EN

Cəza siyasətinə dair məhkəmə praktikası sistemli problemə çevrililib

Xəbər verdiyimiz kimi, Avropa Şurasının 2025-ci il Həbsxana Əhalisinə dair İllik Cəza Statistikası (SPACE I) açıqlanıb.

Həmin hesabatda Azərbaycan məhbus sıxlığına görə Avropa Şurasına üzv olan ölkələrdə ilk sıralarda dayanır. 

KONKRET.az xəbər verir ki, tanınmış vəkil Cavad Cavadov gununsesi.info-ya müsahibəsində bu hesabatı şərh edib.

– Cavad bəy, Azərbaycan məhbus sayına görə Avropada niyə ön sıralardadır?

– Avropa Şurasının 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” illik hesabatına görə, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə Azərbaycan Avropa Şurası məkanında yalnız Türkiyədən geri qalır; Türkiyədə bu rəqəm 458, Moldovada 245, Gürcüstanda 232, Macarıstanda isə 206 təşkil edir. Avropa Şurasının rəsmi məlumatında Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında ikinci yerdə göstərilir. Ola bilsin ki, bu statistikaya “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilmiş Amnistiya Aktı ilə azad olunmuş şəxslər daxil edilməyib. Ədliyyə Nazirliyinin açıqlamasına görə, amnistiya tətbiq olunan şəxslərin 5.348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3.555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.

– Bəs bu dedikləriniz nəzərə alınsaydı, vəziyyət qənaətbəxş olardımı?

– Xeyr, bu göstəricilər nəzərə alınsa belə, Azərbaycanın həbs göstəricisi yenə də çox yüksək olaraq qalır.

Bu rəqəmlər onu göstərir ki, problem təkcə amnistiya və ya birdəfəlik humanist aktlarla həll olunacaq səviyyədə deyil. Hətta belə geniş amnistiya tədbiri fonunda da ölkə Avropa məkanında məhbusların sayına görə ön sıralarda qalır. Bu isə artıq cəza siyasətinin, məhkəmə praktikasının və həbsə münasibətin sistemli problemə çevrildiyini göstərir. Vəziyyətin əsas səbəblərindən biri məhkəmələrin real azadlıqdan məhrumetmə cəzalarına və həbs qətimkan tədbirinə üstünlük verməsidir.

Təəssüflər olsun ki, məhkəmələr real cəzalar təyin etməkdə, məhkəməyədək mərhələdə isə həbs qətimkan tədbiri seçməkdə üstünlüyə yol verirlər. Halbuki həbs istisna tədbiri olmalıdır. Praktikada isə o, çox vaxt əsas vasitəyə çevrilib.

-Məhbus sayının yüksək qalmasının başqa hansı səbəbi var? 

-Mühüm səbəblərdən biri də şərti olaraq vaxtından əvvəl azad olunma institutunun işlək mexanizmə çevrilməməsidir. Əvvəlki mövqeyimizdə qalırıq ki, şərti olaraq vaxtından əvvəl azad olunma institutu qanunvericilikdə mövcud olsa da, praktikada onun tətbiqi əsaslandırılmayan qeyri-rəsmi məhdudiyyətlərlə xeyli daraldılıb. Bu sahədə çoxpilləli nəzarət mexanizmi formalaşıb: cəzaçəkmə müəssisəsinin mövqeyi, müxtəlif instansiyaların rəyləri, qeyri-formal razılaşdırmalar və əlavə olaraq prokurorun protest nəzarəti bu institutu faktiki olaraq ağırlaşdırır. Nəticədə məhkumun qanunla nəzərdə tutulmuş şərti azad olunma müddəti yetişsə belə, o, çox vaxt azadlığa buraxılmır.

Beləliklə, vaxtından əvvəl şərti azad etmə institutu məhbus sayının azaldılması və penitensiar sistemdə yüklənmənin azaldılması baxımından işlək hüquqi mexanizmə çevrilə bilmir.

Bu vəziyyət  isə təkcə ayrı-ayrı məhkumların taleyinə təsir göstərmir, həm də ümumilikdə penitensiar sistemdə ağır nəticələr yaradır.

-Etiraf edək ki, məhbus sayının çoxluğu cəzaçəkmə müəssisələrində dözülməz sıxlıq yaradıb…

-Bəli, mən də bunun şahidiyəm. Bu, həm məhkumların saxlanma şəraitinə, həm penitensiar idarəetməyə, həm də ümumilikdə insan hüquqlarının təminatına mənfi təsir göstərir. Həbsxanaların dolması sırf statistik məsələ deyil, bu, hüquqi dövlət üçün ciddi insan hüquqları problemidir.

Bu problemə dair Avropa Şurası Nazirlər Komitəsinin çoxsaylı tövsiyələri mövcuddur. “Həbsxanaların dolması və həbsdə saxlanılan şəxslərin sayının artması probleminə dair” R(99)22 saylı Tövsiyədə açıq göstərilir ki, həbsxanalarda doluluğun artması həm insan hüquqları, həm də penitensiar müəssisələrin səmərəli idarə olunması baxımından böyük problem yaradır.

Həmin beynəlxalq yanaşmada əsas diqqət kollektiv tədbirlərdən daha çox fərdi və davamlı hüquqi mexanizmlərə verilir.  Tövsiyələrdən biri də cəzanın faktiki olaraq çəkiləcək müddətini azaldan tədbirlərin təşviq edilməsidir. Burada da açıq şəkildə vurğulanır ki, həbsxanaların dolması probleminin həllində kollektiv tədbirlərlə – amnistiya və əfv aktları ilə – müqayisədə məhz vaxtından əvvəl şərti azad etməyə üstünlük verilməlidir. Yəni həll birdəfəlik humanist aktlarda deyil, işlək və sabit hüquqi mexanizmlərin qurulmasındadır.

Hesab edirəm ki, Azərbaycanda da bu sahədə əsas yanaşma dəyişməlidir. Əgər ölkədə məhbus sayı yüksək olaraq qalırsa, bu, yalnız cinayətkarlıq statistikası ilə izah edilə bilməz. Bu, həm də məhkəmələrin cəza təyin etmə praktikasının, həbs qətimkan tədbirinə yanaşmanın və vaxtından əvvəl azad olunma institutunun necə işlədiyinin göstəricisidir. Həbsə alternativ tədbirlərin geniş tətbiqi, şərti azad olunma mexanizminin real işlək hala gətirilməsi və məhkəmələrin həbsə münasibətinin dəyişməsi olmadan bu göstəricilərin ciddi şəkildə azalacağını gözləmək çətindir.

Ona görə də Azərbaycanın Avropa məkanında yüksək həbs göstəricisinə malik olması təsadüfi rəqəm deyil. Bu, həbsə üstünlük verən cəza siyasətinin, məhkəmələrin real azadlıqdan məhrumetmə cəzalarına meylli praktikasının və şərti olaraq vaxtından əvvəl azad olunma institutunun yetərincə işləməməsinin nəticəsidir. Amnistiya aktları müəyyən yüngülləşdirici təsir göstərsə də, problemin köklü həlli üçün fərdi və davamlı hüquqi mexanizmlər işlək vəziyyətə gətirilməlidir.

Chosen
36
1
konkret.az

2Sources