Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin səfəri çərçivəsində Azərbaycan və Gürcüstan arasında yeni kommünike imzalanıb. Prezident İlham Əliyev və İrakli Kobaxidzenin iştirakı ilə imzalanan təsdiq olunan sazişlər iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə niyyəti ifadə edir. İmzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və birgə nəqliyyat bağlantılarının inkişaf etdirilməsi daxildir. Hərtərəfli sazişlər toplusunun imzalanması iki qonşu və dost ölkə arasında möhkəm strateji tərəfdaşlığı bir daha təsdiqləyir.
Nəqliyyat sahəsində əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi Azərbaycan və Gürcüstan arasında birbaşa kommunikasiyanı təmin edən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpa olunmasıdır. Pandemiya ilə əlaqədar fəaliyyətinə fasilə verilmiş bu dəmir yolu marşrutunun açılması xeyli vaxtdır ki, hər iki ölkənin müvafiq qurumları və hökumət üzvləri tərəfindən müzakirə olunurdu və artıq yekun qərar qəbul edildi. Tərəflər arasında əldə edilmiş anlaşmaya əsasən, Bakı-Tbilisi sərnişin qatarının mayın 26-dan işə düşməsi gözlənilir. Qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalındakı dayanacaqda sərnişinləri qəbul edəcək.
ADY-dən verilən məlumata görə, bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək.
Bakı - Tbilisi - Bakı marşrutu üzrə gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir.
Qeyd edək ki, beynəlxalq istiqamətlər üzrə gedişhaqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir. Bakı - Tbilisi - Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir. Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir.
Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir.
Xatırladaq ki, 2019-cu ildə Bakı - Tbilisi - Bakı marşrutu üzrə istismar olunan köhnə qatarlar artıq istismardan çıxarılıb. Hazırda isə reyslər müasir “Stadler” vaqonları ilə həyata keçiriləcək. Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir.
Sərfəli və əlçatan tarif tətbiq olunacaq
Hazırda marşrut üzrə sərnişindaşımanın təşkili və digər texniki məsələlərlə bağlı tərəflər arasında müvafiq işlər davam etdirilir. Marşrut üzrə tariflərə gəlincə, hələlik yekun qiymət müəyyən edilməyib və bu istiqamətdə müvafiq ikitərəfli təhlillər aparılır. Tarif təyinatı zamanı dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, lokomotiv və xidmət xərcləri, enerji istehlakı, sərhəd-keçid prosedurları, texniki xidmət tələbləri və tranzit hesablamaları nəzərə alınacaq. Bu dəyərləndirmələr zamanı, həmçinin qatarın yerin konfiqurasiyası, vaqon tipi və yerlərin vəziyyətinə uyğun bir neçə tarif təyin ediləcək. İstənilən halda tariflərin sərfəli və əlçatan olacağı istisna deyil.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyətinin bərpa olunması sözsüz ki, mühüm iqtisadi-sosial hadisə olmaqla, quru sərhədlərinin açılması istiqamətində ilk addımdır. Gün ərzində yüzlərlə sərnişinin Gürcüstan sərhədini keçməsi faktiki olaraq quru sərhədlərindən maneəsiz hərəkətin təmin edilməsi demək olacaq. Bu, növbəti mərhələdə digər nəqliyyat növləri, o cümlədən avtobus və fərdi minik avtomobillərinin də həmin sərhəddən keçidinə zəmin yarada bilər. Sözsüz ki, təhülkəsizlik, miqrasiya, sərhədkeçmənin vəziyyəti, regiondakı geosiyasi amillər və s. dərin məsələlər quru sərhədlərinin açılmasında mühüm faktorlardır və bu barədə tələsik qərar vermək də düzgün olmazdı. Azərbaycan hökuməti hər zaman düşünülmüş və düzgün qərarlar verir, ona görə də, şəraitə və regiondakı proseslərə uyğun olaraq gələcəkdə digər addımlar atılacaq.
Turizm, xidmət və əmtəə mübadilələrində yeni imkanlar
Gürcüstanla sərnişindaşımada dəmir yolu bağlantısının qurulması isə iqtisadi, sosial, turizm, xidmət və və digər amillər baxımından mühüm faydalar gətirəcək.
İlk növbədə, Gürcüstanda yaşayan 400 mindən çox azərbaycanlının ölkəmizə gediş-gəlişi üçün rahat hərəkət infrastrukturu formalaşacaq. Eləcə də, Azərbaycanda yaşayan soydaşlarımızın öz qohumlarını, yaxınlarını görmək üçün dəmir yolundan istifadəsi səyahət saylarını xeyli yüksəldəcək. Bu, həm də xarici turistlər üçün əlverişli imkan açacaq. Turizm sektorunda qonaqların hərəkət cədvəlində dəmir yolu nəqliyyatı xüsusi yer tutur. Sərnişin daşımalarının yenidən bərpası daha sərfəli səyahət imkanlarına üstünlük verən xarici turistlərin bu qatarla Azərbaycana gəliş saylarını artıra bilər.
Hər iki ölkə Cənubi Qafqazın nəqliyyat və turizm qapısıdır, bu baxımdan turizm və xidmət sektorlarında canlanma daha da artacaq, qarşılıqlı əmtəə mübadilələrində də yüksək templər qeydə alınacaq.
Azərbaycan-Gürcüstan münasibətləri yalnız iki ölkənin maraqlarına deyil, ümumilikdə regional inkişafa - sabitliyin güclənməsinə, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə xidmət edir. Bu baxımdan nəqliyyat bağlantılarının möhkəmləndirilməsi və Bakı-Tbilisi-Bakı dəmir yolu qatarının fəaliyyətinin bərpa olunması dövlətlərarası münasibətlərin inkişafını irəliyə aparmaqla yanaşı, regional tranzitlərin diversifikasiyasına da mühüm töhfə verəcək.
E.CƏFƏRLİ