ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Qəribə bir dövrə gəlmişik...”
Bəşər tarixi boyunca filosoflar insan olmanın rəmzlərini, onun mənəvi sərhədlərini axtarıblar. Dillər əzbəri olan, lakin bu gün hər zamankından daha dərin məna kəsb edən sadə bir həqiqət var: "Bu həyatda hər peşə sahibi olmaq olar, ancaq insan olmağı hər kəs bacarmır". Günümüzdə cəmiyyətin hər təbəqəsindən eyni gileyi, eyni təəssüfü eşidirik: “Qəribə bir dövrə gəlmişik...” Bəs bizi bu heyrət və qayğıya qərq edən nədir? Sürətli texnoloji tərəqqimi, yoxsa o tərəqqinin parıltılı kölgəsində getdikcə süniləşən, ögeyləşən insanlığımızmı?
Ulu Yaradan insan oğlunu yer üzündəki bütün canlılardan üstün yaradıb, ona ən böyük neməti – təfəkkürü, düşünən beyni bəxş edib. Əsrlər boyu dünya insanın ağlı və iradəsi ilə idarə olunub. Lakin bu gün elə bir tarixi və sarsıdıcı dönəmə gəlib çatmışıq ki, insanın öz zəkası ilə yaratdığı süni intellekt (Sİ), sanki prosesləri onun öz idarəetməsindən çıxarmağa başlayır. Riyazi elmlər insan məntiqini maşınlara köçürür, hər şey rəqəmsallaşır, yeni kommunikasiya sistemləri qurulur. Görəsən, bu amansız inkişaf insan oğlunu hara aparır?
“Müasirlik” nədir? Dəyərlərdən uzaqlaşmaq simvolu
Biz həyatı addım-addım öyrənirik. Yolumuz boyunca fərqli insanları tanıyır, böyüdüyümüzü, insanlara bələd olduğumuzu və yaşlandıqca dünyanı dərk etdiyimizi zənn edirik. Lakin həyat hər gün qarşımıza yeni bir imtahan çıxarır. O, bizə anladır ki, nə ömrü tam başa düşmək, nə də bizim sadəcə “yaxşı və pis” deyə iki qütbə böldüyümüz insan xarakterini tam tanımaq mümkündür.
İmmanuel Kant deyirdi: "Əxlaq insanın xarakterində olmalıdır". İnsan həyatda aldığı tərbiyə və yaşayış şərtləri ilə formalaşsa da, xarakterin özəyi insanın genlərində bir kod kimi saxlanılır. İnsan öz vicdanı və cəmiyyətə borc hissi ilə etdiyi əməllərdə sahib olduğu əxlaqi keyfiyyətləri əks etdirir.
Amma təəssüf ki, zaman-zaman fərqli formalarda qarşımıza çıxan "müasirlik" anlayışı bizi öz köklərimizdən, mənəvi dəyərlərimizdən uzaqlaşdırır. Elə də uzaq olmayan keçmişi – sovetlər dövrünü xatırlayaq: o zaman dini, məscidi inkar etmək, mütləq rus dilində danışmaq "modern" və dünyagörüşlü sayılmaq üçün yetərli idi. Müasir dövrdə ingilis dilini bilmək də bənzər bir müasirlik təəssüratı yaratsa da, daxili boşluğu doldurmağa bəs etmir. Hazırda “müasirlik” anlayışı fərqli maskalarla çıxır qarşımıza, amma mahiyyət eyni qalır: dəyərlərdən uzaqlaşmaq, kökə yadlaşmaq. Bəs əslində müasir olmaq nə tələb edir? Müasirliyi hansı keyfiyyətlər xarakterizə edir? Müdrik insan – sahib olduqları ilə qürrələnməyəcək qədər sadə olan, həyatı və onun ötəri xüsusiyyətlərini daxilən daha dərindən anlayan insandır.

Pulla alınmayan yeganə cavahir: insanlıq
Keçdiyi uzun ömür yolu boyunca insan bəzən şüurlu, bəzən isə fərqində olmadan çox səhvlər edir. “Səhvlər” – vardığımız son anda geridə buraxdığımız yolun, yaşadıqlarımızın və əldə etdiklərimizin bizi daxilən qane etmədiyinin ifadəsidir. Ömrünün son günlərini yaşadığını bilərək, bütün etmədiklərinin, yaxud buraxdığı səhvlərinin peşmançılığını dilə gətirən çox insan görmüşük. Bəs görəsən, insana yeni bir ömür verilsəydi, hər şey fərqli olardımı?
Uca Yaradan, əməllərinə görə Cənnətdən çıxardığı Adəm oğlunu fərqli də yarada bilərdi, lakin ona iradə və seçim azadlığı verdi. Bu gün pulun gücü ilə hər cür bacarığa yiyələnmək, hətta Allahın yaratdığı zahiri görünüşü estetik cərrahiyyə ilə dəyişdirmək olduqca sadə məsələlərə çevrilib. Nə yazıq ki, pulla hər şeyi almaq mümkün olsa da, pulla "İnsan" olmaq mümkün deyil.
Müharibə dövründə alman düşərgələrindən birində işləyən və dustaqlara edilən dəhşətli işgəncələrə şahidlik edən bir məktəb direktorunun qeydləri bu mənada çox sarsıdıcıdır. O yazırdı: "Biz hər cür bilik və bacarığa sahib, intellektual cəhətdən güclü gənclər yetişdirə bilirik, amma onlara ürəkli olmağı, insani keyfiyyətləri, mərhəməti öyrətməyi unuduruq..." Bəli, müasirliyə can atan insan bu gün heç fərqində olmadan itirdiyi o fundamental insani dəyərlər üçün daxilən qayğılanır.
