ain.az, 525.az saytına istinadən bildirir.
Pərvanə SULTANOVA[email protected]
Bakının ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) qlobal miqyasda böyük maraq özünü göstərir. Bu, həm şəhərsalma, yaşayış məskənləri ilə bağlı məsələlərin aktuallığından, eyni zamanda, Azərbaycanın mövcud təcrübəsindən irəli gəlir. Məlumdur ki, 30 ilə yaxın işğal altında olan Azərbaycan əraziləri azad edildikdən sonra sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Şəhər və kəndlər müasir konsepsiyalar əsasında yenidən qurulur, "Ağıllı şəhər", "Ağıllı kənd"lər, yaşıl zonalar yaradılır. Tamamilə dağıdılmış, urbisidə məruz qalmış ərazilərin sıfırdan yenidən qurulması təbii ki, asan bir iş deyil, böyük səylər tələb edir. Ölkəmizin bu məsələdə yaratdığı nümunə artıq bütün dünya üçün modelə çevrilib. Bu mövzu barədə ətraflı bəhs etməzdən əvvəl onu vurğulayaq ki, Azərbaycanın şəhərsalma təcrübəsi əlbəttə ki, yeni deyil və bunun tarixi olduqca qədimdir. Arxeoloji tədqiqatlar göstərir ki, şəhərsalma prosesi Azərbaycanda Tunc dövrünə təsadüf edir. Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Tarix Dostiyev öz məqaləsində bildirir ki, Azərbaycanda şəhər mədəniyyətinin inkişafında Atropatena və Albaniya dövlətlərinin fəaliyyəti mühüm mərhələ olub. Yazılı mənbələrdə Albaniyada 29 şəhər və iri yaşayış məskəninin mövcudluğu əksini tapıb. Albaniyanın paytaxtı olmuş Qəbələdə genişmiqyaslı arxeoloji qazıntılar aparılıb, qədim şəhərin tikililəri üzə çıxarılıb. Onun sözlərinə görə, orta əsrlərdə Azərbaycanda müsəlman tipli şəhərlər formalaşıb. IX-X əsrlərdə bu proses sürətlənib, şəhərsalma fəaliyyəti genişlənib, şəhər həyat tərzi möhkəmlənib. Tədqiqatçılar XII əsrdə Azərbaycanda 70-ə yaxın şəhərin olduğunu müəyyənləşdiriblər.
Həm qədim, həm də müasir şəhərsalma təcrübəsi təbii ki, Azərbaycanı WUF13-ün ev sahibi kimi daha cəlbedici, maraqlı edir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bu məqama xüsusi diqqət çəkərək, memarlıq ənənələrindən də söz açıb. Dövlət başçısı deyib ki, nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər:
"Mən onlardan bəzilərini qeyd edəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib".
Prezident söyləyib ki, əcdadlarımız tərəfindən tikilənlər təkcə qeyd etdiyi abidələr deyil: "Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb. Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək".
Bu gün dövlət üçün əsas prioritet Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. WUF13, artıq vurğuladığımız kimi, Azərbaycanın yenidənqurma modelini beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı yaratdı.
Dövlət başçısı öz çıxışında bu məsələyə xüsusi yer verərək, bildirib ki, beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı "Qafqazın Xirosiması" adlandırırdılar: "Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır".
Azərbaycan dövləti uğurla Böyük Qayıdış Proqramını həyata keçirir. Ötən 5 il ərzində 70 kilometr uzunluğunda tunellər çəkilib, daha beşinin tikintisi plandadır. 500 körpüdən 435-i inşa olunub, digər bütün lazımi infrastruktur yaradılıb. Beş ildə misilsiz işlər reallaşdırılıb, 85 mindən artıq azad olunmuş ərazilərdə yaşayır.
