EN

Ramil Cahangirov: Yeni salınan şəhər və kəndlərdə sosial infrastrukturun qurulması paralel şəkildə həyata keçirilir

BAKI, 21 may. TELEQRAF

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinin əsas benefisiarları uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlərdir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarə edilməsi üzrə şöbə müdiri Ramil Cahangirov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, əsas prioritet onların təhlükəsiz və komfortlu yaşayış mühitinə qayıdışının təmin edilməsidir.

Ramil Cahangirov vurğulayıb ki, yenidənqurma prosesində müasir şəhərsalma prinsipləri, o cümlədən “15 dəqiqəlik şəhər” konsepsiyası, polisentik inkişaf modeli və dayanıqlı urban yanaşmalar tətbiq olunur:

“Yeni salınan şəhər və kəndlərdə sosial infrastrukturun qurulması paralel şəkildə həyata keçirilir, artıq bir sıra yaşayış binaları, məktəblər və uşaq bağçaları ya istifadəyə verilib, ya da tikinti mərhələsindədir”.

R. Cahangirov əlavə edib ki, hazırlanan master-planlar 20 illik inkişaf perspektivini əhatə edir və şəhərlərin dəyişən ehtiyaclarına uyğun olaraq yenilənə bilər.

O, həmçinin BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın xüsusilə Qarabağ və Zəngəzur bölgələrində şəhərsalma təcrübəsinə əlavə dəyər qazandıracağını bildirib.

Chosen
18
teleqraf.com

1Sources