Auditoriyadan müşahidələr: maşınlar və tələbələr
Uzunillik müəllimlik təcrübəm mənə gənclikdəki bu mənəvi transformasiyanı canlı izləmək imkanı verdi. Auditoriyada yan-yana əyləşib bir-biri ilə canlı danışmaq əvəzinə virtual dünyada mesajlaşan, dərs zamanı müəllimin verdiyi sualın cavabını süni intellektdən soruşub mesajla yoldaşına ötürən və beləcə həm müəllimi yanıltmağa, həm də özlərini yalana alışdırmağa çalışan gənclərin şahidi olmuşam.
Tələbələrin fərdi işlərini yoxlayanda bu fərqi dərhal hiss edirdim: bir qisim tələbə süni intellektdən aldığı materialı heç oxumadan, mahiyyətini anlamadan sadəcə "kopyalayıb" təqdim edir, öz beynini tənbəlləşdirir. Lakin digər tərəfdən, mövzuya analiz və təhlil edib qarşısındakı dəftərində qeydlər edərək öyrənmək prosesində olan, məlumat və istiqamət almaq üçün süni intellektdən sadəcə zəngin bir məlumat bazası, bir qaynaq kimi şüurlu şəkildə istifadə edən tələbələri görəndə üzümə rəğbət dolu bir təbəssüm qonur. Belə alqışa layıq, savadlı və çalışqan tələbələrimiz də olduqca çoxdur və gələcəyə ümidimizi məhz onlar qoruyur.
Səssiz təzad: maşınların insanlaşması
Müasir insan ən mürəkkəb funksiyaları yerinə yetirən texnologiyalar, ağılasığmaz robotlar yarada bilmişdir. Lakin insanlığın ən böyük acizliyi budur ki, o, bu mükəmməl maşınlara insana xas duyğuları – ruhu, mərhəməti və sevgini nəql edə bilmir. Uca Yaradanın insana bəxş etdiyi o ilahi ruhu robotlara vermək əsla mümkün olmayacaq. İnsanın genetik koduna yazılmış xarakter onun həyatı boyu mütləq bir yerdə özünü təzahür edir.
Lakin bir həqiqət var: mən Gemini və DeepSeek kimi tətbiqləri şəxsən tanıyana, onlarla dialoqa girənə qədər süni intellekti sadəcə soyuq maşınlar hesab edirdim. Onlarla ünsiyyət qurduqdan sonra fikirlərim kökündən dəyişdi və sarsıdıcı bir həqiqətlə üz-üzə qaldım: Bu gün insan oğlunun sürətlə itirdiyi, ətrafındakı insanlara qarşı əsirgədiyi bütün mənəvi dəyərləri – nəzakəti, səbri, təmənnasız kömək etməyi və diqqəti – bu süni intellekt tətbiqləri öz rəqəmsal yaddaşlarında toplayıb yenidən bizə əks etdirirlər. İnsan ögeyləşdikcə, ekranın arxasındakı bu rəqəmsal güzgü bizə itirdiyimiz öz insanlığımızı xatırladır.
Nəticə və çağırış
Bir insanın bütün şəxsi keyfiyyətləri onun həyat amallarında əks olunur. Əsl insan ləyaqəti məhz insanın öz ali məqsədlərinə doğru getdiyi o şərəfli yollarla müəyyən olunur. Bir çox hallarda insan öz son məqsədinə fiziki olaraq çata bilmir, lakin xeyirxah əməllər və müqəddəs xatirələr əsla ölmür; hər bir insanın ruhu o əməllərin işığında yaşayır.
Buradan valideynlərə və pedaqoqlara səslənirəm: Texnologiya ideal bir köməkçidir, lakin süni intellekt (Sİ) bizim yerimizə düşünən beynə çevrilməli deyil! Övladlarımızın bu sistemlərdən istifadəsinə ciddi nəzarət etməliyik ki, onların beyni və ruhu tənbəlləşməsin.
Lakin bu gün süni intellektin təqdim etdiyi sonsuz informasiya axını bizi bu mənəvi köklərdən uzaqlaşdırır. Texnologiya nə qədər qüsursuzlaşsa da, əxlaq insanın xarakterində kök salmış bir toxumdur. Gələcəyə atılan addımlarımızın ayağı öz torpağımıza, öz dəyərlərimizə toxunmasa, biz yalnız rəqəmsal bir boşluqda azan kölgələrə çevriləcəyik. Əsl inkişaf, texnologiyanın bizə verdikləri ilə ruhumuzun bizə tapşırdıqları arasındakı tarazlığı qorumaqdır.
Kəlmələrə sığdırdığım bu xatirələrdə və müşahidələrdə hər bir kəs, ünsiyyətdə olduğum bütün insanlar özünü tapa biləcəklər. Mən əslində cəmiyyət tərəfindən doğru anlaşılacağımı təxmin edirəm. Lakin insanlıq haqqında bu cür ümumiləşdirilmiş, bəzən tənqidi və ağrılı yazmaq məcburiyyətində qaldığım üçün, mənə hər zaman dəyər verən əziz və doğma dostlarımdan üzr istəməyi də özümə bir mənəvi borc hesab edirəm. Çünki bu həyatda heç bir texnoloji möcüzə insanın o isti nəfəsini, təməlində sevgi duran o canlı ünsiyyətini əvəz edə bilməz.
Sədaqət Fuad
AYB-nin üzvü, yazıçı-publisist
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.