EN

Qəbula son üç GÜN: uğuru əldən verən 5 kritik SƏHV

"Həftəsonu III və II ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. Bu günlərdə abituriyentlərin ən böyük düşməni bilik çatışmazlığı deyil, daha çox həyəcan, zamanın düzgün idarə olunmaması və yanlış imtahan strategiyası olur".

Bu fikirləri AzEdu.az-a  "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, repetitor müəllim və hazırlıq kursu olan Xəzri Muradov söyləyib. 

Müsahibimiz qeyd edib ki, imtahanda edilən səhvlərdən biri də imtahan zalına həddindən artıq tez daxil olmaqdır:

“İlk növbədə həyəcan məsələsinə toxunmaq istəyirəm. Bir çox şagirdlər düşünürlər ki, həyəcan keçirmək zəiflik əlamətidir. Halbuki bu, tamamilə normal və təbii hissdir. Hər bir insanda az və ya çox dərəcədə həyəcan olur. Hətta müəyyən qədər həyəcan insanı daha diqqətli və məsuliyyətli edir. Sadəcə, bunu qeyri-adi qəbul etmək lazım deyil.

Uzun illərdir imtahan zamanı şagirdlərin yanında oluram və müşahidə etdiyim ən maraqlı məqamlardan biri odur ki, imtahandan əvvəl demək olar hər kəsdə belə bir hiss yaranır: “Sanki hər şeyi unutmuşam, heç nə yadımda deyil”. Amma bu hiss aldadıcıdır. Suallar qarşıya çıxanda çalışqan şagirdlərin beyni həmin məlumatları yenidən aktivləşdirir və çox şey öz-özünə yada düşür. Buna görə də həmin hissə görə təşvişə düşmək yox, onu təbii qəbul etmək lazımdır”.

İmtahanda edilən digər səhvlərdən biri də şagirdlərin mütləq birinci sualdan başlamaq məcburiyyəti hiss etməsidir:

“Sanki görünməz bir qayda var ki, ilk sual mütləq həll edilməlidir. Halbuki belə deyil. Şagird ilk sualdan yox, özünə daha rahat gələn sualdan başlamalıdır. Bu, 1-ci sual da ola bilər, 6-cı da, hətta 25-ci də. Asan sualları cavablandırdıqca insan özünəinam qazanır, motivasiyası artır və daha sonra çətin suallara da daha rahat yanaşa bilir".

“Bir sualın üzərində həddindən artıq dayanmaq düzgün deyil”

“Digər mühüm məsələ vaxtın düzgün bölünməsidir. Şagird anlamalıdır ki, 90 suala 180 dəqiqə vaxt verilir. Bu isə təxminən hər suala 2 dəqiqə deməkdir. Əslində, bu kifayət qədər normal vaxtdır. Problem vaxtın azlığında yox, onun düzgün idarə edilməməsində olur. Bir sualın üzərində həddindən artıq dayanmaq düzgün deyil. Bəzən şagird bir suala ilişib qalır və 8-10 dəqiqə itirir. Halbuki bir sualı yaza bilməmək dünyanın sonu deyil. Sual çətindirsə, onu qeyd edib sona saxlamaq daha məqsədəuyğundur. Sonda qayıdıb yenidən baxmaq olar. Hətta o sual yazılmasa belə, yenə yüksək nəticə göstərmək mümkündür.

Məncə, səhvlərdən biri də imtahan zalına həddindən artıq tez daxil olmaqdır. Açıq havada mümkün qədər çox qalmaq daha faydalıdır. İmtahana bir neçə saat qalmış dərs mövzularını müzakirə etməkdənsə, daha rahat və zehni açan söhbətlər etmək, müsbət emosiyalar yaratmaq daha məqsədəuyğundur. Çünki müsbət əhval insanın daxili rahatlığını artırır".

“İmtahan zamanı kiməsə kömək etmək əslində öz gələcəyini risk altına qoymaq deməkdir”

"Digər vacib məsələ isə imtahan etikasıdır. Bəzən şagirdlər düşünür ki, kiməsə kömək etmək mərhəmət və yaxşılıq nümunəsidir. Amma imtahan zamanı kiməsə kömək etmək əslində öz gələcəyini risk altına qoymaq deməkdir. Bir neçə saniyəlik qərar illərlə qurulan planlara təsir edə bilər. Buna görə də bu məsələdə çox diqqətli olmaq lazımdır.

Şagirdlərimə həmişə deyirəm ki, testlər yalnız elmlə həll olunmur, burada testologiya da vacibdir. Bəzən suala cavabı ən qısa yolla tapmaq, doğru variantı analiz etmək, vaxtı idarə etmək də uğurun əsas hissəsidir. Çünki itirilən zaman geri qayıtmır. Şagirdlərimə yalnız mövzunu yox, cavaba necə çatmağın yollarını da öyrətməyə çalışıram.

Sonda bütün abituriyentlərə uğurlar arzulayıram. Arzum yalnız onların hər hansı bir yerə qəbul olması deyil. Arzu edirəm ki, həm özləri üçün, həm ailələri üçün, həm də vətən üçün faydalı ola biləcəkləri ixtisası seçsinlər. Çünki uğur sadəcə universitetə qəbul olmaq deyil, insanın özünü doğru yerdə tapmasıdır”.

Chosen
27
azedu.az

1Sources