EN

WUF13 şəhərsalma və urbanizasiya sahəsində qlobal çağırışların həllinə böyük töhfələr verəcək  

Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərin mahiyyəti əmin-amanlıqla, sülhlə, iqtisadi inkişafla, mədəni əlaqələrin genişləndirilməsi ilə bağlı olub. Dövlətlər də, beynəlxalq təşkilatlar da bu tədbirləri qlobal proseslərin mühüm tərkib hissəsi kimi dəyərləndirib. 

2024-cü ilin noyabrında Bakıda dünyanın müxtəlif ölkələrinin dövlət başçılarının, rəsmilərin, on minlərlə nümayəndənin iştirak etdiyi COP29 da belə tədbirlərdən biri olmuşdu. Bu günlərdə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) da böyük əhəmiyyətə malik olan tədbirdir. Tədbirdə 182 ölkədən 45 mindən artıq nümayəndə iştirak edir. Bu rəqəm tədbirin əhəmiyyətlilik göstəricisi hesab edilə bilər.

 WUF13-ün açılış mərasimində etdiyi çıxışda Azərbaycanın Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşdiyini, xalqımızın şəhərsalma və memarlıq ənənələrinin olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev dedi: “Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən 2 qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib” 

  Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, 2023-cü il sentyabrın 20-də Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Ərazilərimizin azad edilməsindən sonra işğalçıların şəhər və kəndlərimizdə törətdikləri vandallıqlar aydın şəkildə üzə çıxdı. Forumda iştirakçılara beynəlxalq müşahidəçilərin və ziyarətçilərin Ağdamı Xirosima ilə müqayisə etdiyini,  Ağdamı “Qafqazın Xirosiması” adlandırdıqlarını da xatırladan dövlət başçımız bildirdi ki, indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən birinin Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır: “5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib”. Prezident İlham Əliyev Böyük Qayıdış Proqramının həyata keçirildiyini, işğaldan azad edilmiş ərazilərdə 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğunun 70 kilometr olduğunu, digər beşinin də tikiləcəyini, 500 körpüdən 435-i inşa olunduğunu, elektrik stansiyalarının, su təchizatı kəmərlərinin, su anbarlarının, evlərin, məktəblərin, xəstəxanaların, üç beynəlxalq hava limanının tikildiyini, dəmir yollarının çəkildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. 

Forumda iştirakçılarına Azərbaycan gerçəklikləri haqqında məlumatlar verən dövlətimizin başçısı böyük qürurla bildirdi ki, Azərbaycan musiqisi və poeziyası həmişə dünyanın maraq dairəsində olub. Bu maraq Azərbaycan memarlığına da aiddir. Hər bir azərbaycanlı bunlarla da qürur duyur, onlarda öz əksini tapan qədim tariximizlə də.

Prezident İlham Əliyev çıxışında ətraf mühitin qorunması ilə bağlı da fikirlərini bildirdi. “Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü “Sea Breeze” istirahət məkanıdır” - deyə dövlətimizin başçısı bildirdi.

 “Hər kəs üçün təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 şəhərsalma və urbanizasiya ilə bağlı qlobal çağırışlara böyük töhfələr verəcək. Xüsusilə qeyd edilməlidir ki, bu qlobal tədbir Azərbaycanın uğurlarının dünyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. 

Səbinə XASAYEVA.

Milli Məclisin deputatı

 

1Sources