EN

Beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycan qədim şəhərsalma və memarlıq ənənələrinə malikdir

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qədim şəhərsalma və memarlıq ənənələrinə malik olan Azərbaycan bu gün irimiqyaslı beynəlxalq tədbirlərin idarə olunduğu mərkəzə çevrilib.

Son illərdə ölkəmizdə dünya dövlətləri rəhbərlərinin iştirakı ilə çoxlu sayda irimiqyaslı beynəlxalq tədbirlər keçirilib, bəşəriyyəti narahat edən fərqli qlobal çağırışlar müzakirə olunub. Bakı ən mühüm siyasi, ekoloji, mədəni, idman və intellektual tədbirlərin məkanı olub.

Həmin tədbirlər sırasında 2026-cı il mayın 17-dən 22-dək Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü Sessiyası qlobal şəhərsalma gündəliyinin əsas müzakirə platformalarından biri kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu Forum dayanıqlı şəhər inkişafı, müasir urbanizasiya çağırışları, inklüziv yaşayış mühitinin formalaşdırılması və ekoloji tarazlığın qorunması istiqamətində dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin qlobal əməkdaşlıq platformalarında artan nüfuzunun və beynəlxalq etimadın mühüm göstəricisidir. Bu gün Azərbaycan siyasi, iqtisadi, humanitar və idman sahələrində mühüm beynəlxalq tədbirlərin keçirildiyi etibarlı məkan kimi tanınır, müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu təşviq edən ölkə kimi öz mövqeyini daha da möhkəmləndirir. Özünün bir çox qədim şəhərləri və memarlıq üslubu ilə fərqlənən Azərbaycanda şəhərsalma siyasəti dövlət idarəçiliyinin ali prioritetlərindən biridir və cari ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi bunu rəsmən təsdiq edir.

Məlumdur ki, 2026-cı ilin18 may tarixində Ümumdünya Şəhərsalma Forumunun (WUF 13) açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin beynəlxalq əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası rekord sayda iştirakçını bir araya gətirmişdir. Dövlət başçısı qeyd etmişdir: “Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq”.

Tədbirdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minq çıxış edərək “nəzərə almalıyıq ki, qlobal şəhərsalma gündəliyi heç zaman çoxtərəfli əməkdaşlıq üçün bu qədər mühüm bir əsas kimi götürülməmişdir” və “Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dövründə dünyanın paytaxtına çevrilir” deməsi sözün əsil mənasında Azərbaycanın gücünün, qüdrətinin yüksəkliyini və artan beynəlxalq nüfuzunu göstərir.

Ölkə prezidentinin çıxışı zamanı Azərbaycanın Avropa ilə Asiya arasında yerləşən və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olduğunu diqqətə çatdıraraq, ölkəmizin memarlığını əks etdirən Bakıda İçərişəhərin qədim divarları, VI əsrə aid Qız qalası, Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar, hazırda 15 kilometrdən artıq olan dənizkənarı Bakı Bulvarı, o cümlədən öz memarlıq üslubu ilə fərqlənən Azərbaycanın bir çox qədim şəhərləri, Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri, Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi, dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncədə, Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə olan çoxsaylı tarixi abidələr, əcdadlarımızın istedadını nümayiş etdirən Lahıc kəndində ön beş əsr bundan əvvəl kənd yaradılanda çəkilmiş, bu gün də işləyən kanalizasiya sistemi və su xətti haqqında məlumat verməsi Azərbaycanın qədim şəhərsalma və memarlıq ənənələrinə malik olması baxımından xüsusi diqqət çəkmişdir.

Prezident İlham Əliyev Forumun təşkilinə göstərilən dəstəyə və Azərbaycanın belə məsuliyyətli tədbirə ev sahibliyi etməsinə görə təşəkkürünü ifadə edərək bildirmişdir ki, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda uzun illər işğal altında olmuş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində üç milli şəhərsalma forumu keçirilmişdir. Bu təşəbbüslər postmünaqişə dövründə müasir şəhərsalma modelinin tətbiqi və dayanıqlı yaşayış məkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısı çıxışında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesinə də xüsusi diqqət ayırmışdır. Bildirilmişdir ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması hazırda dövlət siyasətinin əsas prioritetlərindən biridir. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərin Baş planları hazırlanır, müasir infrastruktur layihələri icra edilir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.

Prezident İlham Əliyevin Bakının sənaye keçmişinə və ekoloji transformasiyasına dair gətirdiyi misallar Azərbaycanın ekoloji böhran sahələrini yaşıl və müasir zonalara çevirmək sahəsindəki qlobal uğurunun təqdimatıdır. Keçmişdə ekoloji baxımdan ağır vəziyyətdə olan "Qara şəhər", Bibiheybət və Böyükşor kimi ərazilərin son iyirmi ildə köklü şəkildə yenidən qurulması ölkəmizin ekoloji dayanıqlılıq və insan mərkəzli şəhər mühiti yaratmaq iradəsini ortaya qoyur. Konkret nümunələr yerli səviyyədə icra olunan irimiqyaslı layihələrin effektivliyini göstərməklə yanaşı, Bakının sənaye şəhərindən müasir, təmiz və yaşana bilən bir meqapolisə çevrilməsi prosesinin beynəlxalq müstəvidə nümunəvi model kimi qəbul edilməsini hədəfləyir. Dövlətimizin başçısı Bakıda həyata keçirilən Ağ şəhər və "Sea Breeze" layihələrinə də toxunub və qonaqlara həmin yerlərə baş çəkməyi tövsiyə edib.

Ən əsası, WUF13 platforması çərçivəsində Bakıdan səslənən bəyanatlar, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq prosesi Azərbaycanın şəhərsalma fəlsəfəsinin reallığını əks etdirir. BMT tarixinə rekord iştirakçı sayı ilə düşən bu Forum ölkəmizin qlobal çağırışların müzakirə olunduğu ən mühüm siyasi və intellektual mərkəz statusunu bir daha möhkəmləndirir.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
sesqazeti.az

1Sources