BAKI, 21 may. TELEQRAF
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Müəyyən edilsin ki: 1.1. dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödənilir; 1.2. bu Qərarın 1.1-ci bəndində nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödənilir; 1.3. bu Qərarın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərlə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün 50 manat məbləğində əlavə vəsait ödənilir. 2. Dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərin sayı haqqında hər il iyulun 1-nə olan məlumatın işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və ya müvafiq ərazidə çoxmənzilli binaların idarə edilməsi sahəsində fəaliyyət göstərən qurumlarla (bundan sonra – səlahiyyətli qurumlar) razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.