“Sizə rəsmi şəkildə deyirəm ki, mənim verdiyim müsahibədə manaşetə çıxarılan o cümlənin konteksi var. Fikir bildirənlərin çoxu ancaq həmin hissəni oxuyublar və ağızlarına gələni yazırlar”. Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Xalq yazıçısı Kamal Abdulla deyib.
“Mən orda demişəm ki, bəzi qadınlar var, əlbəttə, öz potensiallarına görə müxtəlif qurumlarda və vəzifələrdə aktiv şəkildə çalışa bilərlər. Ancaq elə qadınlar da var ki, biz onları səhər verilişlərində, küçələrdə, bacalarda görürük. Onların evdə oturmaqları daha məsləhətlidir. Elə qadınlarımız var ki, həm ictimai mühitdə, həm ədəbiyyat sahəsində, nə bilm, tibbdə, siyasətdə öz sözlərini deyirlər. Yəni mən o qədər ağılsızam ki, bunları ayıra bilməyim? Camaat elə başlığa baxıb və məsələni müzakirəyə çıxarıb. Bu da məni günahkar sayan həmin qadınların səviyyəsini göstərir. Əminəm ki, onların çoxu müsahibəni açıb oxumayıblar”.
Qeyd edək ki, K.Abdulla “Qafqazinfo”ya müsahibəsində bildirib ki, qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır: “Aralarından xüsusi istedadı ilə özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir. Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər”.