Dünya bazarında neftin qiyməti bir barel üçün 200 dollara çata bilər.
Musavat.com xəbər verir ki, Wood Mackenzie analitik şirkətinin ekspertləri bu qənaətə gəliblər. Şirkətin analitik icmalına əsasən Hörmüz boğazından gəmiçilik 2026-cı ilin sonuna qədər bərpa olunmazsa, qlobal iqtisadiyyat son bir əsrin ən pis enerji böhranı ilə üzləşəcək.

Mütəxəssislər hesablayırlar ki, boğazın bağlanması qlobal neft və kondensat istehsalını gündə təxminən 11 milyon barel azaldıb. Bundan əlavə, Yaxın Şərq münaqişəsi mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını ildə təxminən 80 milyon ton azaldıb ki, bu da qlobal bazarın 20 faizinə bərabərdir.

Peter Martin
Şirkətinin makroiqtisadi şöbəsinin rəhbəri Peter Martin bildirir ki, mənfi təsirlər Hörmüzün bağlı qalma müddətindən asılıdır: "Bağlanma nə qədər uzun sürərsə, enerji qiymətlərinə, sənaye fəaliyyətinə, ticarət axınlarına və qlobal iqtisadi artıma təsir bir o qədər böyük olacaq".
Şirkət Hörmüz boğazından təchizatda fasilələrin müddəti ilə fərqlənən üç ssenari təqdim edib.
.jpg)
Ən optimist ssenaridə ABŞ və İran tezliklə razılığa gəlirlər və boğazdan gəmiçilik iyun ayında bərpa olunacaq. Bu halda, qlobal iqtisadiyyat 2026-cı ilin dördüncü rübündə müharibədən əvvəlki artım trayektoriyasına qayıdacaq və enerji təchizatı yenidən tələbatı üstələdikcə, Brent etalon markalı neftin qiyməti ilin sonuna qədər təxminən 80 dollara, 2027-ci ildə isə 65 dollara düşəcək. Bu ssenaridə qlobal iqtisadi artım 2025-ci ildəki 3 faizdən bu il 2,3 faizə qədər yavaşlayacaq.
Başqa bir ssenari mövcud atəşkəsin qüvvədə qalmasını nəzərdə tutur, lakin sülh danışıqları yayın sonuna qədər uzanır və Hörmüz boğazı sentyabr ayına qədər bağlı olacaq. Bu halda, mayeləşdirilmiş təbii qaz və neft çatışmazlığı 2026-cı ilin üçüncü rübünə qədər davam edəcək və qlobal iqtisadi artım faizdən aşağı düşəcək.
Ən pis ssenari ilin sonuna qədər boğazın bağlanmasını nəzərdə tutur. Analitiklər hesab edirlər ki, bu baş verərsə, ilin ikinci yarısında qlobal neft tələbatında gündə 6 milyon barel azalmaya baxmayaraq, dekabr ayına qədər Brent 200 dollara yüksələcək. Bu halda, qlobal iqtisadiyyat tənəzzülə girə və 2026-cı ildə 0,4 faiz azala bilər. Müxtəlif regionlara təsir fərqli olacaq. Xüsusilə Yaxın Şərq ÜDM-i 10,7 faiz, Avropa İttifaqının 27 iqtisadiyyatı isə 1,5 faiz azala bilər. ABŞ-ın iqtisadi artımı 1 faizdən, Çininki isə 3 faizdən aşağı düşəcək.
Martin hesab edir ki, ən pis ssenari "qlobal ticarətin, sənaye təchizat zəncirlərinin və iqtisadi artımın dayanıqlığını sınayacaq və münaqişənin həllinə təcili ehtiyac olduğunu bir daha vurğulayacaq".
