EN

Henk Ovink: “Bakının memarlığı sosial və ekoloji çağırışlara uğurla cavab verir”

Henk
“Bu gün dünya iqlim, su ehtiyatları və urbanizasiya sahəsində ciddi çağırışlarla üz-üzədir və bu məsələləri bir-birindən ayrı şəkildə nəzərdən keçirmək mümkün deyil”. Bunu 1news.az-ın müxbirinə Qlobal Su İqtisadiyyatı Komissiyasının icraçı direktoru, Niderlandın sabiq su məsələləri üzrə xüsusi nümayəndəsi Henk Ovink Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü çərçivəsində deyib.
Henk Ovink vurğulayıb ki, bu gün şəhərlər quraqlıq, ətraf mühitin çirklənməsi və daşqınlar kimi problemlərlə üzləşir. Bununla yanaşı, su sağlamlıq, sanitariya, mənzil təminatı və ekologiya baxımından həyati əhəmiyyət daşıyır. O qeyd edib ki, su gündəliyi şəhərsalma ilə bağlı qlobal müzakirələrin mərkəzinə çıxarılmalı, urbanizasiya məsələlərinə isə beynəlxalq su diplomatiyasında daha çox diqqət ayrılmalıdır. Azərbaycanla bağlı təəssüratlarını bölüşən Ovink bildirib ki, bu, onun COP29-dan sonra ölkəyə ikinci səfəridir və o, Bakının qonaqpərvərliyini yüksək qiymətləndirir. “Bakı suya yönəlmiş və bu potensialdan düzgün istifadə edən şəhərdir. Su ilə şəhər arasında çox dərin əlaqə mövcuddur”, - deyə o bildirib. Qonaq Bakının memarlığından danışarkən şəhərdə dizayn və ictimai məkanlara göstərilən diqqətin aydın hiss olunduğunu vurğulayıb. Onun sözlərinə görə, yerli memarlıq sosial, ekoloji və iqtisadi çağırışları vahid urbanistik baxış çərçivəsində uğurla birləşdirir. WUF13-ü əvvəlki forumlarla müqayisə edən Henk Ovink qeyd edib ki, Bakıdakı forum planet üçün son dərəcə həssas və mühüm bir dövrdə keçirilir. O əlavə edib ki, hazırda dünya mənzil böhranı yaşayır və bu sahə forumun əsas diqqət mərkəzindədir. Sonda o, geosiyasi çətinliklərə baxmayaraq beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb:

“Biz burada insanları və bəşəriyyətin tükənən resurslar şəraitində necə dayanıqlı yaşaya biləcəyini əsas prioritet kimi müəyyən edən ümumi gündəlik ətrafında toplaşmışıq”, - deyə Henk Ovink yekunlaşdırıb.

Chosen
66
1news.az

1Sources