Son illərdə “yaşıl” iqtisadi artım siyasətləri və davamlı inkişaf təşəbbüsləri vasitəsilə mühüm institusional əsaslar yaradılıb. Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə milli prioritetləri çərçivəsində “yaşıl” inkişaf prinsiplərinin daxil edilməsi, azad olunmuş ərazilərdə “yaşıl enerji zonası” və “ağıllı yaşayış məntəqələri” konsepsiyalarının tətbiqi, eləcə də COP29-a ev sahibliyi çərçivəsində iqlim gündəliyinin gücləndirilməsi bu sahədə sistemli yanaşmanı nümayiş etdirir. Bu prosesdə vətəndaş cəmiyyəti institutlarının rolu xüsusilə əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı deyib.
Qeyri-hökumət təşkilatlarının ekoloji maarifləndirmə, iqlimə uyğunlaşma, “yaşıl şəhər” təşəbbüsləri, tullantıların idarəolunması, ekoturizm və gənclərin bu sahəyə cəlb olunması kimi layihələr vasitəsilə ictimai şüurun formalaşmasına töhfə verməkdə davam etdiyini bildirən A.Əliyeva qeyd edib: "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də şəffaf qrant mexanizmləri vasitəsilə layihələri dəstəkləməklə və dövlət ilə vətəndaş cəmiyyəti arasında institusional əməkdaşlığı gücləndirməklə mühüm koordinasiyaedici rol oynayır. Bu yanaşma davamlı inkişaf üçün daha effektiv çoxtərəfli əməkdaşlıq modellərinin formalaşmasına şərait yaradır. Beləliklə, davamlı təcrübə standartlarının uğurla tətbiqi dövlət qurumları, özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyəti arasında əlaqələndirilmiş əməkdaşlıqdan, eləcə də praktik monitorinq və hesabatlılıq sistemlərindən asılı olacaq.
Davamlılıq yalnız ekoloji siyasət deyil, həm də idarəetmə mədəniyyəti və ortaq məsuliyyət modelidir. Güclü institusional koordinasiya, inklüziv iştirak və uzunmüddətli əməkdaşlıq daha dayanıqlı və davamlı gələcəyin qurulmasına mühüm töhfə verə bilər".