“Financial Times” qəzeti isə yazır ki, Yaxın Şərqdəki vəziyyətin yaratdığı qlobal enerji böhranı yay mövsümündən əvvəl yeni mərhələyə daxil olub. Nəşrin məlumatına görə, enerji böhranının yeni mərhələsinin yaxınlaşması ilə əlaqədar təxminən 80 ölkə iqtisadiyyatlarını qorumaq üçün təcili tədbirlər görüb.
Qeyd olunur ki, Şimal yarımkürəsində yayın əvvəlində kondisionerlərdən istifadə və istirahət səfərlərinə tələbatın artması, qlobal ehtiyatların artıq rekord səviyyədə azalması fonunda xam neft, benzin, dizel və reaktiv yanacaq təchizatına əlavə təzyiq göstərəcək.
Aberdin Universitetinin baş iqtisadçısı Pol Diql bildirib ki, onun komandası hazırda Brent markalı xam neftin qiymətinin bir barel üçün 180 dollara qədər yüksələcəyi və bunun bir sıra Avropa və Asiya ölkələrində inflyasiyanın kəskin şəkildə artmasına və tənəzzülə səbəb olacağı ssenarini araşdırır.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal xam neft tədarükü aprel ayında martla müqayisədə gündə 1,8 milyon barel azalaraq 95,1 milyon barelə düşüb və bu da fevral ayından bəri gündəlik ümumi itkiləri 12,8 milyon barelə çatdırıb. Hörmüz boğazının bağlanmasından təsirlənən Fars körfəzi ölkələrində istehsal 14,4 milyon barel azalıb. Boğazdan keçən neft daşımaları artmağa davam etsə belə, Beynəlxalq Enerji Agentliyi qlobal neft tədarükünün 2026-cı ildə orta hesabla 3,9 milyon barel azalaraq 102,2 milyon barelə düşəcəyini təxmin edir. Neft bazarının aşağı elastikliyi nəzərə alınmaqla, bu həcmlərin itirilməsi, böyük ölkələr strateji xam neft ehtiyatlarını bazara buraxmasaydılar, qaçılmaz olaraq neft qiymətlərinin daha da artmasına səbəb olacaqdı. BEA-nın təxminlərinə görə, mart ayında bu ehtiyatlardan 129 milyon barel, aprel ayında isə daha 117 milyon barel çıxarılıb.
ABŞ-la İran arasında mövqelərin yaxınlaşması prosesinin müşahidə olunmaması dünya neft bazarında bu həftənin əvvəlində qeydə alınan ucuzlaşmanın yenidən bahalaşma ilə əvəz edib. Artıq Brentin qiyməti 2 dollar bahalaşmaqla 107 dollara çatıb.
Yaxın Şərqin iki böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı və BƏƏ Hörmüzdənkənar marşrutla ixracı kəskin artırsalar da, Tehranın səsləndirdiyi son hədələr hərbi eskalasiya halında bu ölkələrin alternativ ixrac infrastrukturuna zərbələr endiriləcəyindən xəbər verir. Bu baxımdan, yaxın günlərdə razılaşma əldə olunmayacağı təqdirdə ABŞ-la İran arasında hərbi əməliyyatların yenidən bərpa olunması riski gündən-günə artır. Bu baş verərsə, Hörmüzün tamamən bağlanması və bunun yaxın bir neçə ay ərzində davam etməsi qaçılmaz olacaq.
UBS Qrupunun əmtəə analitiki Giovanni Staunovonin fikrincə, "bazar hələ də vəziyyətin yaxşılaşacağını gözləyir". Ekspertin sözlərinə görə, son vaxtlar hər gün bir neçə tankerin Hörmüz boğazından keçməsi qeydə alınır ki, bu da qiymətləri 110 dolların altında saxlayır. Lakin hərbi əməliyyatlar yenidən bərpa olunarsa, boğazda hərəkət tam dayanacaq və bu halda ən pis ssenarilər reallığa çevrilə bilər.