Azərbaycan Prezidenti və Birinci vitse-prezident daim şəhərsalma məsələlərini diqqətdə saxlayır, bu proses çox həssaslıqla, bütün detallar nəzərə alınmaqla, tarixi irs, arxitektura qorunmaqla həyata keçirilir. Azərbaycan şəhərsalmada unikal nümunə sərgiləyir. Bu unikallıq həm də özünü onda göstərir ki, bu gün dünyada münaqişələr, müharibələr alovlandığı bir dövrdə Azərbaycan COP29, WUF13 kimi qlobal tədbirləri uğurla təşkil etməklə qlobal məsələlərin müzakirə olunduğu təhlükəsiz bir platformaya çevrilib.
Milli Məclisin deputatı Rizvan Nəbiyev mövzu ilə bağlı bildirib ki, BMT çərçivəsində keçirilən COP29 və qısa müddət sonra təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda baş tutması yalnız klassik diplomatiya deyil, həm də ictimai və mədəni diplomatiya baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin daha da möhkəmləndiyini göstərir.
Deputat qeyd edib ki, WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçının təmsil olunması tədbirə olan yüksək marağın və Bakıya göstərilən beynəlxalq etimadın göstəricisidir. Onun sözlərinə görə, paytaxtın müasir infrastrukturu, yeni şəhərsalma layihələri, memarlıq nümunələri, mədəni potensialı və beynəlxalq tədbirlərin təşkili sahəsində qazandığı təcrübə Azərbaycanın artıq bu istiqamətdə qlobal mərkəzlərdən birinə çevrildiyini nümayiş etdirir.
Onun sözlərinə görə, Azərbaycan yalnız milli problemlərin həlli ilə kifayətlənmir, eyni zamanda qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşməyə və çoxtərəfli əməkdaşlığa açıq olduğunu nümayiş etdirir.
Deputat diqqətə çatdırıb ki, 1990-2020-ci illər ərzində şəhərlərin fiziki genişlənməsi əhali artımını üstələyib və bu, plansız urbanizasiya risklərini artırıb. Şəhərlərdə yaşıl zonaların payının azalması, daşqın risklərinin yüksəlməsi və milyonlarla insanın yaşayış yerlərini tərk etmək məcburiyyətində qalması urbanizasiyanın yaratdığı təhlükələrin miqyasını göstərir. Bu səbəblərdən BMT təhlükəsiz və dayanıqlı şəhərlərin qurulmasını əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.
Rizvan Nəbiyev vurğulayıb ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində fəal əməkdaşlıq aparır və milli səviyyədə müxtəlif proqramlar həyata keçirir. Azərbaycan hətta əlavə olaraq 18-ci Dayanıqlı İnkişaf Məqsədini - humanitar minatəmizləmə təşəbbüsünü də irəli sürüb. Hazırda ölkə ərazilərinin təxminən 13 faizi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib və təhlükəsiz yaşayış mühitinin təmin olunması üçün humanitar minatəmizləmə xüsusi əhəmiyyət daşıyır.
O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma və məskunlaşma layihələrinin beynəlxalq səviyyədə maraq doğurduğunu bildirib: "Son beş ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb, 2026-cı il üçün isə əlavə 3,5 milyard manat nəzərdə tutulub. Artıq 80 minə yaxın keçmiş məcburi köçkün 40 yaşayış məntəqəsində məskunlaşıb və qarşıdakı illərdə 200-dən çox yaşayış məntəqəsinin yenidən qurulması planlaşdırılır. 30 ilə yaxın işğal dövründə dağıdılmış şəhər və kəndlərin sıfırdan, müasir və ekoloji prinsiplər əsasında yenidən qurulması Azərbaycanın formalaşdırdığı mühüm və nümunəvi təcrübədir. Urbanizasiya və şəhərsalma diplomatiyası artıq yalnız tikinti məsələsi deyil, təhlükəsizlik, ekologiya, humanitar problemlər, miqrasiya və dayanıqlı inkişaf kimi qlobal çağırışlarla birbaşa bağlı olan strateji istiqamətdir".
Deputat Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimində səsləndirdiyi fikirlərə istinad edərək deyib ki, Azərbaycanın müxtəlif bölgələrində sürətli şəhərsalma prosesləri həyata keçirilir və beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi bu sahədə daha effektiv nəticələrin əldə olunmasına imkan yaradacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.