EN

Bakının irəli sürdüyü əməkdaşlıq modeli...

Müasir dünyada davamlı inkişaf yalnız sabitlik və əməkdaşlıq şəraitində mümkündür

İlham Əliyev: Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq

Azərbaycan bu gün qlobal dünyada və formalaşmaqda olan yeni beynəlxalq nizamda özünəməxsus yeri olan dövlətlərdəndir. Son illərdə regionda və beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər fonunda Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə, diplomatik çeviklik və milli həmrəylik ölkəmizin nüfuzunu daha da artırıb - xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra yaranan siyasi-hərbi reallıqların Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdırması olduqca mühüm nəticələrə yol açıb. Bu gün dünya Azərbaycanın regionda yaratdığı sabitliyi və inkişaf modelini diqqətlə izləyir. Bakı artıq yalnız regional mərkəz kimi deyil, həm də qlobal tədbirlərin keçirildiyi mühüm siyasi və iqtisadi platforma kimi diqqəti cəlb edir. Müxtəlif beynəlxalq konfransların, forumların və sammitlərin məhz Azərbaycanda təşkil olunması ölkəmizə olan böyük etimadın göstəricisidir. Bu tədbirlər vasitəsilə dünya ictimaiyyəti Cənubi Qafqazda yaranmış yeni reallıqları daha yaxından müşahidə edir və Azərbaycanın təşəbbüslərinin regional inkişaf üçün nə qədər əhəmiyyətli olduğunu anlayır.

Qlobal tədbirlər geniş beynəlxalq əlaqələrin təsdiqidir

Bu gün Bakı dünyanın diqqət mərkəzində olan şəhərlərdən biridir. Azərbaycanın ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər həm ölkənin diplomatik imkanlarını, həm də yüksək təşkilatçılıq qabiliyyətini ortaya qoyur. Bunun ən bariz nümunələrindən biri də WUF-13 forumuna uğurla ev sahibliyi etməsidir. Dünyanın 182 ölkəsinin təmsil olunduğu belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Belə mötəbər tədbirlər təsadüfi şəkildə hər hansı ölkəyə həvalə edilmir. Bunun üçün həmin dövlətin siyasi sabitliyi, təhlükəsizlik imkanları, beynəlxadlq tərəfdaşlarla münasibətləri və qlobal etimadı yüksək səviyyədə olmalıdır. Azərbaycan bütün bu meyarlara cavab verdiyini artıq dəfələrlə sübut edib. Bu tədbir Azərbaycanın regionda yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edildiyinin göstəricisidir. Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bildirib ki, WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur: “Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir”.

Qeyd edildiyi kimi, WUF13 miqyaslı tədbirin rekord həddə qonaqla müşayət olunması dünya dövlətlərinin Azərbaycanla əməkdaşlığa nə qədər önəm verdiyini göstərir. Bu tədbirlər vasitəsilə ölkəmiz öz inkişaf modelini, multikultural dəyərlərini və regional əməkdaşlıq təşəbbüslərini beynəlxalq ictimaiyyətə təqdim edir. Azərbaycanın təcrübəsi xüsusilə münaqişədən çıxmış ölkələr üçün mühüm nümunə hesab olunur.

Regional əməkdaşlıq modeli...

Azərbaycan tarix boyu sülhü, sabitliyi və ədaləti dəstəkləyən dövlət kimi tanınıb. Ölkəmizin xarici siyasətində əsas prioritetlərdən biri də münaqişələrin beynəlxalq hüquq çərçivəsində və danışıqlar yolu ilə həll olunmasıdır. Azərbaycan bu siyasətini davam etdirir. Müasir dünyada yeni iqtisadi və siyasi münasibətlər sistemi qarşılıqlı əməkdaşlıq və etimada əsaslanır. Məhz buna görə də dövlətlər arasında normal münasibətlərin qurulması böyük əhəmiyyətə malikdir. Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından sonra nümayiş etdirdiyi mövqe bunu açıq şəkildə sübut edir. Ölkəmiz qalib dövlət olmasına baxmayaraq revanşizm və qisasçılıq siyasətindən uzaq durdu. Əksinə, Azərbaycan regionda davamlı sülhün təmin olunması üçün təşəbbüslərlə çıxış etdi. Ermənistanla münasibətlərin normallaşdırılması, kommunikasiya xətlərinin açılması və iqtisadi əməkdaşlıq imkanlarının yaradılması istiqamətində atılan addımlar Azərbaycanın sülh tərəfdarı olduğunu göstərir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir: “Biz daim diplomatiyanın tərəfdarıyıq. Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın. Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq”.

Qeyd edildiyi kimi, Azərbaycanın irəli sürdüyü əməkdaşlıq modeli bölgənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Regionda iqtisadi əlaqələrin bərpası yalnız dövlətlər üçün deyil, xalqlar üçün də yeni imkanlar yaradır. Azərbaycan dəfələrlə bəyan edib ki, Cənubi Qafqaz düşmənçilik məkanı deyil, əməkdaşlıq bölgəsinə çevrilməlidir. Bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qiymətləndirilir. Çünki müasir dünyada davamlı inkişaf yalnız sabitlik və əməkdaşlıq şəraitində mümkündür.

Təcrübə göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Azərbaycanın humanist və praqmatik siyasəti digər münaqişəli bölgələr üçün də nümunə hesab oluna bilər. Əgər dünya dövlətləri münaqişələrin həllində qarşıdurma deyil, əməkdaşlıq yolunu seçsələr, beynəlxalq münasibətlər sistemində daha sabit və təhlükəsiz mühit formalaşa bilər. Azərbaycan məhz bu ideyanın tərəfdarı kimi çıxış edir və praktiki fəaliyyəti ilə bunu sübut edir.

Azərbaycanın təşəbbüsləri qəbul olunur...

Bu gün Azərbaycan beynəlxalq aləmdə Cənubi Qafqazın sabitləşdirici gücü kimi qəbul olunur. Azərbaycanın iqtisadi gücü, enerji layihələri, nəqliyyat dəhlizləri və diplomatik təşəbbüsləri onu bölgənin aparıcı dövlətinə çevirib. Dünya liderlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycanın rolunu yüksək qiymətləndirməsi də bunu təsdiqləyir. Azərbaycanın həyata keçirdiyi enerji və logistika layihələri regionun strateji əhəmiyyətini daha da artırıb. Xüsusilə Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mühüm yer tutmasına səbəb olub. Bu layihələr yalnız ölkəmizin deyil, bütövlükdə regionun iqtisadi inkişafına xidmət edir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əməkdaşlıq platformaları region ölkələri arasında qarşılıqlı asılılığı artırır və bu da sabitliyə müsbət təsir göstərir.

Azərbaycanın diplomatik siyasəti açıq və qarşılıqlı maraqlara əsaslanır. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib. Bir çox dövlət başçıları və beynəlxalq ekspertlər Azərbaycanın təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayırlar. Çünki ölkəmiz qısa müddət ərzində həm müharibədən qalib çıxmağı, həm də regionda sabitliyi təmin etməyi bacarıb. Azərbaycanın təşəbbüsləri göstərir ki, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan siyasət regionların inkişafı üçün ən doğru modeldir. Gələcəkdə də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da güclənəcəyi və ölkəmizin qlobal proseslərdə mühüm rol oynamağa davam edəcəyi şübhəsizdir.

P.İSMAYILOV

1Sources