investisiya anlayışına ümumi yanaşmanı formalaşdırmamalıdır.

- Bu gün Azərbaycan fərqlidir. Azərbaycan iqtisadi baxımdan yeni transformasiya mərhələsinə daxil olur. Bu dəyişikliklər yaranan zaman isə yeni fürsətlər də açılır.

Bir ailə hansısa şirkətin səhmlərini alarkən əslində həm də sosial dəyişiklik yaratmış olur. O ailədə yeni söhbətlər, yeni müzakirələr yaranır. Biz bir az geciksək də, həmin ailədə uşaqların maliyyə baxımından daha savadlı böyümək ehtimalı artır.

Məncə harada eşitsəniz ki, hansısa şirkətin səhmləri satışa çıxarılır, mütləq maraqlanın və araşdırın.

- Səhmlərə sahib olmaq insanın maliyyə düşüncəsinə necə təsir edir?

- Səhmlərə sahib olmağı müəyyən mənada maliyyə passivliyinə qarşı bir növ “peyvənd” adlandırmaq olar. Çünki səhmlər insanı yalnız vəsaiti saxlamağa deyil, iqtisadi proseslərdə iştirak etməyə, kapitalını artırmaq imkanlarını araşdırmağa və uzunmüddətli maliyyə düşüncəsini formalaşdırmağa təşviq edir. Lakin bu “peyvənd” yalnız maliyyə savadlılığı və risklərin düzgün idarə olunması ilə effektiv olur.

- İnsanlar heç bir şübhə etmədən öz yığımlarını depozit şəklində banka etibar edirlər, lakin həmin bankın səhmini almaqdan kəskin şəkildə qorxurlar. Bu psixoloji ziddiyyətin kökü haradan qaynaqlanır və bunun əsas səbəbi nədir?

- Mən bu paradoksa bir əlavə də edim. İnsanlar investisiya etməkdən çəkinirlər, lakin əgər bir insana 60% və daha yüksək gəlirlilik vədi ilə investisiya imkanı təklif etsəniz, bir çox hallarda onu araşdırmadan belə həmin investisiyalara son vəsaitlərini yatırırlar. Belə hallar hamımıza məlumdur.

Bu sualı bir qədər açıq qoyacağam. Çünki hesab edirəm ki, bu gün əsas fokus investor düşüncəsinin formalaşdırılmasına yönəlməlidir.

- Bir çoxları üçün fond bazarı hələ də ya əlçatmaz Wall Street, ya da 90-cı illərin maliyyə piramidalarının ağrılı təcrübəsi ilə assosiasiya olunur. Əgər bu mifləri kənara qoysaq, sıravi bir insanla onun “ilk səhmi al” düyməsini sıxmaq qərarı arasında obyektiv olaraq nə dayanır?

- Əminəm ki, “ilk səhmi al” qərarı heç də vəsait çatışmazlığı ilə əlaqəli deyil. Burada əsas maneələr məlumat azlığı, maliyyə savadlılığının yetərsizliyi və psixoloji baryerlərdir.

Bizim ən böyük problemlərimizdən biri qısa müddətdə və böyük gəlirlərlə varlanmaq istəyidir. Hətta çox kiçik investisiya ilə sürətli zənginləşmə gözləntisi formalaşır.

Lakin sürətli qazanc vədləri çox zaman mifdən ibarət olur.

İnvestisiya mədəniyyəti birdəfəlik böyük qərardan deyil, vərdişdən başlayır.

İnsan gündəlik həyatında istehlak xərcləri ilə yanaşı, investisiyanı da maliyyə davranışının bir hissəsinə çevirməlidir. Əsas məqsəd qısa müddətdə varlanmaq deyil, zamanla ardıcıl şəkildə portfel formalaşdırmaq və kapital yaratmaqdır.

- Birjaya çıxmaq son deyil, sadəcə bir başlanğıcdır. Əgər bank səmimi olaraq cəmiyyətdə maliyyə mədəniyyətini dəyişməyi qarşısına məqsəd qoyursa, IPO başa çatdıqdan sonra o, bazarda hansı əsas rolu oynamalıdır? O, öz investorunu necə dəstəkləməlidir?

- Bəli, tamamilə düzgündür. Xüsusilə inkişaf etməkdə olan bazarlarda bu məsələ olduqca həssasdır. Əgər ilk investorlar bazarda düzgün yanaşma və sağlam korporativ davranışla qarşılaşırsa, bu, qarşıya qoyulan məqsədə nail olunduğunu göstərir.

Hüquqi şəxslər üçün düzgün davranışın əsas göstəricisi isə şəffaflıqdır.

