EN

Tramp İranda hakimiyyəti Əhmədinejadın əli ilə dəyişmək istəyir...



Murad Sadəddinov: "Əhmədinejadın ABŞ və İsraillə əməkdaşlıq etdiyinə inanmıram"

New-York Times yazıb ki, ABŞ və İsrail İranda hakimiyyət dəyişikliyinə nail olmaq üçün sabiq prezident Əhmədinejadı azad etməyə cəhd ediblər, lakin uğursuz olublar. Əhmədinejadda ABŞ və İsrail üçün maraqlı olan nə var?

Bu, bu gün yayımlanan çox maraqlı bir xəbərdir. "New-York Times"-ın ABŞ-lı yetkililərə istinadən verdiyi məlumata görə, İsrail tərəfindən hazırlanmış çoxmərhələli planda Əhmədinejadın İrana rəhbərlik etməsi nəzərdə tutulurdu. Plan bir neçə hissədən ibarət idi: ABŞ və İsrailin koordinasiyalı hava zərbələri, İranın qərb sərhədlərində kürd silahlı qruplarının hərəkətə keçirilməsi və nəhayət Əhmədinejad başda olmaqla keçid hökumətinin qurulması.

Müharibənin birinci günü İsrail Əhmədinejadı öldürmək məqsədi ilə deyil, onu ev dustaqlığında saxlayan İnqilab Keşikçiləri üzvlərini məhv etmək və onu azad etmək üçün Tehrandakı evinə zərbə endirdi. O sağ qaldı, lakin zərbədə yaralandı. Bundan sonra Əhmədinejad planla bağlı xəyal qırıqlığına uğradı və o vaxtdan bəri ictimaiyyət önünə çıxmayıb, yeri-yurdu bilinmir.

Əhmədinejadın yaxın ətrafından olanlar ABŞ-ın onu İrana rəhbərlik edə biləcək, ölkənin "siyasi, sosial və hərbi vəziyyətini" idarə etmək gücünə malik biri kimi gördüklərini bildiriblər. Konkret səbəblər isə bunlardır:

Əhmədinejad 2017-ci ildən etibarən Xameneinin sərt tənqidçisinə çevrilmişdi. Onun 2017, 2021 və 2024-cü illərdəki prezidentliyə namizədliyi təsdiqlənməmiş 12 nəfərlik Mühafizəkarlar Şurası tərəfindən üç dəfə ləğv edilmişdi.

Əhmədinejadın yaxın ətrafındakı insanlar İsrail və Qərb kəşfiyyat qurumları ilə əlaqədə olmaqda ittiham edilmişdi. Onun keçmiş baş köməkçisi Məşai 2018-ci ildə mühakimə edilmiş, hakim açıq şəkildə onun britaniyalı və israilli casuslarla əlaqələrini sorğulamışdı.

2024-cü ildə Əhmədinejad Trampın prezidentliyi dövründə ABŞ ilə iqtisadi əlaqələrə və danışıqlara açıq olduğunu bildirmişdi.

Paradoks: New-York Times qeyd edib ki, Əhmədinejad prezidentliyi dövründə "İsraili xəritədən silmək" çağırışları ilə tanınan, nüvə proqramının güclü tərəfdarı olan biri kimi qeyri-adi seçim idi. Lakin ABŞ-ın məntiqi, görünür, onun mövcud rejimə düşmən kəsilməsi və İranın daxilindən tanınan bir sima olması üzərində qurulmuşdu.

Politoloq Murad Sadəddinov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, son dövrlər, xüsusən Trampın hakimiyyəti dövründə "New York Times"ın məlumatları əsasən həqiqəti əks etdirmir. Ekspertin fikrincə, son zamanlar "New York Times"da İranla bağlı kifayət qədər sensasiyalı məlumatlar paylaşılıb, lakin həmin məlumatlar sonradan bu və ya digər formada təkzib edilib: "Əhmədinejadla bağlı son məlumata gəldikdə isə, bu, məntiqi baxımdan da həqiqəti əks etdirmir. Ona görə ki, İranın daxilinə baxsaq, ABŞ və İsrail oradan kiminləsə əməkdaşlıq etməyə cəhd göstərsələr, düşünmürəm ki, Əhmədinejadı seçərdilər. Çünki Əhmədinejadın dövründə ABŞ və İsraillə İranın münasibətləri kifayət qədər gərginləşmişdi. Bu baxımdan İranın daxilində daha praqmatik, daha təmkinli siyasət yürüdən liderlər mövcuddur, lazım olsaydı, Vaşinqton və Təl-Əviv onlarla əlaqə qurmağı seçərdi. Əhmədinejada gəldikdə isə, onun dövründə İranın ABŞ və İsraillə münasibətləri kifayət qədər gərgin olub. Ona görə də inanmıram ki, Əhmədinejadın daxildə bu istiqamətdə dəstəyi olsun. Bu baxımdan sözügedən məlumatın həqiqəti əks etdirmədiyinə kifayət qədər əminəm".

Akif NƏSİRLİ

Chosen
37
baki-xeber.com

1Sources