EN

“Rəqəmsal məktəb” süni intellekt platformasına çevrilir

““Rəqəmsal məktəb” artıq AI platformasına çevrilir. Baxıram ki, müəllimlərimiz tədrisdə real olaraq süni intellekt alətlərindən istifadə edirlər. “Rəqəmsal məktəb” platforması isə təhsildə süni intellektin tətbiqi baxımından nəhəng bir ekosistemə çevrilməkdədir".

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Osman Gündüz bir müddət bu platformanı araşdırıb:

"Birmənalı olaraq demək olar ki, Elm və Təhsil Nazirliyi (ETN) son dövrlər süni intellektin real tətbiqi baxımından ölkədə ən sistemli çalışan dövlət qurumlarından birinə çevrilib. 

“Rəqəmsal məktəb” platforması üzərindən müəllim, şagird, məktəb rəhbərliyi və valideynlər süni intellektdən istifadə etməklə konkret rəqəmsal xidmətlər formalaşdırılır.

Xatırlayıram ki, nazirlik son illərdə bu istiqamətdə həm “Microsoft”, həm “Google”, həm də “Presight” kimi qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq qururdu. İndi görünür ki, bu əməkdaşlıqlar real işlək və faydalı bir ekosistemə çevrilməyə başlayıb". 

İKT üzrə ekspert qeyd edib ki, platformada müəllim, şagird və ümumilikdə tədris prosesinin daha effektiv təşkili üçün aşağıdakı çoxsaylı AI və rəqəmsal alətlər təqdim olunub:

““Google Gemini” – dərs planlarının hazırlanması, mövzuların izahı, test və tapşırıqların yaradılması üçün;

“NotebookLM” – müəllimin öz materialları əsasında xülasə, tapşırıqlar, təqdimat, fərdiləşdirilmiş resursların hazırlanması və s. üçün;

“Google Classroom”, “Google Docs”, “Google Forms”, “Google Drive”, “Google Meet” və digər alətlər – tədris, əməkdaşlıq və idarəetmə proseslərinin vahid mühitdə qurulması üçün.

Eyni zamanda “Microsoft Copilot” platforması da müəllimlər üçün lokallaşdırılıb və kurikulum əsaslı AI köməkçisi kimi istifadəyə verilib. Bu sistem müəllimlərə qiymətləndirmə, rubrika, test, dərs planı və metodik materialların hazırlanmasında dəstək verir".

O.Gündüz vurğulayıb ki, ötən il elm və təhsil naziri Emin Əmrullayev “Presight” şirkətinin baş icraçı direktoru Tomas Pramotedham ilə görüşərək təhsildə süni intellektin tətbiqini müzakirə etmişdir:

"İndi isə görünür ki, “Presight/G42” ilə əməkdaşlıq çərçivəsində təhsil yönümlü xüsusi dil modelləri əsasında müəllim üçün “Rəqəmsal Köməkçi” Aİ agenti də formalaşdırılıb. Test etdim. Bu artıq sadə “chatbot” deyil. Lokal təhsil sisteminə uyğunlaşdırılmış, kifayət qədər peşəkar AI əsaslı dəstək modelidir.

Ümumiyyətlə, görünən odur ki, “Rəqəmsal məktəb” platformasında müəllim üçün AI köməkçi, şagird üçün fərdiləşdirilmiş öyrənmə, valideyn üçün şəffaf monitorinq, məktəb rəhbərliyi üçün isə analitika və idarəetmə imkanları yaradılıb.

Düşünürəm ki, ETN, onun bu sahəyə cavabdeh olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi bu platformanı davamlı şəkildə zənginləşdirə, AI modellərini müntəzəm təkmilləşdirə bilsə, Azərbaycanda AI əsaslı çox böyük milli təhsil platforması formalaşa bilər.

Bu isə ölkədə təhsilin inkişafı və keyfiyyət dəyişiklikləri baxımından olduqca mühüm addımdır. ETN-nin süni intellektin təhsildə tətbiqi istiqamətində atdığı praktik addımlar təqdirəlayiqdir".

Chosen
10
1
cebheinfo.az

2Sources