EN

Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycanın şəhərsalma siyasəti, tarixi-mədəni irsin qorunması, müasir şəhər inkişafı və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat verib.

Dövlət başçısı çıxışına forumun miqyası və beynəlxalq əhəmiyyətindən bəhs etməklə başlayaraq bildirib ki, tədbir dünya ölkələri tərəfindən böyük maraqla qarşılanıb. Onun sözlərinə görə, forumda iştirak etmək üçün 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib və bu göstərici indiyədək qeydə alınmış ən yüksək iştirakçı saylarından biri hesab edilə bilər. Prezident bu tədbirin Azərbaycanda keçirilmiş COP29-dan sonra ölkənin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq platformadır və Ümumdünya Şəhərsalma Forumunun da mühüm nəticələrlə yadda qalacağına ümid etdiyini ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın tarixi-coğrafi mövqeyinə də toxunaraq bildirib ki, ölkə tarixən Şərq ilə Qərbin qovuşduğu məkan olub və bu xüsusiyyət Azərbaycan memarlığında və şəhərsalma ənənələrində də öz əksini tapıb. Eyni zamanda Bakının memarlıq siması qədim tarixlə müasir inkişafın vəhdətini əks etdirən nadir nümunələrdən biridir. Prezident qeyd edib ki, İçərişəhərin qədim küçələri ilə müasir şəhər infrastrukturu arasında yaradılmış uyğunluq Azərbaycanın tarixi irsə münasibətinin və inkişaf siyasətinin göstəricisidir. Şəhərsalma siyasəti Azərbaycanda yalnız paytaxtın inkişafı ilə məhdudlaşmır və ölkənin müxtəlif regionlarında da sistemli şəkildə həyata keçirilir. O xatırladıb ki, ölkədə cari il “Şəhərsalma və Memarlıq İli” elan olunub və bu istiqamətdə beynəlxalq əməkdaşlıq daha da genişləndirilir. Prezident qeyd edib ki, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə birgə işğaldan azad edilmiş ərazilərdə şəhərsalma forumları keçirilir.

Çıxış zamanı Azərbaycanın zəngin tarixi-memarlıq irsinə də xüsusi diqqət ayrılıb. Bildirilib ki, Azərbaycanın qədim şəhərləri ölkənin mədəni kimliyini və tarixi irsini özündə əks etdirir. Dövlət başçısı Şamaxı şəhərində yerləşən qədim məscidi, Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsini, Gəncə şəhərinin tarixi irsini, eləcə də Qəbələ, Şəki və Lahıc kimi yaşayış məntəqələrinin memarlıq nümunələrini xüsusi qeyd edib. Prezident vurğulayıb ki, bu irsin qorunması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Dövlət başçısı şəhərlərin inkişafı ilə tarixi irsin qorunması arasında tarazlığın təmin edilməsinin vacibliyinə də diqqət çəkib. O bildirib ki, müasirləşmə prosesləri davam etsə də, tarixi və memarlıq irsinin qorunmasına münasibətdə son dərəcə həssas və məsuliyyətli yanaşma nümayiş etdirilməlidir.

Prezident İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərinə də xüsusi yer ayırıb. O qeyd edib ki, uzun illər işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur əraziləri tamamilə dağıdılıb, bir sıra şəhərlər ağır dağıntılara məruz qalıb. Bəzi beynəlxalq müşahidəçilər Ağdam şəhərini dağıntıların miqyasına görə “Qafqazın Xirosiması” adlandırıblar.

Dövlət başçısının sözlərinə görə, Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, şəhər və kəndlərin baş planları hazırlanır. Son beş il ərzində onlarla kilometr uzunluğunda tunellər çəkilib, yüzlərlə körpü inşa edilib, məktəblər, xəstəxanalar, elektrik stansiyaları, su infrastrukturu obyektləri və beynəlxalq hava limanları istifadəyə verilib. Hazırda isə on minlərlə vətəndaş öz doğma torpaqlarına qayıdaraq həmin ərazilərdə yaşayır, çalışır və təhsil alır.

Prezident çıxışında Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə də toxunub. O bildirib ki, uzun illər ərzində neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşmiş ərazilərdə genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılıb. Dövlət başçısı vaxtilə çirklənmiş sənaye zonası kimi tanınan Qara şəhərin müasir Ağ şəhər layihəsi çərçivəsində tamamilə yeni şəhərsalma modelinə çevrildiyini diqqətə çatdırıb. Prezident əlavə edib ki, son illər ərzində Bakıda çoxsaylı parklar, ictimai məkanlar və yaşıllıq zolaqları salınıb, ekoloji dayanıqlılığa əsaslanan şəhər inkişafı istiqamətində mühüm addımlar atılıb.

Çıxışının sonunda Prezident İlham Əliyev beynəlxalq əməkdaşlığın şəhərsalma sahəsində mühüm rol oynadığını vurğulayaraq bildirib ki, belə platformalar ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, yeni yanaşmaların öyrənilməsinə və şəhər inkişafı ilə bağlı gələcək prioritetlərin müəyyənləşdirilməsinə mühüm töhfə verir. Dövlət başçısı Azərbaycanın bundan sonra da müasir, dayanıqlı şəhərsalma siyasətini davam etdirəcəyini diqqətə çatdırıb.

Anar Abbasov
Xırdalan şəhər bələdiyyəsinin sədri



Chosen
12
1
aia.az

2Sources