Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu Ankara Bölgə Ədliyyə Məhkəməsinin partiya rəhbərliyini vəzifədən uzaqlaşdırması barədə çıxardığı qərara reaksiya verib.
Hafta.az xəbər verir ki, siyasətçi məhkəmənin qərarından dərhal sonra "X" hesabında geniş bəyanat yayıb.
Kılıçdaroğlu yaranmış yeni vəziyyətin partiya daxilində parçalanmaya deyil, əksinə, daha sıx birliyə vəsilə olduğunu vurğulayıb:
"Cümhuriyyət Xalq Partiyası şəxsi maraqların və ambisiyaların mübarizə meydanı deyil. CHP millətimizin suverenlik sənədidir. 38-ci Qurultayımızla bağlı məhkəmənin verdiyi bu qərar bir ayrılma vəsiləsi deyil, yenidən birləşmək və güclənmək fürsəti olmalıdır. Gün sevinc qışqırıqları ilə bir-birimizi qırmaq, incitmək günü deyil. Bu gün bütün inciklikləri bir kənara qoyub böyük ciddiyyətlə, sakitliklə və qucaqlaşaraq yenidən ayağa qalxmaq günüdür. Biz bu prosesi "kaş ki"lərlə deyil, ciddiyətlə, partiya mədəniyyətimizdən aldığımız səmimiyyətlə və ortaq ağılla idarə etmək məcburiyyətindəyik".
Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Bununla da qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin vəzifəsi isə bərpa olunub./qafqazinfo/