Maliyyə hesabatlarının açıqlanması dövrü investorlar üçün adətən yüksək emosional gözləntilərlə müşayiət olunur. Çünki investor məhz həmin anda verdiyi investisiya qərarının nə dərəcədə əsaslı və düzgün olduğunu qiymətləndirmək imkanı əldə edir.

Burada yalnız maliyyə nəticələri deyil, etimad və korporativ münasibətlər də önəm daşıyır.

Şirkət öz səhmdarları qarşısında hesabatlı olduğunu davamlı şəkildə nümayiş etdirməli, onları mühüm qərarların müzakirəsi və qəbul edilməsi prosesinə cəlb etməlidir.

Xüsusilə minoritar səhmdarlara münasibətdə daha həssas və ədalətli yanaşma vacibdir. Çünki onların səs hüququ bir çox hallarda qərarların nəticəsinə birbaşa təsir göstərmir.

Lakin onların maraqlarına zidd qərarların qəbul edilməməsi, hüquqlarının qorunması və proseslərdə nəzərə alınması kapital bazarına inamı gücləndirən əsas amillərdən biridir.

Məhz bu yanaşma uzunmüddətli investor etimadını və sağlam investisiya mühitini formalaşdırır.

- Əgər on il sonraya nəzər salsaq, bu addımın hədər yerə atılmadığının əsas qeyri-maddi meyarı nə olacaq?

- Əgər on il sonraya baxsaq, bu addımın uğurunu yalnız maliyyə göstəriciləri ilə ölçməzdim. Məncə əsas qeyri-maddi meyar insanların düşüncə tərzindəki dəyişiklik olacaq.

Uğur o zaman olacaq ki, insanlar qısa müddətdə varlanmaq istəyindən uzaqlaşıb uzunmüddətli planlaşdırma və kapital formalaşdırma mədəniyyətini mənimsəsinlər.

O zaman olacaq ki, istehlak davranışları ilə yanaşı investisiya davranışları da gündəlik həyatın adi hissəsinə çevrilsin.

Digər mühüm göstərici isə etimaddır. İnsanlar şirkətlərdən yalnız gəlir gözləməyəcək, həm də şəffaflıq, hesabatlılıq və korporativ məsuliyyət tələb edəcəklər.

Şirkətlər isə öz növbəsində səhmdarlarını, o cümlədən minoritar investorları qərarvermə prosesinin iştirakçısı kimi qəbul edəcək.

Bu qarşılıqlı münasibət bazarda daha sağlam davranış formalaşdıracaq.

Bu dəyişikliklərin iqtisadiyyata təsiri isə daha dərin olacaq. Çünki investisiya mədəniyyəti formalaşdıqca vətəndaşların yığımları passiv vəsait kimi qalmaq əvəzinə iqtisadi dövriyyəyə daxil olacaq, şirkətlərin inkişafına yönələcək və yeni layihələrin maliyyələşməsinə xidmət edəcək.

Bu isə bizneslərin böyüməsini, yeni iş yerlərinin yaranmasını və iqtisadiyyatın daha dayanıqlı inkişafını dəstəkləyəcək.

Əgər on ildən sonra vətəndaş özünü sadəcə istehlakçı deyil, həm də iqtisadi proseslərin iştirakçısı, investor və kapital sahibi kimi görərsə, düşünürəm ki, bu, ən böyük uğur olacaq.

- Müsahibəyə görə, təşəkkür edirəm.

CFI AzerbaijanPərvanə Qasımovakapital bazarısəhm almaqinvestisiya mədəniyyətiinvestor düşüncəsimaliyyə savadlılığıAzərbaycanda IPOAzərbaycanda kapital bazarıPAŞA Bank səhmlərisəhmlərin ilkin kütləvi yerləşdirilməsiInitial Public OfferingIPO nədirsəhm investisiyasıAzərbaycanda investisiyaminoritar səhmdarlarkorporativ şəffaflıqinvestor etimadımaliyyə mədəniyyətiAzərbaycan fond bazarısəhm bazarıqiymətli kağızlar bazarıinvestisiya davranışımaliyyə passivliyimaliyyə passivliyinə qarşı peyvənduzunmüddətli investisiyakapital formalaşdırılmasıinvestor təfəkkürüIPO müsahibəsiPAŞA Bank investisiyabank IPO-suAzərbaycanda səhm bazarımaliyyə bazarlarıtreydinqsəhmlərə yatırımistiqraz bazarışirkət səhmlərikapital bazarının inkişafıIPOPAŞA Bank IPO
Chosen
36
marja.az

1Sources