EN

Yalçın Rəfiyevlə müsahibə: “Azərbaycan həm iqlim gündəliyində, həm şəhərsalmada nümunə yaradır”  

 

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Musavat.com-a eksklüziv müsahibə verib.

Nazir müavini COP29-da qəbul edilən mühüm qərarların icrası, iqlim maliyyəsi ilə bağlı qlobal çağırışlar, Qarabağda aparılan bərpa-quruculuq işləri və Azərbaycanın WUF13-dən gözləntiləri barədə ətraflı danışıb:

-Yalçın bəy, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) yekun Bəyannamənin qəbul edilməsindən sonrakı periodda dövlətlərin üzərinə götürdüyü öhdəliklərin icra prosesi hansı mərhələdədir?

-Azərbaycanın ev sahibliyi etdiyi COP29-da qəbul edilən vacib qərarlardan biri ildə ən azı 300 milyard ABŞ dolları məbləğində Yeni Maliyyə Hədəfinin müəyyən edilməsidir. COP29-da Azərbaycan və Braziliyaya iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına qaldırılmasına dair “Bakıdan Belemə” adlı Yol Xəritəsinin hazırlanması mandatı verilmişdi və keçən ilin noyabr ayında bu mandat da uğurla icra olundu, müvafiq sənəd təqdim edildi. Bununla da ilk dəfə olaraq Azərbaycan və Braziliya tərəfindən iqlim maliyyəsinin trilyon dollarlıq psixoloji həddi keçə bilməsinə dair imkanlar təqdim edilmiş oldu.

COP29-da qəbul edilmiş 300 milyardlıq hədəfin icrasına cari ilin əvvəlindən başlamaq nəzərdə tutulur. Bu öhdəliyin hansı ölçüdə həyata keçirilməsi isə 2028-ci ildə həyata keçiriləcək birinci dövr qiymətləndirmə hesabatında əks olunacaqdır.

Maliyyə öhdəliyi olan dövlətlərin əksəriyyəti tərəfindən Bakıda qəbul edilən qərarın icrasına dair müsbət mesajlar verir. Lakin bizim nəzarətimizdə olmayan məsələlər var və bəzi geosiyasi proseslər bizim nəzarətimizdən kənar müəyyən hadisələrin baş verməsinə, iqlim maliyyəsinin başqa istiqamətlərə yönləndirilməsinə gətirib çıxara bilir.  Belə ki, hazırda müharibələrlə bağlı təhlükəsizlik risklərinin yaranması, xüsusilə donor dövlətlərinin iqlim üçün nəzərdə tutulan maliyyəni təhlükəsizlik və müdafiə xərclərinə yönləndirməsinə səbəb olub. Bu da iqlim maliyyəsinin təmin olunması ilə bağlı riskləri daha da artırmaqdadır. Bununla belə biz hələ də Bakıda qəbul edilmiş qərarın, eləcə də iqlim maliyyəsinin 1,3 trilyona qaldırılmasına dair Bakıdan Belemə Yol Xəritəsinin icrası ilə bağlı təşviqat işlərini davam etdirməyə çalışırıq.

-Bakı BMT-nin ikinci  böyük tədbirinə-Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edir. Nəzərə alsaq ki, 4 gündür davam edən müzakirələrdə həm də iqlim dəyişikliyinin təsirlərinə yer verilir, Azərbaycandan təşkilatçı kimi gözləntilər nələrdir?

-COP29-da hər gün tematik istiqamətlərdə müzakirələr və iqlim fəaliyyətinin gündəliyindəki məsələlərə dair danışıqlar olurdu. WUF13-də isə fərqli formatlar var: assembleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və s. Bu baxımdan WUF danışıqlar vasitəsilə qərarların qəbul edildiyi COP-dan fərqli olaraq, daha çox qeyd olunan formatlar çərçivəsində müxtəlif aspektləri, o cümlədən iqlim aspekti olan şəhərsalma fəaliyyətinə dair fikir mübadiləsinin aparılması, yaxşı təcrübələrin bölüşülməsi və öyrənilməsi, eləcə də gələcək fəaliyyətlərin gündəliyinə töhfə verilməsi baxımından qlobal səviyyədə iştirakın olduğu vacib platformadır. Başqa sözlə desək, WUF13 daha çox texniki müzakirələri və müzakirələrin nəticəsi olaraq, siyasi qərarlar üçün tövsiyələrin yaradılmasını nəzərdə tutan platformadır. Azərbaycan da dövlətlərin belə müzakirələri aparması üçün bu platformaya ev sahibliyi edir və hətta ona qalıcı irs kimi bir çox yeniliklər də gətirib. Yekunda Azərbaycan və BMT birgə sənədlər dərc edəcəklər. WUF13-də dövlətlər, parlamentlər, şəhərlər, vətəndaş cəmiyyətləri və başqalarının apardığı müzakirələr nəticəsində hazırlanacaq yekun sənədlər bir həftə aparılmış müzakirələr ortaq məxrəcə gətirilərək beynəlxalq ictimaiyyətə təqdim olunacaq. Yekunda siyasi bəyannamənin qəbulu gözlənilir. Daha da vacib məsələ WUF13-ün nəticələri cari ilin iyul ayında Nyu-Yorkda keçiriləcək Yüksək Səviyyəli İclas zamanı hökumətlərarası danışıqlarda razılaşdırılması gözlənən şəhərsalma ilə bağlı on il öncə qəbul edilmiş Yeni Şəhərsalma Gündəliyinin orta dövr qiymətləndirmə hesabatına töhfə verəcəkdir.

