İyunun 4-də Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin baş tərəfdaşlığı ilə Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu öz işinə başlayacaq.
Banco.az xəbər verir ki, ölkənin ən nüfuzlu kibertəhlükəsizlik platformalarından birinə çevrilmiş bu forum dövlət strukturlarını, özəl sektorun təmsilçilərini, beynəlxalq partnyorları, texnologiya şirkətlərini və sahə mütəxəssislərini bir məkanda cəmləyərək kibertəhlükəsizlik sahəsindəki müasir çağırışların və gələcəyə dair perspektivlərin müzakirəsi üçün əhəmiyyətli əməkdaşlıq platforması yaradacaq.
Forumun başlıca hədəfi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək olmaq, dövlət və özəl sektor arasında tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək, həmçinin beynəlxalq təcrübənin və innovativ metodların mübadiləsini stimullaşdırmaqdır.
Tədbir zamanı kibertəhlükəsizlik sahəsində tanınmış beynəlxalq mütəxəssislərin, qabaqcıl qlobal İT və texnologiya şirkətlərinin rəhbərlərinin çıxışları planlaşdırılır. Forum çərçivəsində rəqəmsal transformasiya prosesində meydana çıxan yeni kiber təhdidlər, süni intellekt texnologiyalarının kibertəhlükəsizliyə göstərdiyi təsir, kritik infrastrukturun müdafiəsi, regional əməkdaşlıq perspektivləri və kibermüdafiə sahəsində çağdaş yanaşmalar geniş şəkildə müzakirəyə çıxarılacaq.