EN

Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək?

Ukrayna Gürcüstanla münasibətləri normallaşdırmağa və əməkdaşlığı gücləndirməyə çalışır. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

"Xarici işlər naziri Andrey Sibiqa da Gürcüstan xarici işlər naziri ilə ünsiyyəti barədə məlumat verib. Biz münasibətləri normallaşdırmağa və qarşılıqlı hörmət və qarşılıqlı gücləndirmə əsasında əməkdaşlıq etməyə çalışırıq", - deyə bildirib.

O əlavə edib ki, Ukrayna münasibətləri normallaşdırmaq üçün Gürcüstan istiqamətində addımlar atmağa hazırdır. Ukrayna prezidentinin bu addımı Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın üzv olduğu GUAM təşkilatının yenidən siyasi meydanlara qayıdacağı mövzusunu aktuallaşdırıb.

Bəllidir ki, son illərdə Ukrayna ilə Gürcüstan arasında münasibətlər müəyyən gərginlik mərhələsi keçib. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Kiyev Tiflisinin Moskvaya qarşı sərt mövqe tutmamasını və sanksiyalara tam qoşulmamasını tənqid edirdi. Gürcüstan isə öz növbəsində daha ehtiyatlı və balanslaşdırılmış xarici siyasət kursunu əsaslandırmağa çalışırdı. Bu yanaşma ölkənin həm təhlükəsizlik narahatlıqları, həm də iqtisadi və siyasi reallıqları ilə bağlı idi.

Zelenskinin indi “münasibətləri normallaşdırmaq” çağırışı əslində Ukraynanın daha geniş diplomatik strategiyasının tərkib hissəsidir. Müharibə şəraitində olan bir dövlət üçün regional tərəfdaşlıqların qorunması və genişləndirilməsi həyati əhəmiyyət daşıyır. Gürcüstan bu baxımdan həm coğrafi, həm də siyasi baxımdan vacib mövqedədir. Qara dəniz hövzəsində yerləşməsi və Avropa ilə inteqrasiya ambisiyaları bu iki ölkəni təbii tərəfdaşlara çevirir.

Digər tərəfdən, Kiyev anlayır ki, bütün tərəfdaşlardan eyni səviyyədə siyasi dəstək gözləmək real deyil. Buna görə də daha praqmatik yanaşma seçərək, Cənubi Qafqazda və Qara dənizdə zəifləmiş qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında münasibətləri yenidən qurmağa çalışır. Bu, eyni zamanda regionda təcrid risklərini azaltmağa yönəlmiş addım kimi də qiymətləndirilə bilər.

Gürcüstanın mövqeyi isə hələ də ehtiyatlı olaraq qalır. Rusiya ilə açıq qarşıdurmadan yayınmaq istəyi, daxili siyasi sabitliyin qorunması və çoxvektorlu xarici siyasət kursu Tiflisin qərarlarını şərtləndirən əsas amillərdəndir. Bu prosesin real nəticələr verib-verməyəcəyi isə əsasən Gürcüstanın gələcək xarici siyasət seçimlərindən və regionda geosiyasi dinamikanın necə inkişaf edəcəyindən asılı olacaq.

Yeri gəlmişkən, Ukraynanın Azərbaycanla artan təmasları, Kiyev-Tiflis əlaqələrinin bərpa perspektivləri son illər durğun görünən təşkilatın fəaliyyətinə təkan verə bilərmi?

Xəyal

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirova görə, Ukrayna lideri müharibənin başlanğıcdakı qızğın illərindən fərqli olaraq, indi daha püxtələşmiş və başı açılmış prezident kimi xarici siyasətə vaxt ayıra bilir. Zelenskinin həm ərəb ölkələrinə, həm Cənubi Qafqaza diqqət yetirdiyini deyən siyasi şərhçi hesab edir ki, Kiyev çoxvektorlu xarici siyasət kursu götürməkdədir: "Zelenski Azərbaycana səfər etdi, sonra Ermənistanda Avropa Siyasi Birliyinin zirvəsində iştirakçı oldu, nəhayət, bu regionda indi Gürcüstana jest edir. Nəzərə alaq ki, ilk vaxtlarda Kiyevlə Tiflis arasında siyasi gərginlik yaranmışdı, Gürcüstan Ukraynanı Rusiyaya qarşı ikinci cəbhə açmaqda ittiham edirdi. Ona görə də Zelenski münasibətləri sahmana salmağa çalışır".

X. Bəşirov həm Ukrayna, həm Gürcüstanın Qara dənizə çıxışını nəzərə alaraq, ikitərəfli əlaqələrin yaxşılaşmasında iqtisadi və logistik maraqları üstün görür. Onun fikrincə, GUAM-a gəldikdə, təşkilatın güclənməsi üçün bəzi dəyişikliklər olmalıdır: "Onlardan ən vacibi Rusiyanın daha da zəifləməsidir. Hazırda Azərbaycan istisna, digər üç ölkə Rusiyanın işğal və separatizm problemi ilə üzləşib. Yeganə Azərbaycandır ki, suverenliyini bərpa edib. Digər üç GUAM ölkəsinin bir hissəsində rus hərbçiləri var. Yəni GUAM-ın güclənməsi bu ölkələrin də suverenliyini bərpa etməsindən asılıdır. Amma buna qədər təşkilatın ən müxtəlif səviyyələrdə toplantıları keçirilə, fəaliyyəti aktivləşə bilər".

Siyasi şərhçi əlavə edib ki, GUAM-a yeni nəfəs lazımdır: "Bunun üçün Ermənistan, Türkiyə də təşkilata qoşula bilər. Yəni siyasi-iqtisadi, mədəni bir platformaya çevrilməsi, güclənməsi mümkündür. Bu, regional əməkdaşlıq təşkilatı olaraq genişlənmə xətti tutmaqla güclənə bilər".

Emil Salamoğlu,
Musavat.com

 

Chosen
1
musavat.com

1Sources