EN

Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 21 may, AZƏRTAC

Metro şəbəkəsinin genişləndirilməsi, yeni xətlərin yaradılması və mövcud infrastrukturun modernləşdirilməsi paralel şəkildə davam etdirilir. Yüksək sərnişin axını olan ərazilərdə nəqliyyat əlaqələrinin optimallaşdırılması da əsas prioritetlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı regional idarəsinin rəisi Tərlan Səfərov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, şəhər əlçatanlığının artırılması məqsədilə 10 strateji nəqliyyat qovşağının yenidən qurulması və layihələndirilməsi həyata keçirilir. Bu layihələr nəqliyyat şəbəkəsində təhlükəsizlik və hərəkət intensivliyinin artırılmasına xidmət edir.

Bildirilib ki, paytaxtda müasir yüngül relsli nəqliyyat sistemlərinin tətbiqi də nəzərdə tutulur. Yeni tramvay xətləri yüksək sıxlıqlı şəhər ərazilərində ictimai nəqliyyatın əlçatanlığını artıracaq.

O qeyd edib ki, əsas məqsəd magistral yollar, metro, dəmir yolu və digər nəqliyyat növlərini ayrı-ayrı sistemlər kimi deyil, vahid rəqəmsal və fiziki ekosistem şəklində inteqrasiya etməkdir. Bu yanaşma səyahət vaxtının azaldılmasına və şəhər üzrə əlçatanlığın artırılmasına xidmət edir.

Aktiv mobillik sahəsində görülən işlərdən də bəhs olunub. Bildirilib ki, paytaxtda 65 kilometr velosiped yolu salınıb, 1000-dən çox velosiped parklanma məntəqəsi quraşdırılıb.

Həmçinin mikromobillik həllərinin, xüsusilə elektrik skuterlərinin qısa məsafəli səfərlərdə istifadəsinin artdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu xidmətlər üzrə 4 milyondan çox səfər həyata keçirilib və 400 mindən artıq istifadəçi sistemdən yararlanır.

Vurğulanıb ki, əldə olunan nəticələr Bakı sakinlərinin dayanıqlı və alternativ nəqliyyat həllərinə marağının artdığını nümayiş etdirir.

Müxbir - Vüqar Qurbanoğlu

Fotoqraf - Aydın Oqtayoğlu

Videooperator - Şövqi Əzizov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
azertag.az

1Sources