EN

"Bunlar sadəcə xəyaldır": BƏƏ İranın ərazisini mənimsəməsinə reaksiya verib

Bu yaxınlarda yaradılmış "Fars körfəzi boğazı idarəsi" xəritədə BƏƏ ərazisinin bir hissəsini öz nəzarət zonası kimi göstərib. Əbu-Dabi isə buna kəskin cavab verib...

Poliqon xəbər verir ki, bu barədə Hurriyet Daily News yazır.

Hörmüz boğazına nəzarət edən yeni İran qurumu nəzarət zonasının BƏƏ sularına qədər uzandığını bəyan edib. Bu isə Körfəz regionundakı qonşu ölkənin sərt reaksiyasına səbəb olub.

Nəşr qeyd edir ki, qlobal dəniz nəqliyyatı üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçilik 28 fevralda İranın İsrail və ABŞ ilə müharibəyə başlamasından sonra Tehran tərəfindən nəzarət altına alınıb.

Müharibənin əvvəlindən boğazı bloklayan və gəmilərdən keçid haqqı alan İran bildirir ki, bütün gəmilər onun silahlı qüvvələrindən icazə almalıdır.

Məqalədə deyilir ki, yaxın zamanda yaradılmış "Fars körfəzi boğazı idarəsi" çərşənbə günü X sosial şəbəkəsində xəritə ilə müşayiət olunan paylaşım edərək boğaz üzərində "idarəetmə üzrə normativ yurisdiksiyanı" müəyyən etdiyini açıqlayıb.

Bildirilib ki, bu zona İrandakı Kuh-e Mubarakdan BƏƏ-dəki Füceyrənin cənubuna qədər uzanan xəttdən və İranın Keşm adası ilə BƏƏ-nin Umm əl-Küveyn əmirliyini birləşdirən xəttə qədər olan ərazini əhatə edir.

Paylaşımda həmçinin qeyd olunub ki, Hörmüz boğazından keçmək məqsədilə bu ərazidən tranzit keçid etmək üçün Fars körfəzi boğazı idarəsi ilə koordinasiya və onun icazəsi tələb olunur.

Xatırladılıb ki, BƏƏ-nin Füceyrə limanında Hörmüz boğazını yan keçmək üçün nəzərdə tutulmuş mühüm neft infrastrukturu yerləşir. Mayın 21-də BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş İranın bəyanatını kəskin tənqid edib.

"Rejim açıq hərbi məğlubiyyət fonunda yeni reallıq yaratmağa çalışır. Lakin Hörmüz boğazına nəzarət etmək və ya BƏƏ-nin dəniz suverenliyini pozmaq cəhdləri sadəcə xəyallardır", deyə Qarqaş X hesabında yazıb.

Məqalədə qeyd olunur ki, İran ilə BƏƏ arasında münasibətlər müharibədən sonra ciddi şəkildə pisləşib. Tehran ABŞ və İsrail hücumlarına cavab olaraq Körfəz ölkələrinə raket və pilotsuz aparat zərbələri endirib. Ötən həftə İran BƏƏ-ni müharibədə fəal iştirak etməkdə ittiham edib, lakin Əbu-Dabi bunu rədd edib.

BƏƏ həmçinin İranın boğaza nəzarətinə qəti şəkildə qarşı çıxaraq gəmiçilik azadlığının təmin edilməsi üçün birgə tədbirlərə çağırıb.

Bundan əlavə, mayın 15-də BƏƏ Hörmüz boğazını yan keçən və Füceyrə limanından keçən yeni neft kəmərinin tikintisini sürətləndirəcəyini elan edib.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources