“Oura” şirkəti sənədləri ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim edib. Bu barədə “Reuters” və “Bloomberg” yazır. “Bloomberg”in mənbəsinin sözlərinə görə, “Oura” IPO hazırlığı çərçivəsində “Goldman Sachs”, “Morgan Stanley”, “JPMorgan”, “Allen & Co.” və “Jefferies Financial Group” ilə işləyir. Mənbə əlavə edib ki, şirkət birjaya 2026-cı ildə çıxmağı planlaşdırır.
“Oura” 2013-cü ildə Finlandiyada yaradılıb. Şirkətin baş ofisləri ABŞ-nin San-Fransisko və Finlandiyanın Oulu şəhərlərində yerləşir. Şirkət “ağıllı” üzüklər hazırlayır və satır. Onun məlumatına görə, bu qurğular ürək ritmi, yuxu fazaları və digər göstəricilər daxil olmaqla 50-dən çox parametri izləyir.
2025-ci ilin sentyabrında “Oura”nın rəhbəri Tom Hale bildirmişdi ki, şirkət fəaliyyət göstərdiyi müddətdə 5,5 milyon üzük satıb. Müqayisə üçün, 2024-cü ilin oktyabrında bu göstərici 2,5 milyondan çox idi. Şirkət 2026-cı ildə 1,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır.
Həmin ilin oktyabrında “Oura” təxminən 11 milyard dollar dəyərləndirmə ilə 900 milyon dollar investisiya cəlb edib. Vəsaitin süni intellekt sahəsində innovasiyalara, yeni funksiyaların hazırlanmasına və əlavə olunmasına, həmçinin miqyaslanma və beynəlxalq ekspansiyaya yönəldilməsi planlaşdırılırdı.
“Bloomberg” qeyd edir ki, “ağıllı” saatlarla müqayisədə üzüklər hələlik daşına bilən cihazlar bazarında kiçik paya malikdir, lakin onların populyarlığı sürətlə artır. Belə cihazları, məsələn, “Samsung”, “Luna” startapı və keçmiş “Meta” əməkdaşlarının yaratdığı “Sandbar” layihəsi təqdim edir.