EN

“Gürcüstana dəmir yolu ilə gediş-gəlişin bərpa olunması Rusiya və İranla quru sərhədlərin də tezliklə açılacağının müjdəçisidir” - AÇIQLAMA

“Gürcüstana sərnişinlərin dəmiryolla gediş-gəlişinin bərpa olunacağı haqda informasiya, əslində, Rusiya və İranla quru sərhədlərin də tezliklə açılacağının müjdəçisidir”.

 

Pravda.az xəbər verir ki, bunu  politoloq Elxan Şükürlü deyib.

 

Politoloq bildirib ki, hazırda ölkə əhalisi arasında hökumətdən narazılığın əsas səbəblərindən biri məhz quru sərhədlərin bağlı saxlanmasıdır: “Əhalinin aztəminatlı, kasıb təbəqəsi bundan hədsiz çox əziyyət çəkir və hökumət də ona qarşı ictimai təzyiq yaradan, getdikcə artan bu narazılığı nəzərə almaq, problemi çözmək məcburiyyətindədir. Ən çox əziyyət çəkənlər isə təkcə Gürcüstana və Rusiyaya davamlı şəkildə gedib-gələn soydaşlarımız, ticarətçilər deyil, həm də ölkənin bir başından o biri başına - Naxçıvan Muxtar Respublikasına gedib-gələn sadə vətəndaşlarımızdır. 35 il boyunca yalnız təyyarə və İran ərazisindən məhdud saylı, tez-tez dayandırılan avtobus reysləriylə əzab-əziyyətli gediş-gəlişə möhtac qalmış və həm də bu səbəbdən sürətlə boşalan, ciddi demoqrafik böhranla üzləşən Naxçıvan Muxtar Respublikasında 2020-ci ildəki müharibədən sonra Ermənistan üzərindən nəqliyyat əlaqələrinin tezliklə bərpa olunacağına xeyli ümid yaransa da, bu prosesin nə zaman yekunlaşacağı qeyri-müəyyəndir”.

 

Onun sözlərinə görə, hazırda Ermənistandakı əhval və bu ölkə üzərində oynanan geopolitik çəkişmələr onu göstərir ki, Azərbaycanın və Türkiyənin davamlı xoşməramlı jestlərinə baxmayaraq, ixtiyarı öz əlində olmayan rəsmi İrəvan “Zəngəzur dəhlizi”nin açılmasındakı öhdəliklərində acizdir və bundan Azərbaycana və Türkiyəyə qarşı təzyiq məqsədiylə yararlanmağa çalışır: “Üstəlik təhlükəsizlik təminatı verilmədən və maneəsiz keçid imkanı yaradılmadan Ermənistanla nəqliyyat əlaqəsinin bərpası böyük risk yaradan, kövrək sülh atmosferini hər an dağıdacaq faktordur. Bu durumda isə Azərbaycan üçün ən əlverişli variant tikintisi artıq yekunlaşan və açılması siyasi iradəyə bağlı olan “Araz dəhlizi”ni – Araz çayı üzərində tikilən, Azərbaycanla İranı birləşdirən Ağbənd-Kəlalə körpüsünün tezliklə istifadəyə verilməsidir”.

 

O xatırladıb ki, bu ilin 23 fevralında Azərbaycan və İran tərəfinin birgə Komssiyasının iclasında Baş nazirin müavini Şahin Müstafayev körpünün tikintisinin artıq başa çatdığını, sərhəd-gömrük infrastrukturunun da inşasından sonra onun istifadəyə veriləcəyini və bu marşurutun Fars körfəziylə Qara dəniz coğrafiyasını birləşdirəcək mühüm avtomobil yolu olacağını demişdi: “İran xarici işlər nazirinin müavini isə hətta yolun açılacağı konkret tarixi də açıqlamışdı - Novruz bayramında. Ancaq ABŞ-İsrail tandeminin 28 fevralda İrana hücumu Naxçıvana avtomobil yolunun açılması işini də pozdu. Çox güman ki, İrana qarşı yeni əməliyyatların olmayacağına qəti əminlik hissi yaranan kimi, körpü dərhal istifadəyə veriləcək. Açıq desək, ABŞ-İsrail ittifaqı heç bu körpünün işlək olmasını - Azərbaycanın İran üzərindən Naxçıvanla və Türkiyə ilə sabit quru əlaqəsini qurmasını istəmirlər də. Çünki bu əlaqə hər üç ölkə - Azərbaycan, İran və Türkiyə arasında münasibətlərin yaxşı olmasını və qarşılıqlı güzəştləri zəruri edir, müsəlman həmrəyliyini gücləndirir. ABŞ-İsrail tandemi isə bu 3 ölkə arasında davamlı ziddiyyətlərin, gərginliyin olmasında maraqlıdır”.

 

Elxan Şükürlü vurğulayıb ki, “Araz dəhlizi”nin tezliklə istifadəyə verilməsi və xüsusən də Naxçıvana 53 kilometrlik yolda avtomobillərin maneəsiz gediş-gəlişinin təmin edilməsi planlaşdırılan gərginliyi önləməklə yanaşı, İran-Azərbaycan münasibətlərində qarşılıqlı etimada da körpü salacaq çox əhəmiyyətli dönüş nöqtəsi ola bilər.

Tarix: 21 May 2026, 17:30   
Chosen
3
pravda.az

1Sources