EN

Rusiyanın Ermənistandakı casus şəbəkəsi ilə bağlı YENİ DETALLAR

Ermənistan Baş naziri Nikol Paşinyan Vanadzorda keçirdiyi seçki mitinqində bəyan edib ki, Milli Təhlükəsizlik Xidməti səhər saatlarında İstintaq Komitəsinə "vətənə xəyanət" faktı ilə bağlı rəsmi müraciət göndərəcək. İşin əsas fiqurantı isə politoloq, "Ana Ermənistan" partiyasının sədri və hazırda Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyasının seçki siyahısında yer alan Andranik Tevanyandır.

Bizim.Media xəbər verir ki, Baş nazirin sözlərinə görə, məqsəd "bu casus şəbəkəsinin kökünü birdəfəlik kəsməkdir".

Andranik Tevanyan Paşinyanın uzunillik və barışmaz tənqidçilərindəndir. O, 2021-ci il parlament seçkilərində Robert Koçaryanın "Ermənistan" blokundan deputat seçilsə də, 2023-cü ildə İrəvan Ağsaqqallar Şurasına (bələdiyyə) seçkilərə qatılmaq üçün mandatından imtina etmişdi. Onun rəhbərlik etdiyi "Ana Ermənistan" bloku həmin vaxt 15,4% səs toplayaraq üçüncü olmuşdu. İndi isə o, biznes aktivləri tamamilə Rusiyaya bağlı olan Qaqik Tsarukyanın komandasındadır.

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində hakimiyyətə gəlmək istəyən müxalifət düşərgəsi, demək olar ki, tamamilə bioqrafiyası Moskva ilə kəsişən şəxslərdən ibarətdir:

Samvel Karapetyan: Rusiyanın ən böyük tikinti imperiyalarından olan "Taşir Holdinq"in sahibi. Onun "Güclü Ermənistan" partiyası hazırda müxalifətin əsas lokomotivinə çevrilib.

Robert Köçəryan: Keçmiş prezident, "1 mart 2008-ci il" qanlı hadisələrinin əsas fiqurantı və Moskvanın uzunillik sevimlisi.

Qaqik Tsarukyan: Rusiyalı tərəfdaşları ilə sıx iqtisadi-siyasi əlaqələri olan milyarder.

"The Insider" nəşrinin bu şəxslərin Rusiya Xarici Kəşfiyyat (SVR) və Federal Təhlükəsizlik Xidməti (FSB) zabitləri ilə şəxsi təmaslarına dair ifşaedici materialına Rusiya XİN sözçüsü Mariya Zaxarovanın reaksiyası da gözlənilən oldu. Zaxarova "bu, yalandır" demək əvəzinə, "bu, sinizmdir" ifadəsini işlətdi.
 

Eyni zamanda Rusiyanın "Sputnik Ermənistan", "RIA Novosti" və TASS kimi dövlət media resursları erməni seçicilərinə yönəlmiş böyük bir təbliğat maşını kimi işləyir. Onlar Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının nüfuzdan düşdüyünü göstərmək üçün hər bir insidenti (itkin düşmüş hərbi həkimin bacısının baş nazirə sərt cavabı, Taşirdəki toqquşmalar və s.) sinxron şəkildə işıqlandırırlar.


Burada media filtri çox rəhimdilər: Paşinyana zərbə vuran hər şey efirə gedir, onun rəqiblərini ifşa edən məqamlar isə xəbər lentindən çıxarılır.

Paşinyanın qəzəbli çıxışlarının arxasında dayanan real təhlükə də məhz budur. İyunun 7-də hakimiyyətə can atan erməni müxalifəti planlarını gizlətmir: Köçəryan Ermənistanı "normal müttəfiqlərin (Rusiyanın) orbitinə qaytarmağı", Karapetyan "2020-ci ildən sonra imzalanmış hər şeyə yenidən baxmağı", Tsarukyan isə "kapitulyasiya məntiqindən çıxmağı" vəd edir.

Bunun rəsmi deşifrəsi isə bəllidir: Azərbaycanla əldə olunmuş sərhəd razılaşmalarının ləğvi, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərin təftişi, Ankara ilə normallaşma prosesinin dondurulması və bölgəyə yenidən Rusiya hərbi mövcudluğunun idxal edilməsi. Bu isə Cənubi Qafqazı yenidən 2020-ci il müharibəsinə aparan dağıdıcı məntiqlə eynidir.

İyunun 7-də keçiriləcək seçkilərdə Cənubi Qafqazın sülh relsində qalıb-qalmayacağı, yoxsa Ermənistanda yeganə məqsədi revanş olan yeni bir hökumətin hakimiyyətə gələcəyi həll olunacaq. (Mənbə: Haqqin.az)

Bizim.Media

Chosen
7
bizim.media

1Sources