Həmçinin, WUF13-ün yekununda maliyyə ilə bağlı qərarın verilməsi nəzərdə tutulmur, yeni şəhərsalma tendensiyalarına uyğun olaraq, maliyyəni təmin edəcək mənbələr üçün bir növ istinad mənbəyi rolunu oynayacaq. Bu, kollektiv müzakirələrin nəticəsi olduğu üçün daha etibarlı mənbə olaraq maliyyəni təmin edən donorlara şərait yaratmış olacaq.

-BMT-nin fəal üzvü kimi, Azərbaycanın özünün WUF13-dən gözləntiləri hansılardır?

-Azərbaycan şəhərsalma sahəsində böyük təcrübəsi olan dövlətdir. Bakı şəhərinin necə inkişaf etdiyini hər birimiz görürük. WUF13  azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini dünyaya təqdim etmək üçün fürsətdir. Görülən işlərin müasir standartlara, iqlimə davamlı və dayanıqlı şəhər standartlarına uyğun olması Azərbaycanın ortaya qoyduğu nümunəni dünyaya göstərməyə imkan verir. Bir çox ölkə artıq bu təcrübəni qəbul edir və öz ölkələrində tətbiq etmək üçün Azərbaycandan öyrənməyə çalışır. Azərbaycan bu təcrübəni başqa ölkələrlə bölüşməyə hazırdır və artıq WUF13 çərçivəsində keçirilən bir çox toplantıda bu məsələyə vurğu edilib.

Bundan əlavə, digər dövlətlərin də şəhərsalma ilə bağlı fərqli müsbət təcrübələri də vardır. İnanıram ki, aidiyyəti qurumlar, o cümlədən şəhər administrasiyaları WUF13 çərçivəsində baş tutan müvafiq tədbirlərdə iştirak etməklə belə müsbət təcrübələrlə də tanış olurlar.

-WUF13-də yüksək səviyyədə iştiraklılığı nəzərə alaraq, Qarabağ və Şərqi Zəngəzura investisiya cəlb edilməsi imkanlarını necə dəyərləndirirsiniz?

-Azərbaycanın bu ərazilərdə apardığı genişmiqyaslı bərpa və yenidənqurma fəaliyyətləri bölgədə investisiya üçün mühüm imkanlar yaradır. Dövlətlər və şirkətlərin WUF13 çərçivəsində həmin ərazilərdəki fəaliyyətlərlə tanış olurlar və bu da onların gələcəkdə mümkün investisiya imkanlarını nəzərdən keçirmələri üçün təsəvvür yarada bilər.

Bununla belə formatın xüsusiyyətlərini nəzərə alsaq, birmənalı şəkildə qısa müddətdə investisiyaların cəlbi real deyil. Ancaq dünya ictimaiyyətində məlumatlılığın artırılması gələcəkdə azad edilmiş ərazilərə investisiyaların cəlbi üçün əlverişli zəmin yaradacaq.

-Bakı Fəaliyyətə Çağırış sənədi barədə də məlumat verməyinizi xahiş edirəm.

-Bu sənəddən irəli gələrək WUF13-də UN-Habitat, Beynəlxalq Miqrasiya Təşkilatı və Bakı İqlim və Sülh Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfindən hazırlanmış “Təhlükəsiz Qayıdış üçün Ağıllı, Davamlı Məskunlaşmalar Paketi” (4SRP) təşəbbüsü elan edilib. Bu təşəbbüs xüsusən də kövrək və münaqişədən sonrakı mühitlərdə iqlim dəyişikliyinə davamlı, ekoloji cəhətdən dayanıqlı, sülhə müsbət və insan mərkəzli şəhər bərpası üçün inteqrasiya olunmuş həllərin yaradılması istiqamətində mühüm addım kimi qəbul edilib. Həmçinin, qeyd olunan təşəbbüsdən irəli gələrək davamlı bərpa üçün beynəlxalq səviyyədə tanınmış standartları müəyyən etməyi və həssas ölkələrin beynəlxalq inkişaf və iqlim maliyyələşdirməsinə daha geniş çıxışını asanlaşdırmağı hədəfləyən 4SRP təlimatlarını və meyarlarını hazırlamaq vəzifəsi daşıyan xüsusi işçi qrupunun yaradılması nəzərdə tutulur.

Bundan əlavə, Bakı Fəaliyyətə Çağırış sənədi çərçivəsində elan edilmiş təşəbbüsün ərsəyə gətirəcəyi tövsiyələr cari ilin iyul tarixində BMT-nin mənzil-qərargahında keçiriləcək Yüksək Səviyyəli İclasın yekununda qəbul ediləcək siyasi bəyannamə üçün istinad mənbəyi rolunu oynaya bilər. Sözügedən bəyannamədə dövlətlərin bir neçə istiqamət üzrə ümumi qənaəti əks olunacaq. Beləliklə, məqsəd Nyu-Yorkda keçiriləcək müzakirələri məzmun etibarilə zənginləşdirməkdir.

 

Nigar Həsənli,
Musavat.com
Fotolar Pərvin Zeynala məxsusdur

Chosen
5
musavat.com

1Sources