Citi analitikləri bazarın Yaxın Şərq münaqişəsi səbəbindən uzunmüddətli təchizat fasilələri riskini olduğundan aşağı qiymətləndirdiyini qeyd edərək, Brent neftinin qiymətinin yaxın gələcəkdə 120 dollara yüksələcəyini gözləyirlər.
PVM mütəxəssisləri də qlobal neft ehtiyatlarının kritik dərəcədə aşağı səviyyələrə düşə biləcəyi barədə xəbərdarlıq edirlər. Onların fikrincə, bazar iştirakçıları təhlükənin dərinliyini hələ tam anlamayıblar.
Qeyd edək ki, ABŞ bir neçə gün əvvəl Rusiya neftinin sanksiyalardan azadolma müddətini 1 ay daha uzadıb. Eyni zamanda Böyük Britaniya üçüncü ölkələrdə Rusiya neftindən istehsal olunan dizel yanacağı və reaktiv yanacağın idxalına sanksiyanı aradan qaldırıb.
Bundan əlavə, ABŞ İran neftinin Çinə ixracına razılıq verib. Bütün bunların bazara çıxarılan neft həcmlərini artırmaqla münaqişənin mənfi təsirlərini yumşaltmağa davam edəcəyi gözləntiləri böyükdür. Lakin yenə də qeyd etməyə dəyər ki, bütün ssenarilər ABŞ-la İran arasında razılaşmanın əldə olunun-olunmamasından, eyni zamanda nə vaxt olunmasından asılıdır.
Azərbaycan neft ixracından asılı ölkə olaraq dünya bazarındakı proseslərdən müsbət və mənfi təsirlərlə üzləşir. Birinci təsir, əlbəttə, yüksək neft qiymətlərinin hasilat və ixracın azalması dövrünü yaşayan ölkəyə daha çox gəlirlərin daxil olması fonunda müsbət xarakterlidir. Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan xarici statistikadan aydın olur ki, bu ilin yanvar-aprelində xaricə neft satışı 8 milyon tona yaxın olub ki, bu da illik ifadədə 3,42 faiz azalma deməkdir. Bu ixracdan əldə olunan gəlirlər isə 4,33 faiz azalmaqla 4 milyard 365 milyon dollar təşkil edib. Nəzərə alsaq ki, münaqişədən əvvəlki yanvar-fevral aylarında 3,6 milyon ton neft(1 milyard 704 milyon dollar dəyərində) ixrac olunmuşdu, onda mart-aprel aylarında bu göstəricinin 4,4 milyon tona bərabər olduğunu söyləyə bilərik. Bu, o deməkdir ki, ilk iki ayda 1 ton nefti 473,3 dollara(təxminən 1 bareli 64,8 dollara), mart-apreldə isə orta hesabla 604,8 dollara(təxminən 82,84 dollar) ixrac etmişik.
May ayının əvvəlindən Azərbaycan neftinin qiyməti 110 dollar ətrafında dəyişir. Bu isə ixracdan əldə olunacaq gəlirlərin bir qədər də çox olmasını şərtləndirəcək.
Lakin bütün analitik mərkəzlərin rəyinə əsasən belə yüksək enerji qiymətləri digər sahələrdə, xüsusilə ərzaq məhsullarında bahalaşmanı sürətləndirir. Artıq dünyanın bütün aparıcı iqtisadiyyatlarında aprel ayında inflyasiyanın sürətlənməsi qeydə alınıb. May ayında bu göstəricinin daha da yüksələcəyi gözlənilir. Hörmüzdə böhranın və ondan qaynaqlanan yüksək enerji qiymətləri nə qədər davam edəcəksə, inflyasiya prosesi də bir o qədər sürətlənəcək. Bu isə Azərbaycanın neft-qaz ixracından əldə etdiyi artıq dollarların yenidən idxal üçün xaricə axması demək olacaq: Azərbaycan bazarı çox böyük ölçüdə idxaldan asılı qalmağa davam edir...
Dünya SAKİT,
Musavat.com