Buxarest, 21 may, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
AZƏRTAC- xəbər verir ki, qəbulda Rumıniya parlamentinin üzvləri, hökumət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, biznes dairələrinin nümayəndələri, akademik ictimaiyyət və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan dövlətçiliyinə, ölkənin müasir inkişafına, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, eləcə də Azərbaycan–Rumıniya münasibətlərinə həsr olunmuş xüsusi fotosərgi təşkil edilib. Sərgidə Azərbaycanın Rumıniyadakı səfirliyi ilə yanaşı, SOCAR-ın Rumıniyadakı törəmə şirkəti “Socar Petroleum S.A.” tərəfindən hazırlanmış materiallar da nümayiş etdirilib. Azərbaycanın enerji layihələri, Cənub Qaz Dəhlizi, yaşıl enerji təşəbbüsləri və Orta Dəhlizlə bağlı məlumatlar təqdim olunub.
Səfir Qüdsi Osmanov Azərbaycanın müstəqillik tarixindən, dövlət quruculuğu prosesindən və ölkənin son illərdə əldə etdiyi uğurlardan danışıb. Vurğulanıb ki, Azərbaycan regionun aparıcı siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın enerji, nəqliyyat, logistika və humanitar sahələrdə uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Azərbaycanın Cənubi Qafqaz regionuna gətirdiyi sülhün bütün region üçün vacib olduğunu qeyd edən səfir bildirib ki, Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və Orta Dəhliz kimi təşəbbüslər yalnız region üçün deyil, bütövlükdə Avropa üçün böyük əhəmiyyət daşıyır.
Rumıniya Senatının sədri Mirçea Abrudean Azərbaycan ilə Rumıniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O bildirib ki, iki ölkə arasında enerji təhlükəsizliyi, Qara dəniz regionunda əməkdaşlıq və nəqliyyat bağlantıları sahəsində mühüm layihələr həyata keçirilir. Rumıniya tərəfinin Azərbaycan ilə strateji əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu vurğulanıb.
Rumıniya Prezident Administrasiyasının dövlət müşaviri Vlad Yonesku, Rumıniya Xarici İşlər Nazirinin strateji məsələlər üzrə müavini Ana Kristina Tinka, Azərbaycan–Rumıniya parlamentlərarası dostluq qrupunun rəhbəri Marian Neakşu Azərbaycan ilə Rumıniya arasında formalaşmış siyasi dialoqun region üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku isə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb və onun dövlətçilik siyasətinin region üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanı Cənubi Qafqazın əsas strateji aktorlarından biri kimi qiymətləndirib və Bakı ilə Buxarest arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Çıxışlarda Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi qiymətləndirilib. Enerji və nəqliyyat sahələrində əməkdaşlığın son illərdə daha da genişləndiyini, xüsusilə yaşıl enerji və Orta Dəhliz layihələrinin strateji əhəmiyyət daşıdığını qeyd edilib.
Tədbirin bədii hissəsində Azərbaycan musiqisi səsləndirilib. Qonaqlara Azərbaycan milli mətbəxinə aid nümunələr təqdim olunub və ölkənin turizm potensialını əks etdirən videoçarxlar nümayiş etdirilib.