EN

“Səssizliyin səsi: Şəhər hamı üçün danışır?” adlı interaktiv tədbir keçirilib

20 may 2026-cı il tarixində Bakı Olimpiya Stadionunda “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşlığı ilə “Səssizliyin səsi: Şəhər hamı üçün danışır?” adlı interaktiv tədbir həyata keçirib.

QHT.az xəbər verir ki, layihə rəhbəri Cəmilə Abdulovanın sözlərinə görə tədbirin əsas məqsədi şəhər həyatında eşitmə məhdudiyyətli şəxslərin qarşılaşdığı ünsiyyət maneələrinə diqqət çəkmək, inklüziv və əlçatan mühitin formalaşdırılmasına töhfə vermək, eyni zamanda işarə dili və səssiz ünsiyyət haqqında ictimai məlumatlılığı artırmaq olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin jest dilində təqdim olunan videoçarxı ilə başlayıb. Daha sonra tədbir iştirakçıları səssiz ünsiyyətin insan həyatındakı rolunu və onun yaratdığı çətinlikləri daha yaxından hiss etmək imkanı əldə ediblər.

Proqram çərçivəsində keçirilən interaktiv “challenge” hissəsində iştirakçılar danışmadan gündəlik vəziyyətləri izah etməyə çalışıblar. Bu təcrübə şəhər mühitində eşitmə məhdudiyyətli şəxslərin gündəlik qarşılaşdıqları ünsiyyət çətinliklərini hiss etmək və empatiya qurmaq baxımından xüsusi maraqla qarşılanıb.

Tədbirin davamında mini jest dili təlimi təşkil olunub və iştirakçılara gündəlik istifadə olunan ifadələr öyrədilib. Həmçinin eşitmə məhdudiyyətli şəxslərin şəhər həyatında yaşadığı real çətinlikləri əks etdirən hekayələr və təqdimatlar iştirakçılara təqdim olunub.

Tədbirdə əsas mesaj kimi vurğulanıb ki:

“İnklüziv şəhər yalnız rampalar deyil — ünsiyyət də əlçatan olmalıdır”.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və inklüziv cəmiyyətin qurulmasına dair vacib mesajların çatdırılması baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Sonda iştirakçılara çağırış edilib:

“1 jest öyrən, 1 həyatı asanlaşdır”.

Chosen
29
qht.az

1Sources