EN

Enerji diplomatiyasının uğurları

Avropanın Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı artır

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində regional inkişaf və qlobal həmrəyliyin gücləndirilməsinə dair bir çox məqamlara diqqət çəkdi. İlk növbədə, onu qeyd etmək lazımdır ki, dünyanın nüfuzlu media orqanlarından bir olan “Euronews” telekanalının Azərbaycan Prezidentindən müsahibə götürməsi dövlətimizin başçısının yüksək nüfuzuna olan diqqətin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Müsahidədə xüsusi nəzərə çarpan ən mühüm amil Azərbaycanın qlobal enerji təchizatında artan rolu və nüfuzu ilə bağlıdır. Bəyan edildiyi kimi Azərbaycan dost və etibarlı tərəfdaşdır, ona uzadılan əli geri çevirmir və son 5 ildə regional enerji və nəqliyyat, infrastruktur quruculuğunun önündə gedən Avropa Komissiyası ilə faydalı əməkdaşlığı da bunu təsdiqləyir. Eləcə də, bir çox Avropa dövləti ilə inkişaf edən iqtisadi-ticari-investisiya əlaqələrinin gündəliyi daha da genişlənir, enerji-kommunikasiya bağlantıları öz coğrafiyasını şaxələndirərək Şərqi və Mərkəzi Avropadan Qərbi Avropaya keçid alır. Bu enerji əməkdaşlığının növbəti uğuru kimi 2026-cı ilin ilk günlərində Avstriya və Almaniyaya Azərbaycan qazının nəqlinə başlanıldı. Təbii qaz ixrac edilən 16 ölkədən 12-si Avropa İttifaqı dövlətidir. Bütün bunlar Aİ-Azərbaycan münasibətlərinin nümunəvi formatı olmaqla, qarşılıqlı etibar və möhkəm etimadı əks etdirir.

Cənub Qaz Dəhlizinin ötürmə imkanları genişləndirilir

Boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığını vaxtında həyata keçirən ölkəmiz hazırda istehsal səviyyəsini artırmaqdadır. Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı müsbət siqnallar premium bazara - Avropaya təchizatı daha da şaxələndirəcək. Proqnozlara görə, təbii qaz hasilatının yaxın illərdə hər il 15-20 faiz artacağı gözlənilir. Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. 2024-cü ildə bu göstərici 50.3 milyard kubmetr olub. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb. Qaz ixracına gəldikdə isə, xaricı ümumi satış 25,2 milyard kubmetr olub. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə, 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib. Son 4 ildə yalnız Avropaya 57 milyard kub metrdən çox qaz nəql edən Azərbaycanın artan qaz hasilatı ixracatın da həcminə təsirsiz ötüşmür. Təbii qazın həcminə görə Azərbaycan Avropa İttifaqında idxalçı dövlətlər arasında ilk beşlikdə qərarlaşıb. Planlaşdırılan və ya gözlənilən artımlar isə Azərbaycan qaz ixracatının kəskin artmasına səbəb olacaq. Bu daha çox ölkəyə, daha çox qaz tədarükü deməkdir.

Həmçinin, “yaşıl enerji” hasilatının artması daxili istehlakda təbii qaz qənaətinə və daha çox ixracata imkan verəcək. Bu isə dövlət gəlirlərinin artırılması baxımından vacibdir. Qaz ixracatı strateji olmaqla yanaşı, ölkəyə daxil olan valyutanın həcmini artıracaq. Bu baxımdan, Azərbaycan yaxın illərdə təbii qaz ixracatını kəskin artıra biləcək. Bu isə Cənub Qaz Dəhlizinin ötürmə imkanlarının genişləndirilməsini daha prioritetləşdirir. Təbii qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geo-siyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir.

Qarabağ və Şərqi Zəngəzurun şəhərsalma təcrübəsi dünya ölkələri üçün yeni model ola bilər

“Euronews” televiziyasına müsahibədə digər diqqətçəkən mühüm məqam Azərbaycanın öz maliyyə potensialı və texnoloji resusrları ilə şəhərsalmanın müasir landşaftının qurulması ilə bağlıdır. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “yaşıl enerji” layihələrini icra etməklə, həm də dünyaya şəhərsalmanın çoxkomponentli  strukturunu da təqdim edir. Bura təkcə mənzil, yaşayış sahəsi, qəsəbə və kənd tikintisi daxil deyil, enerji, yol, nəqliyyat, kommunikasiya, rabitə və kommunal xətlər, urbanizasiyanın digər komponentləri, həmçinin, sənaye və iqtisadi infrastrukturların inşası daxildir ki, bu da nəhəng və “ağıllı urbanizasiya” deməkdir. İndiyə qədər 307 meqavatlıq hidroenerji gücü tədarük edən elektrik infrastrukturunun yaradılaraq istifadəyə verilməsi, habelə 340 meqavat gücündə Günəş enerjisi layihələrinin inşası, uzunluğu 75 kilometr olan tunellərin çəklişi, 500 körpünün (435-i artıq tikilib) salınması, dəmir yolları, məktəblər, xəstəxanalar və digər obyektlərin yaradılması vahid bir şəhərsalma zəncirinin, quruculuq konsepsiyasının nəticəsidir. Paralel və nizamlı şəkildə həyata keçirilən bu layihələrin sosial məzmunu isə 85 min insanın doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Bu, bir daha sübutr edir ki, urbanizasiya sosial rifah üçün də vacib faktorlardandır və Azərbaycan bunu uğurla həyata keçirir.

Müasir şəhərsalma unikallığı ilə fərqlənən Azərbaycan regionda şəhər və kəndlərin sıfırdan qurulmasının modelini yaradıb və davam etdirir. Bu misilsiz təcrübə qlobal şəhərsalma və sənaye şirkətləri üçün canlı proqramdır və “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirmək istəyən ölkələr, investorlar, tikinti holdinqləri bu zəngin təcrübəni mənimsəyə bilərlər. Eyni zamanda, innovasiya, texnologiya şirkətlərinin azad ərazilərdə aparılan quruculuqda iştirakı üçün də münbit şərait yaranır. Bu baxımdan, Azərbaycan xarici sərmayəçilərə yeni şəhər sənayesi və innovasiya quruculuğunda təmsil olunmasını da təşviq edir.  

E.CƏFƏRLİ

1Sources