BAKI, 21 may. TELEQRAF
Şuşada həyata keçirilən ilk yaşayış məhəlləsi layihəsi çərçivəsində 23 bina və 450 mənzilin inşası qısa müddətdə planlaşdırılıb və icra olunub.
Teleqraf xəbər verir ki, bu barədə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
O deyib ki, ərazilərin bərpası üzrə planlaşdırma prosesi geniş müzakirələr, beynəlxalq əməkdaşlıq və uzunmüddətli hazırlıq mərhələləri tələb edib:
“Bu istiqamətdə ilk mərhələdə Prezident Administrasiyasının rəhbərliyi altında koordinasiya qərargahı yaradılıb və hökumətin demək olar ki, bütün qurumlarını birləşdirən sistem formalaşdırılıb. Mexanizm proseslərin vahid mərkəzdən idarə olunmasına və çevik qərarların qəbuluna imkan verib”.
O qeyd edib ki, “Böyük Qayıdış” proqramının birinci mərhələsi 2022–2026-cı illəri əhatə edir və qarşıdakı dövrdə proseslərin daha sistemli, vaxt baxımından səmərəli və icma əsaslı şəkildə davam etdirilməsi nəzərdə tutulur.